Tale Heydərov: “Bakı-2015” Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək”
Bizi izləyin

Bakı 2015

Tale Heydərov: “Bakı-2015” Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək”

Böyük Britaniya parlamentində “Bakı-2015” I Avropa Oyunları ilə bağlı qəbul keçirilib. Publika.az-ın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasının “Çörçil” zalında keçirilən konfransda 120 qonaq iştirak edib.

Qonaqlar arasında Baronessa Uddin, Lord Addinqton, Lord Kilkluni, Lord Rizbi, Lord Fulks, Lord German, Lord Brukhaven, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer, millət vəkilləri Cudit Kammins, Stiven Hammond, Ceykob Ris-Moq, Bob Bləkmən, Rocer Qodsit, Demian Qreen, Mayk Qeyps, Londonda akkreditə olunmuş xarici diplomatlar, Böyük Britaniya və Azərbaycan idman federasiyalarının nümayəndələri, həmçinin, Britaniyadakı Azərbaycan diasporasının fəalları və Azərbaycanın dostları yer alıb.

Britaniya parlamentinin üzvü Lord Addinqton çıxış edərək beynəlxalq idman tədbirlərinin müxtəlif mədəniyyətləri və mentalitetləri bir araya gətirmək baxımından əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, “Bakı-2015” Avropa qitəsi üçün yeni və təqdirəlayiq bir təcrübə olacaq. Lord Addinqton birinci Avropa Oyunlarının təşkilatçılarına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışan Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirib ki, “Bakı-2015”-in həyəcanını bütün Azərbaycanda hiss etmək mümkündür.

“Gənc ölkə olmağımıza baxmayaraq, beynəlxalq idman tədbirinə ev sahibliyi etmək Azərbaycanın qısa müddətdə sürətli inkişafının, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. T.Heydərov deyib: “İnanıram ki, “Bakı-2015” Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək və ölkəmiz bundan sonra da beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcək”.

“Bakı – 2015” Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq öz video müraciətində deyib ki, oyunları təşkil etmək üçün cəmi 20 ay sərf edilib. Normalda bu 7 il çəkir.

“Bu böyük məsuliyyətli işin uğurlu yekunu xarici və yerli mütəxəssislərin birgə fəaliyyətinin nəticəsidir. Biz Azərbaycanda möhtəşəm oyunların şahidi olacağıq və Bakı bütün dünyanın diqqət mərkəzində olacaq.”

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin tarixən bir çox cəhətlərinə görə dünyada tanındığını deyib. O, “Bakı-2015” I Avropa Oyunları ilə Azərbaycanın Avropada və dünyada idman sahəsində daha yaxşı tanınacağını bildirib. “Bakı-2015”in başlamasına çox az vaxt qaldığını qeyd edən diplomat Avropa Oyunlarına hazırlıq prosesi və təşkilatçılıq haqqında məlumat verib. Səfir Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı bu çoxşaxəli idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə edib. Oyunların Avropa idmanında tarixi hadisə olacağını vurğulayan T.Tağızadə qonaqları mötəbər idman tədbirini izləmək üçün Bakıya dəvət edib.

Böyük Britaniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi, millət vəkili Bob Bləkmən bildirib ki, 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin uğurlu təşkili göstərdi ki, Azərbaycan qısa zaman müddətində dünya səviyyəsində möhtəşəm tədbirləri keçirməyə qadir bir ölkədir. B.Bləkmən “Bakı-2015” I Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. O, qısa müddətdə ölkəmizdə yaradılan idman infrastrukturunun möhtəşəm olduğunu qeyd edib. Britaniya ilə Azərbaycan arasındakı münasibətlər haqqında məlumat verən deputat dostluq və əməkdaşlığımızın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm