• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Daha bir jurnal Avropa Oyunlarına yer ayırdı

Daha bir jurnal Avropa Oyunlarına yer ayırdı

Mərkəzi İstanbulda yerləşən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) Türkiyədə türk, ingilis və rus dillərində nəşr etdirdiyi və Xəzər regionu üçün əhəmiyyətli mövzuları, məlumatları oxucuların diqqətinə çatdıran “Hazar World” jurnalının may nömrəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs olunub.

Publika.az xəbər verir ki, jurnalda dərc edilən “Bakı 2015 İlk Avropa Oyunlarına geriyə sayım başladı” sərlövhəli məqalədə bu mötəbər idman yarışı barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi ilə başlayan qitə miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmə ənənəsi bu il ilk dəfə keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları ilə davam edir. Məlumat verilir ki, mart və aprel aylarında keçirilən hazırlıq yarışları ilə Oyunların təşkil ediləcəyi idman obyektlərinin hamısı hazır vəziyyətə gətirilib. İyunun 12-də başlayacaq və 17 gün davam edəcək “Bakı 2015”-də 50 Avropa ölkəsindən 6 mindən artıq idmançı ümumilikdə 20 idman növü üzrə yarışacaq.

Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə də yer verilib: “Bakı 2015 Birinci Avropa Oyunları qitə miqyaslı idman yarışı olmasına baxmayaraq, biz bu Oyunları beynəlxalq səviyyədə təşkil etməliyik və buna hazırıq”.

Yazıda qeyd edilir ki, birinci Avropa Oyunları Azərbaycanın nəinki qitədə, o cümlədən bütün dünyada tanıdılması üçün olduqca əhəmiyyətlidir. Oyunların televiziya ilə dünya miqyasında yayımlanması ilə yanaşı, minlərlə əcnəbinin Bakıya tamaşaçı olaraq getməsi də Azərbaycanın tanıdılmasına öz töhfəsini verəcək.

Məqalədə Avropa Oyunlarının 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Romada təşkil edilən Baş Assambleyasında ilk dəfə Bakıda keçirilməsi haqqında qərarının qəbul olunduğu barədə məlumat verilib. Həmçinin “Bakı 2015”-in rəsmi rəmzləri - ceyran və nar haqqında da söhbət açılıb.

10 min nüsxə tirajla nəşr olunan “Hazar World” jurnalının Azərbaycana 1000-dən çox nüsxəsi göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR