• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

BAKI 2015-ə doğru: İdmanın “kraliça”sı Avropa Oyunlarında – FOTO

BAKI 2015-ə doğru: İdmanın “kraliça”sı Avropa Oyunlarında – FOTO

Atletika dünyanın ən qədim idman yarışları sırasındadır. Yüngül atletika özündə bir neçə idmanı - qaçış idman növlərini, idman yerişini, tullanmalar və atmaları, coxnövçülük və krossu birləşdirir.

Atletika qədim tarixə malik olsa da, müasir dövrdə də ən çox maraq doğuran idman növlərindəndir. Təsadüfi deyil ki, Avropa Oyunlarının da proqramına salınıb. Məhz buna görə Publika.az I Avropa Oyunları proqramına salınan idman növləri ilə bağlı silsilə yazıları Atletika ilə davam etdirir. Yüngül atletika üzrə yarışlar üstüaçıq stadionlarda, qış fəslində isə qapalı stadionlarda (manejlərdə) keçirilir.

Olimpiya oyunları ilə yarandı, inkişaf etdi

Yüngül atletikanın ən qədim növü qaçış yarışlarıdır. Məlumatlara görə, qaçış yarışlarının da tarixi Misirlə bağlıdır. Ancaq ümumilikdə yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsadüf edir.

Atletlər oyunlardan 10 ay əvvəl hazırlanmağa başlar, son ayı da Olimpiya Oyunlarının təşkil edildiyi yerdə keçirərdilər. Müasir yüngül atletika yarışlarıının geniş yayılması və inkişafı da Olimpiya oyunlarının yenidən bərpası və inkişafı ilə eyni dövrə təsadüf edir. Yəni 1896-cı ildə yenidən inkişafa başlanır.

Yüngül atletika üzrə ilk Dünya çempionatı üstüaçıq stadionlarda 1983-cü ildən, qapalı stadionlarda isə 1985-ci ildən keçirilməyə başlayıb. İlk Avropa çempionatı isə üstüaçıq stadionlarda 1934-cü ildən, qapalı stadionlarda isə 1966-cı ildən təşkil olunur.

Dünyada atletikanı idmanın “kraliça”sı adlandırırlar. Mütəxəssislərin fikrincə, bu da istənilən fiziki idman növlərinin əsasında atletikanın dayanması ilə bağlıdır.

“Kraliça”nın Azərbaycan dönəmi

Azərbaycanda atletikanın müəyyən ənənələri də var. SSRİ yığmasının tərkibində birinci olimpiadada qazanılan ilk medallarımızdan biri atletimiz Yuri Konovalova aiddir. Y.Konovalov 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə qaçış üzrə gümüş medala layiq görülür.

Bundan başqa atletlərimiz bir çox uğurlara imza atır, dünya rekordları qırırlar. Ancaq bəzi səbəblər üzündən 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində baş verən siyasi proseslərə görə bu idman növü ölkəmizdə böyük tənəzzülə uğrayır. Bir çox mütəxəssislər Azərbaycanı tərk edib, idmançılar ümumiyyətlə karyerasını başa vurur. Ancaq ölkəmiz müstəqillik qazandıqdan sonra bütün idman növlərində olduğu kimi, atletika da inkişaf etməyə başlayır.

Azərbaycan Atletika Federasiyası 1992-ci ildə yaradılır. Federasiya təsis olunduqdan sonra Asiya Atletika Federasiyasına üzv qəbul olunur. 1990-cı illərin əvvəllərində yüngül atletika Avropada çox güclü inkişaf etdiyi halda, Asiyada təzə-təzə inkişafa başlayır.

1996-cı ildə AAF rəhbərliyinə Çingiz Hüseynzadənin gəlişindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi qaldırılır. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən İAAF-ın konqresində Azərbaycan Atletika Federasiyası Avropa Atletika Assosiasiyasına üzv olur.

AAF-ın rəhbər orqanlarına seçkilər 4 ildə bir dəfə keçirilir. Çingiz Hüseynzadə də elə 1996-cı ildən federasiyadakı rəhbərlik fəaliyyətini davam etdirir.

17 gün sonra...

17 gün sonra Atletika Avropa Oyunlarında bir neçə növdə təmsil olunacaq. Avropa Oyunları Atletikanın 2016-cı il Rio Yay Olimpiya Oyunlarının seçmə yarışlarına aparan yolun bir hissəsi kimi qiymətləndirilir. Bu mötəbər turnirdə atletika yarışları iyunun 21-də başlayıb 22-də başa çatacaq.

Atletika yarışları “Olimpiya” stadionunda baş tutacaq. Bu stadion həm idmançılara, həm də tamaşaçılara dünya səviyyəli yarışlara şahid olmağa imkan verəcək. Atletika yarışlarında iştirak etmək üçün 2015-ci ildə Bakıya ümumilikdə 500 kişi və qadın idmançı gələcək. Oyunlarda atletika yarışları Avropa Çempionatının 3-cü Liqasını əhatə edəcək. Olimpiya idman növlərinin sayına görə bu yenilikçi və maraqlı formata kişilər və qadınlar üçün nəzərdə tutulmuş 40 yarışda mübarizə aparacaq 15-dək milli komanda daxil olacaq. Hər komandanın hər yarış üçün bir idmançısı olacaq. Hər idmançıya xal veriləcək və intensiv yarışın son iki günü ərzində ən çox xal toplayan üç komanda medalla təltif olunacaq.

Qeyd edək ki, Avropa Oyunlarında uğurlu olacağına inanılan azərbaycanlı atletlər də az deyil. Bunlar sırasına üçtəkanla tullanmada Nazim Babayev, 110 metr məsafəyə maneələrlə və 4x100 estafet qaçışındakı təmsilçimiz Rahib Məmmədov kimi idmançılar daxildir.

Bu mötəbər turnirdə atletika aşağıdakı növlərdə təmsil olunacaq:

100 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m, 5000 m, sədlərlə 110 m məsafəyə qaçış, sədlərlə 400 m məsafəyə qaçış, maneələri dəf etməklə 3000 m məsafəyə qaçış, 4x100 m estafet qaçışı, 4x400 m estafet qaçışı, hündürlüyə tullanma, şüvüllə tullanma, uzunluğa tullanma, üçtəkanla tullanma, nüvə itələmə, lövhə atma, çəkic atma, nizə atma.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri:

Gimnastika, Stolüstü Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol 3x3, Çimərlik futbolu, Karate, Taekvondo, Güləş, Kamandan oxatma, Su İdman Növləri, Voleybol (zal və çimərlik), Cüdo, Sambo.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR