Bakı 2015-ə doğru: “Dəri əlcəklilər” “qızıla” necə vərdiş etdilər?
Bizi izləyin

Bakı 2015

Bakı 2015-ə doğru: “Dəri əlcəklilər” “qızıla” necə vərdiş etdilər?

Ən qədim döyüş növlərindən biri də boksdur. Boksda ani bir səhlənkarlıq ciddi xəsarətə də yola aça bilər. Amma müasir boks nisbətən bu cür ani zədələrin, ölümlə nəticələnə biləcək xəsarətlərin qarşısını almaq üçün təkmilləşdirilib. İdman dünyasında ən böyük azarkeş kütləsinə malik idmanlardan biridir boks. Meydanda güc və aqressiya tələb edən bu idman növü həm peşəkar, həm də həvəskarlar arasında inkişaf etdirilir. Olimpiya proqramında xüsusi yeri olan həvəskar boks I Avropa Oyunlarına da salınıb.

Publika.az İlk Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı rubrikanı boksla davam etdirir.

Məşhur riyaziyyatçı və filosof olimpiya çempionu imiş?

Əvvəldə də vurğuladıq ki, boks qədim tarixə malik idman növüdür. Qədim dövrlərdə həm Şərqdə, həm də Qərbdə demək olar ki, eyni vaxtda yumruq davası yarandığı üçün indiyə qədər bir çox millətlər boksun məhz onların ölkələrində yarandığını söyləyir və mübahisə edirlər.

Bəzi mənbələrdə bildirilir ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayan bu idman növü hələ beş min il bundan əvvəl Misir və Babilistanda mövcud olan yumruq döyüşü əsasında inkişaf edir. Müasir boksa bənzəyən yumruq döyüşləri qədim Yunanıstanda da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boks antik Olimpiya Oyunlarının proqramına daxil edilir.

İlk olimpiya çempionu adına yunanıstanlı Onamastus layiq görülür. İddialara görə, məşhur riyaziyyatçı və filosof Pifaqor da boks üzrə antik Olimpiya oyunlarının qaliblərindəndir.

Müasirləşən döyüşçülər

Müasir boksun vәtәni isә İngiltәrә sayılır. Məhz burada 18­-ci әsrin sonunda mәşhur qılıncoynatma idmançısı Ceyms Fiqq akademiya açıb uşaqları boksla tanış edir. 19-­cu әsrin 60-­ci illәrindә isә ilk boks qaydalarını tәrtib olunur. Bundan sonra bu idman növündə yarışlar təşkil olunur, insanların diqqətini cəlb edə bilmək üçün isə müəyyən şoularla bəzədilir.

İlk turnir dә İngiltәrәdә 1867-­ci ildә keçirilir. Artıq döyüş raundlara bölünməyə başlayır. Raundlararası qısa fasilələrdə idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırır.

Boks ilk dәfә III Olimpiya oyunlarının proqramına salınır. Belə ki, boksçular 1904­-cü ildә Amerikanın Sent-­Luis şәhәrindә keçirilәn müasir Olimpiya oyunlarında iştirak edir.

Döyüşdәn qabaq boksçular bilәklәrini xüsusi tәnziflә möhkәm sarıyır vә әllәrinә içi tüklә doldurulmuş әlcәk geyinirlәr. Әlcәklәrin ağırlığı 250-­300 qramdır. Yarışlarda yalnız eyni çәki dәrәcәsindәn olan boksçular görüşürlәr. Әn yüngül çәki dәrәcәsindәn (48 kiloqrama qәdәr) ağır çәki dәrәcәsinә (81 kiloqramdan yuxarı) kimi 11 dәrәcә mövcuddur. İllәr keçdikdәn sonra boks yarışlarında qaydalar dәyişir. İdmançıların tәhlükәsizliyi üçün onlar xüsusi dәbilqә geyinirlәr. Әvvәllәr rinqin dörd bir tәrәfindә oturmuş hakimlәr endirilәn hәr bir sәrrast zәrbә üçün oyunçuya xal yazırdılar. İndi isә hakimlәr xal yazmaq әvәzinә, xüsusi kompyuterin klavişini basırlar. Görüşdә bәzәn boksçu nokautla qәlәbә qazanır, onun vurduğu zәrbәdәn rәqibi yıxılır vә daha döyüşü davam etdirә bilmir.

Zərbələrin çəkisi – Tayson, yoxsa Məhəmməd Əli?

Bir çox boks ulduzlarının zərbəsinin çəkisi də ölçülür. Bunun üçün boksçu xüsusi cihazın dәri örtüyünә zәrbә endirir. Bu vaxt yay sıxılır, cihazın әqrәbi isә yayı sıxan qüvvәni göstәrir. Boksla mәşğul olmayan sağlam adamın zәrbәsinin ağırlığı 60-­80 kiloqramdır. Məlumatlara görə, adlı-­sanlı boksçuların zәrbәsi isә 300-­350 kiloqramdır.

Zərbəsinin çəkisi 1 tona yaxın olan tək boksçu Mayk Taysondur. Məhəmməd Əli və Corc Formen kimi boksçuların zərbələri 500-550 kq olub.

Medallar qazanmağa vərdiş etmiş federasiya

Azәrbaycanda da boks geniş yayılıb. Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. Respublikamızın әn mәşhur boksçusu SSRİ әmәkdar idman ustası vә SSRİ әmәkdar mәşqçisi, ümumittifaq vә beynәlxalq dәrәcәli hakim Abbas Ağalarovdur. Azərbaycan boksunun banilərindən sayılır. O, 1928-ci ildə Vladimir Tolstoyla birgə ümumdünya fəhlə olimpiadasında iştirak edib. Sonrakı illərdə Abbas Ağalarov dəfələrlə SSRİ milli komandasının heyətində müxtəlif beynəlxalq turnirlərdə iştirak edib. Ağalarov 1936-cı ildə Azərbaycan boksçuları arasında SSRİ idman ustası adını qazanan ilk idmançıdır (1936-cı il).

1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilir. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edir və qalib olurlar. 1929-cu ildə Azərbaycan - Türkiyə beynəlxalq görüşü keçirilir.

1972-ci ildən hər il Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilir. SSRİ dövründə nailiyyətlərimiz olsa da, boksdakı əsas uğurlarımız məhz müstəqillik illərinə təsadüf edir.

Azərbaycan Boks Federasiyası 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub.

2009-cu il yanvarın 23-də Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilir. Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yekdilliklə federasiyanın prezidenti seçilir. Konfransda Ağacan Əbiyev federasiyanın I vitse-prezidenti, Süleyman Mikayılov və Rövşən Hüseynov isə vitse-prezident təyin olunurlar.

Bundan sonra idmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında çıxış etməyə başladılar. İlk uğur isə gənclərin yarışında əldə olundu. 1992-ci ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində superağır çəkidə mərhum Ədalət Məmmədov bütün rəqiblərini məğlub edərək, qızıl medala layiq görüldü.

1993-cü il də Azərbaycan boksçuları üçün uğurlu olur. 17 yaşlı Rövşən Hüseynov həm gənclər, həm də böyüklər arasında təşkil olunmuş qitə çempionatının qalibi adını qazanır. Rövşən Hüseynov bir il sonra Banqkokda keçirilən Dünya Kubokunda 51 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olur. Yarışın ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafat Tayland kralı tərəfindən həmyerlimizə təqdim edilir.

Olimpiya oyunlarında boksçularımızın ilk uğuru 2000-ci ildə keçirilmiş Sidney olimpiadasına təsadüf edir. Planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Ələkbərov bürünc medala layiq görülür.

Medallar qazanmağa vərdiş etmiş federasiyanın demək olar ki, hər il uğurları davam etdirir. 2003-cü ildə Banqkokda təşkil olunmuş dünya çempionatı boksçularımız üçün uğurlu oldu. 54 kq çəki dərəcəsində Ağası Məmmədov bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

2004-cü il Afina Olimpiadasından da boksçularımız medalla dönür. 51 kq çəki dərəcəsində Fuad Aslanov, 54 kq-da isə Ağası Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxırlar.

London Yay Olimpiadası da boksçularımız üçün uğurlu keçib. Ağır çəkidə Teymur Məmmədov (91) və super ağır çəkidə (91+) Məhəmmədrəsul Məcidov bürünc medallar qazanaraq ölkəmizə sevinc bəxş ediblər.

Dəri əlcək ustaları üçün 15 dəst medal

Dəri əlcək ustalarımız İlk Avropa Oyunlarında qələbəyə ciddi hazırlaşırlar. Onların hazırda əsas məqsədi I Avropa Oyunlarında üçrəngli bayrağımızı qaldırmaq və himnimizi səsləndirib tarixə adlarını yazdırmaqdır. Boks yarışları 296 atletin mübarizəsi şəraitində 12 gün ərzində davam edəcək. Yekunda 15 dəst medal öz sahibini tapacaq. Yarışlar 3400 nəfərlik tutumu olan Bakı Kristal Zalında keçiriləcək.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri

Gimnastika, Stolüstü Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə,

Velosiped idmanı, Basketbol 3x3, Çimərlik futbolu, Karate, Taekvondo,

Güləş, Kamandan oxatma, Su İdman Növləri, Voleybol (zal və çimərlik), Cüdo, Sambo.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm