Möhlət Müslümov: “Avropa Oyunlarından bütün sahələr öz payını götürəcək”
Bizi izləyin

Bakı 2015

Möhlət Müslümov: “Avropa Oyunlarından bütün sahələr öz payını götürəcək”

“Bakı-2015” Birinci Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Xalq artisti Möhlət Müslümov Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

“Çox böyük bir tədbir ərəfəsindəyik. Azərbaycan bütün dünyaya kimliyini, iqtisadi və siyasi qüdrətini bir daha sübut edəcək. Ölkəmizdə baş verməsinin arzusunda olduğumuz o qədər işlər həyata keçirilir ki, saymaqla qurtarmaz. Bircə onu deməyim kifayətdir ki, muğamımız dünya səviyyəsində şöhrət qazanıb. Bir sözlə, inkişaf, tərəqqi bir sahədə deyil. Ancaq ən çox gözə görünən təbii ki, mədəniyyət və idmandakı hadisələrdir. Avropa oyunları da bu qəbildəndir. Əslində, böyük bir idman hadisəsidir. Ancaq bu hadisədən bütün sahələr öz payını götürəcək. Tədbirin əhəmiyyəti də məhz bundadır. Həmişə belə oyunları televiziyadan izləmişik. İndi isə oyunlara canlı baxmaq, dünya idmançılarını idman meydanından izləmək imkanımız olacaq”.

Odur ki, sənətkar bu oyunları izləmək şansını əlindən vermək fikrində deyil:

“Təbii ki, gedəcəyəm. Sevdiyim oyunları gedib elə meydanda izləyəcəm. Tədbirləri oğlanlarımla birgə izləməkdən qürur hissi keçirirəm”.

Sevdiyi idman növlərindən də danışan xalq artisti su idmanına pərəstişkarlıq edəcəyini vurğulayıb:

“Futbolu çox sevirəm. Futbol olmadığından üzgüçülük yarışlarını izləyəcəyəm. Ancaq bütün idman növlərinə marağım var”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm