Berlində I Avropa Oyunlarına həsr olunmuş sərgi açılıb - FOTO
Bizi izləyin

Bakı 2015

Berlində I Avropa Oyunlarına həsr olunmuş sərgi açılıb - FOTO

Berlinin tarixi “Kunztschule” qallereyasında Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya Nümayəndiliyinin təşkilatçılığı ilə “Azərbaycan -İdman foto obyektivdə” (ASİF) sərgisinin açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbir idman həmrəyliyinə və 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilib. Altmış beş foto şəkillərdən ibarət olan sərgi daha öncə London, Nitsa və Masstrixt kimi Avropa şəhərlərində nümayiş etdirilib. Iki yüz əllidən çox qonağın iştirak etdiyi sərgidə Almaniyanın ictimai-siyasi xadimləri, parlamentarilər, incəsənət xadimləri, media təmsilçiləri, Azərbaycan diasporasının fəalları, həmçinin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov da iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Avropa Azərbaycana Cəmiyyətinin Almaniya Nümayəndəliyinin rəhbəri Şahin Nemati-Nasab bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın idman həyatında tarixi hadisə olacaqdır. Azərbaycan kimi gənc və dinamik inkişaf edən ölkə üçün bu səviyyədə mötəbər idman yarışını təşkil etmək böyük bir fürsətdir.

Tanınmış almaniyalı fotoqraf və ASİF foto müsabiqəsinin münsiflər heyətinin üzvü Filip Ratmer “Azərbaycan – İdman foto obyektivdə” müsabiqəsinin təşkili və eyni adlı sərginin Avropanın müxtəlif şəhərlərində keçirilməsi avropalılara Azərbaycanın idman irsi ilə tanış olmağa gözəl şərait yaratdığını deyib.

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan – İdman foto obyektivdə” adlı foto müsabiqənin nəticələri həmin ilin dekabrın əvvəlində elan olunub. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edib.

Beləlilklə, I yeri azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə Doğru”, II yeri fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema – Rio de Janeyro”, III yeri isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun Təlimat” adlı fotoşəkilləri layiq görülüb.

Məlumat üçün bildirək ki, münsiflər heyətinin tərkibində tanınmış amerikalı fotojurnalist, “VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların foto portretlərinin müəllifi kimi ad qazanmış almaniyalı fotoqraf Filip Ratmer və bir çox beynəlxalq mükafatların laureatı azərbaycanlı fotoqraf Əğdes Bağırzadə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm