Məşəl bu gün Ucar və Göyçaya aparılacaq
Bizi izləyin

Bakı 2015

Məşəl bu gün Ucar və Göyçaya aparılacaq

Şəhər və rayonlarımızı dolaşan I Avropa Oyunlarının məşəlinin növbəti məkanı Ucardır.

Publika.az xəbər verir ki, 84000 nəfər əhalisi olan bölgədə ənənəyə uyğun olaraq məşəl estafeti olacaq. Məşəl estafeti bu gün 14:00-da baş tutacaq. Qarşılama mərasimi saat 15:00-da Heydər Əliyev meydanında, tədbirin yekunlaşdırılması isə saat 15:30-da olacaq.

Məşəl estafeti daha sonra Göyçayda davam edəcək. 115500 nəfərlik əhalisi olan narın mərkəzində saat 17:00-də məşəl estafeti, 18:00-da Heydər Əliyev parkında alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 18:30-da olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm