• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ziyad Səmədzadə: “Avropa Oyunları üçün 18 bilet almışam” – ÖZƏL

Ziyad Səmədzadə: “Avropa Oyunları üçün 18 bilet almışam” – ÖZƏL

“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan tarixinin ən nadir hadisələrindən biridir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, qədim tarixə malik olan Azərbaycanda idmana maraq hər zaman yüksək olub. Z.Səmədzadə deyib ki, tarix boyu Azərbaycan öz idmançıları ilə tanınıb: “Ancaq indiyədək bu cür möhtəşəm idman tədbiri Azərbaycanda keçirilməmişdi. İlk Avropa Oyunlarının indi müstəqil Azərbaycanda keçirilməsi ölkəmizin iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi titanik uğurların nəticəsidir. Bu, dövlətin apardığı milli mənafelərin təbliği siyasətinin bariz nümunəsidir. Avropa Oyunları həm də Azərbaycanın iqtisadi uğurlarının məntiqi nəticəsidir. Bu cür böyük və möhtəşəm oyunlar yalnız inkişaf etmiş ölkələrdə təşkil olunur. Azərbaycanda belə oyunların keçirilməsi də ondan xəbər verir ki, dövlətimizin kifayət qədər iqtisadi potensialı, maliyyə və turizm imkanları var. Çünki Avropa Oyunlarını izləmək üçün minlərlə insan Azərbaycana gələcək”.

Komitə sədri ilk Avropa Oyunlarının Azərbaycan iqtisadiyyatına verdiyi faydaları da açıqlayıb: “İlk Avropa Oyunlarına hazırlıq zamanı inşa olunan yeni binalar və infrastruktur təkcə bu oyunlar üçün deyil, bundan sonrakı illər üçün də nəzərdə tutulub. Bu binalar on illərlə Azərbaycan xalqına, gəncliyinə və dövlətinə xidmət edəcək. Təbii ki, ildən-ilə Azərbaycanda keçirilən tədbirlərə gələn tamaşaçıların və ölkəmizə gələn turistlərin sayı da artacaq. Hər gələn turist Azərbaycanda xeyli miqdarda vəsait xərcləyir, Azərbaycana aid müxtəlif suvenirlər alır, ölkəmizi tanıyır.

Bütün bunlar isə Azərbaycan dövlətinin iqtisadiyyatına faydalar gətirəcək. İlk Avropa Oyunlarının digər böyük əhəmiyyəti isə Azərbaycanın dünyadakı imicinin yüksəlməsi ilə bağlıdır. Çünki “Bakı 2015” ilk Avropa Oyunlarından sonra ölkəmizin dünyadakı nüfuzu daha da artacaq. Azərbaycana gələn insanlar ölkəmizin və xalqımızın yaşayış tərzi, mədəniyyəti, tarixi ilə tanış olacaqlar. Bütün bunlar isə Azərbaycanı dünyada tanıdan amillərdir”.

Z.Səmədzadə qeyd edib ki, hazırda Azərbaycana gələn turistlər ölkəmizdə həyata keçirilən uğurlu işləri görüb valeh olurlar: “Əminəm ki, Azərbaycan haqqında bu cür müsbət fikirləri gələcəkdə daha çox söyləyəcəklər. İnanıram ki, ilk Avropa Oyunları Azərbaycana böyük faydalar gətirəcək. Dünyanın bir milyarddan çox əhalisi ilk Avropa Oyunlarını izləyə biləcək. Dünya ölkələrinin 6 mindən çox idmançısı bu yarışlarda iştirak edəcək. Təbii ki, bütün bunlar Azərbaycanın dünyadakı imicini qat-qat yüksəldəcək”.

Komitə sədri bildirib ki, Azərbaycanda sabitlik hökm sürür: “Dünyanın əksər dövlətlərində bu cür sabitlik və inkişaf yoxdur. Azərbaycan isə Şərq və Qərbin mərkəzində yerləşən inkişaf etmiş ölkədir. Buna görə şəxsən mən bir azərbaycanlı kimi çox sevinirəm və qürur hissi keçirirəm. Çox sevinirəm ki, məhz bu günü görmək mənə də qismət oldu”.

Z.Səmədzadə “Bakı 2015” ilk Avropa Oyunlarında ailəvi olaraq iştirak edəcəyini söyləyib: “Mən ailəmlə, o cümlədən nəvələrimlə bir yerdə mütləq Avropa Oyunlarında iştirak edəcəm. Hətta bu oyunlara görə bu il istirahətimizi də saxlamışıq. Bizim üçün ən gözəl istirahət ilk Avropa Oyunlarını yaxından izləmək və burada Azərbaycan idmançılarını dəstəkləməkdir. Şəxsən mənim üçün bundan gözəl istirahət ola bilməz. Hətta ilk Avropa Oyunlarını izləmək üçün 18 nəfərlik bilet almışıq, inşallah, ailə üzvlərimlə bir yerdə bu oyunları yaxından izləyəcəyik”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR