Təyyar Bayramov: “Avropanın gözü Azərbaycana dikiləcək, hər kəs ölkəmizdən danışacaq”
Bizi izləyin

Bakı 2015

Təyyar Bayramov: “Avropanın gözü Azərbaycana dikiləcək, hər kəs ölkəmizdən danışacaq”

Əməkdar artist, tanınmış muğam ifaçısı Təyyar Bayramov Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarını beynəlxalq bayram kimi dəyərləndirib.

Publika.az-a danışan xanəndə ilk dəfə olaraq keçirilən tədbirin tarixə qızıl hərflərlə yazılacağını deyib:

“Ölkəmizdə Avropa Oyunlarının keçirilməsi həm dövlətimiz, həm də xalqımız üçün çox böyük hadisədir. Ona görə də, yarışların başlayacağı günü səbirsizliklə gözləyirəm. Bu bir ilkdir. Təbii ki, yarışların davamı da olacaq. Bundan sonra başqa ölkələrdə də keçiriləcək. Lakin bu bir həqiqətdir ki, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, Azərbaycanın adı oyunların ilk dəfə keçirildiyi ölkə olaraq daim xatırlanacaq. İyun ayında Avropanın gözü Azərbaycana dikiləcək, hər kəs ölkəmizdən danışacaq. Təbii ki, bu hadisənin mahiyyəti, sadəcə, idman yarışı olması ilə məhdudlaşmır. Yarışların keçirildiyi günlərdə şəhərimiz əcnəbi qonaqlarla dolub-daşacaq. Həmin günlərdə biz öz mədəniyyətimizi, musiqimizi, mətbəximizi, folklorumuzu, tariximizi nümayiş etdirəcəyik. Əcnəbilər milli mətbəximizdən dadıb, musiqimizi dinləyib, insanlarla ünsiyyətdə olacaq, tarixi yerlərimizi ziyarət edəcəklər. Həmin adamlar təbii ki, gəzib, gördükləri yerlər, qarşılaşdıqları insanlar haqqında təəssüratlarını bölüşəcəklər. Azərbaycanın necə gözəl ölkə, xalqın nə qədər qonaqpərvər, sülhsevər olduğunu, gözəl təbiəti ilə göz oxşadığını deyəcəklər”.

İdmançılara uğur arzulayan xanəndə yarışları yaxından izləyəcəyini bildirib:

“Mənim də sevdiyim idman növləri var, özüm də vaxtilə uzun müddət Dinamo cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olmuşam. Əli Əliyevin tələbəsi idim. İdmançı dostlarım da çoxdur. Güləş yaraşlarını hər zaman izləmişəm. İnşallah, Avropa Oyunları zamanı da güləş yarışlarına azarkeşlik edəcəyəm. Bütün həmvətənlərimi Avropa Oyunlarını daha yaxından izləməyə çağırıram”.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm