Gülüstan Əliyeva: “Gəlin idmançılarımıza dəstək olaq” - MÜSAHİBƏ
Bizi izləyin

Bakı 2015

Gülüstan Əliyeva: “Gəlin idmançılarımıza dəstək olaq” - MÜSAHİBƏ

“Bakı-2015” Birinci Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Prosesi çox maraqla izlədiyini söyləyən əməkdar artist Gülüstan Əliyeva Publika.az-a müsahibəsində Birinci Avropa Oyunları ilə bağlı öz hazırlıqlarından danışıb:

- Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə münasibətiniz necədir?

- Yadımdadır ki, bir vaxtlar yolların yararsız olmasından, təmirə bağlanmasından çox narahat idik. Fikirləşirdik ki, bu yollar, şəhərimiz nə vaxt abadlaşacaq? İndi nəinki yollar abadlaşıb, bütün şəhər gözəlləşib. Görülən işlər göz önündədir. Evimizi bəzəyib-düzəyib qonaq gözləyirik. Şəhərimiz də tam hazır dayanıb öz qonaqlarını gözləyir. Ona görə də belə tədbirlər hər birimizin, şəhərimizin sakinlərinin ürəyindəndir. Axı hər birimiz sahib olduğumuz gözəllikləri hamının görməyini arzulayırıq. Evimiz gözəl olanda qonağı da ürəkaçıqlığı ilə qəbul edirik. Bakı da hər birimizin ümumi evidir. Burada nəinki qonaq qarşılamaq, mütəmadi olaraq böyük yarışlara ev sahibliyi etmək hər vətəndaşın, hər bir Bakı sakininin arzusu, istəyidir.

- Gedən hazırlıqları izləyirsinizmi?

- Necə izləməyə bilərəm? Az qala həyata keçirilən hər addımın canlı şahidiyik. Yollarda olan hərəkət xətləri, yol nişanları təzələnir, mədəni istirahət yerlərinin sayı artır, xidmət sahələrinə nəzarət güclənir, çoxlu abadlıq işləri aparılır, şəhərdə səliqə-səhman yaradılır. Bir sözlə, həm yarışlarda iştirak edənlər, həm də onu izləməyə gələn qonaqlar üçün hər şərait yaradılır. Amma qurulan nizam onlar gedəndən sonra da davam edəcək. Heç kəs bu gözəlliyi özü ilə götürüb aparmayacaq. Demək, bütün bunlar bizim üçündür.

- Avropa Oyunlarını izləməyə gedəcəksiniz?

- Əlbəttə, iştirak edəcəyəm. Bu bir tarixdir. Özü də təkcə Azərbaycan yox, dünya tarixidir. Və bu dünya tarixi Azərbaycanımızdan başlayır. Bu tarixi mütləq öz gözlərimlə görüb yaşamaq istəyirəm! Bütün oxucularınıza da səslənib deyirəm ki, gəlin bu tarixi birlikdə yaşayaq. Təkcə açılış mərasimini deyil, bütün oyunları izləyib idmançılarımıza dəstək olmaq lazımdır. Onların bizim dəstəyimizə ehtiyacı var. Belə vaxtlarda bir yumruq olmalıyıq. Azərbaycan tarixən pəhləvanlar diyarı olub. Bizim kişilərimiz kimi, xanımlarımız da at belində igidlik edib. Odur ki, gəlin Avropa Oyunlarında idmançılarımıza var gücümüzlə dəstək olaq.

- Sizcə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizə nə verəcək?

- Azərbaycanın adı daha da yüksəklərə qalxacaq. Nüfuzumuz bir az da artacaq. Əvvəllər Azərbaycanda olmuş əcnəbilər çox qısa zaman kəsiyində burada necə böyük dəyişikliklər baş verdiyinin şahidi olacaq. Bu da Azərbaycana nüfuz qazandırmaya bilməz. Azərbaycanın idmana, incəsənətə belə yüksək diqqət ayırması öz müsbət nəticəsini verir. Vacib sahələrin inkişafının dövlət siyasətinin prioritetinə çevrilməsi Azərbaycanı dünyada müstəqil, öz ayaqları üstə dayana bilən, inkişaf etmiş ölkə kimi tanıdacaq.

- Siz özünüz hansı idman növünə maraq göstərirsiniz?

- Orta məktəb illərində həndbolçu olmuşam. Konservatoriyanı oxuduğum illərdə də həndbol komandamız var idi. Həmin komandanın rəhbəri idim. Bu səbəbdən idmana marağım sonradan deyil, məktəb illərindən formalaşıb. Düzdür sona qədər idmançı olmasam da, idmana olan sevgim hələ tükənməyib. Həndbolçu olduğumdan bu idman növünün yarışlarını izləməyi sevirəm. Bundan başqa, bədii gimnastikanı, qadınların üzgüçülük yarışlarını çox sevirəm. Odur ki, Birinci Avropa Oyunları zamanı da məhz bu idman növləri ilə bağlı yarışlara maraq göstərəcəm və mütləq izləyəcəm. Ümumiyyətlə, idmanı sevməmək mümkün deyil. Bütün Azərbaycan gənclərini də idmana səsləyirəm. İdman sağlamlıqdır, pis vərdişlərdən uzaq olmaq deməkdir. İdman edən gənclər sağlam həyat tərzi yaşamaqla yanaşı, sağlam düşüncə tərzinə də malik olur. Bütün gənclərimizi idman etməyə və sağlam olmağa çağırıram.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm