Teatrlarımız Avropa Oyunlarında nə göstərəcək?
Bizi izləyin

Bakı 2015

Teatrlarımız Avropa Oyunlarında nə göstərəcək?

Ölkəmizin ev sahibliyi edəcəyi daha bir möhtəşəm tədbirin, “Bakı-2015” ilk Avropa Oyunlarına artıq sayılı günlər qalıb.

Mədəniyyət ocaqları da bu böyük tədbirə hazırlaşır. Paytaxtın teatrları 50-dək ölkədən gələcək qonaqlar üçün maraqlı repertuar tərtib edib.

Publika.az Avropa Oyunları ilə bağlı teatrların yeniliklərini təqdim edir.

Avropa Oyunları müddətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındakı ən məşhur nümunələr səhnəyə çıxarılacaq. Tamaşaların libretto mətnləri ingilis dilinə tərcümədə təqdim olunacaq. Bundan başqa, proqram və afişalar Azərbaycan, rus və ingilis dillərində çap ediləcək.

Qonaqlar “Leyli və Məcnun”, “Trubadur”, “Traviata” operalarını və “Yeddi gözəl”, “Min bir gecə” kimi məşhur balet nümunələrimizi izləyə biləcəklər. Teatrın rəhbərliyi bu səhnə əsərlərinin bəzilərində aparıcı partiyaların ifası üçün məşhur opera və balet artistlərini dəvət edib.

Fərəc Qarayevin “Qobustan kölgələri” baleti iyunun 17-də Qobustanda açıq səma altında da nümayiş etdiriləcək.

Akademik Milli Dram Teatrı həmin günlərdə artıq tamaşaçı rəğbəti qazanan səhnə əsərlərinə üstünlük verəcək.


Dövlət Musiqili Teatrı da Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Publika.az-a bildirib ki, iyun ayında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur: “Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların gələcəyini nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Həmin nümunələr ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımız üçün nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Biz bu günlərdə artıq bu təcrübədən istifadə etmişik”.

Dövlət Rus Dram Teatrının məlum tədbir müddətindəki repertuarı da zəngindir. “Karamazov qardaşları”, “Maskarad”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Yeddi gözəl”, “Yay gecəsində yuxu”, “Büllur sarayda” kimi tamaşalar nümayiş olunacaq.

Gənc Tamaşaçılar Teatrında iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından da klassik örnəklər– “Müsyö Jordan və dərviş Məstəli şah”, “Pəri cadu”, “Şeyx Sənan” kimi sanballı səhnə əsərləri təqdim ediləcək.

Azərbaycan Dövlət Kukla Teatrı klassik və müasir əsərlərin əsasında hazırlanmış tamaşalarla qonaqların və tamaşaçıların xidmətində olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm