İlk Olimpiya çempionumuz Avropa Oyunları ilə bağlı proqnoz verdi
Bizi izləyin

Bakı 2015

İlk Olimpiya çempionumuz Avropa Oyunları ilə bağlı proqnoz verdi

Nazim Hüseynovun adı çoxlarına tanışdır. O, olimpiya çempionu adını qazanmış ilk azərbaycanlıdır. Belə ki, Nazim Hüseynov 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında cüdo yarışlarının qalibi olub. O, Avropa Oyunları və burada hansı idmançılardan nəticə gözlədiyi barədə danışıb.

Publika.az-a açıqlama verən keçmiş idmançı ilk olaraq bu mötəbər turnirin önəmini vurğulayıb:

“Təbii ki, İlk Avropa Oyunlarının önəmi böyükdür. Mən inanıram ki, Azərbaycan bundan öncə də keçirdiyi mötəbər yarışlar kimi, Avropa Oyunlarına yaxşı ev sahibliyi edəcək. Hər kəs bu turnirin təşkilatçılığından indidən razıdır. Bir çox növlərdə çıxış edən idmançılarımızdan layiqli nəticələr gözləyirəm. Təbii ki, cüdoçularımızdan da... Cüdoçularımız Avropa Oyunlarına qədər bir sıra təlim-məşq toplanışlarında və yarışlarda iştirak ediblər.

Etiraf edim ki, 73 kq-da çıxış edən Rüstəm Orucova ümidim böyükdür. Onun son yarışlarda əldə etdiyi uğurlar bir daha sübut edir ki, o, Oyunlarda medal qazanmağa qadirdir. Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) da turnirin favoritlərindəndir. Orxan Səfərov (60 kq) da ilk üçlüyə düşməyi bacaracaq.

Heyf ki, Hidayət Heydərovun (66 kq) adı iştirakçılar sırasında yoxdur. Hidayət gənc olsa da, çox perspektivli idmançıdır. Gələcəkdə ondan böyük nəticələr gözləyirəm.

Avropa Oyunları zamanı Azərbaycana qitənin ən güclü idmançıları gələcək. Buna görə də düşünürəm ki, güclü rəqabət olacaq. Bundan əlavə, yarışların ölkəmizdə keçirilməsi idmançılarımız üçün əlavə stimuldur. İnanıram ki, Avropa Oyunları hər birimizin yaddaşında iz qoyacaq”.

Daha sonra ilk olimpiya çempionumuz ən böyük arzusu barədə bunu dedi:

“Ən böyük arzum I Avropa Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını arenaya gətirməkdir. Hər bir idmançımıza uğurlar arzulayıram”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm