Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq
Bizi izləyin

Bakı 2015

Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

Bakı 2015 Avropa Oyunları artıq daha geniş miqyasda yayımlanacaq. Belə ki, Birinci Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada nümayiş etdirilməsi məqsədilə, bu gün dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.

Publika.az-a daxil olan məlumata görə, Rio 2016 Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş “America Movil” şirkəti Bakı 2015 Avropa Oyunlarını filialı vasitəsilə, Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikası boyunca bütün media platformalarında yayımlamaq üçün hüquq əldə edib.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: “Məqsədimiz Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdir və bu istiqamətdə növbəti önəmli addım atıldı. Soçi 2014 Qış Olimpiya Oyunlarının geniş şəkildə yayımını həyata keçirdikdən sonra, Rio 2016 Yay Olimpiya Oyunlarının yayımı üçün də eksklüziv hüquqlar əldə edən “America Movil” şirkətinin idman tədbirlərinin yayımlanmasında təcrübəsi var.

Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdir. Beləliklə, “America Movil” şirkətinin belə mötəbər tədbirin yayımını həyata keçirməsi üçün birgə tərəfdaşlıq imkanı yaranır.

Bununla da, Latın Amerikası Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı ABŞ və Kanada, Hindistan, Çin, Avstraliya, Körfəz ölkələri və Avropanın sırasına qoşulur.

Claro Sports-un baş meneceri cənab Xose Antonio Abumrad əməkdaşlıqla bağlı bunları bildirdi: “Bakı 2015 ilə Avropa Oyunlarının Latın Amerikasında yayımlanmasını təmin edəcək müqavilənin imzalandığını elan etməkdən böyük məmnunluq hissi duyuruq. Bu regionun izləyiciləri mötəbər idman tədbirlərinə böyük maraq göstərirlər və biz, bu cür önəmli tədbiri işıqlandıracağımız üçün çox məmnunuq. Latın Amerikalı tamaşaçıların Bakıda baş tutan bu tədbiri izləyərək zövq alacaqlarına şübhəm yoxdur“.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm