Xəzər İsayev: “Gələcəkdə Avropa Oyunları dedikdə ilk olaraq Azərbaycan xatırlanacaq”
Bizi izləyin

Bakı 2015

Xəzər İsayev: “Gələcəkdə Avropa Oyunları dedikdə ilk olaraq Azərbaycan xatırlanacaq”

Dünya və Avropa çempionu, SSRİ kubokunun sahibi, keçmiş güləşçi, hazırda Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi fəaliyyət göstərən Xəzər İsayev I Avropa Oyunları haqda fikirlərini bölüşüb.

MOK-un vitse-prezidenti Publika.az-a açıqlamasında bu mötəbər turnirin idmançılarımıza müsbət təsirinin olacağını deyib:

“Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi tarixi hadisədir. Bununla Azərbaycan Avropanın tarixində iz qoyur. Olimpiya Oyunlarının tarixi Yunanıstandan başlamışdı, gələcəkdə Avropa Oyunları dedikdə ilk olaraq Azərbaycan xatırlanacaq. Bilirsiniz ki, I Avropa Oyunlarında 8 idman növünün qalibləri 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Bu oyunların idmanımızın daha da inkişafına, idmançılarımıza böyük təsiri olacaq. Çünki Avropa Oyunları sayəsində yeni idman obyektləri tikilib.

Avropa Oyunlarını yüksək səviyyədə keçirə bilsək, gələcəkdə Olimpiya Oyunlarında daha iddialı olacağıq. Bütün bu görülən işlər dövlətimizin, Prezidentimiz cənab İlham Əliyevin idmana olan yüksək qayğısıdır. Cəmi 2 il 7 ay ərzində Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi üçün hər şərait yaradılıb.

İnanıram ki, İlk Avropa Oyunlarından sonra Avropada Azərbaycan haqqında çox gözəl fikirlər, təəssüratlar yaranacaq və hər bir avropalı ölkəmizə gəlmək istəyəcək, turist kimi Azərbaycanı ziyarət edəcək.

İlk Avropa Oyunlarının ölkəmizdə mükəmməl səviyyədə keçirilməsi üçün prezident Cənab İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi, Mehriban xanım Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən bütün zəruri addımlar atılıb”.

Daha sonra X.İsayev şəxsi proqnozunu da səsləndirib:

“Düzünü deyim ki, güləş, gimnastika, karate, taekvondo, boks və avarçəkmə kimi idman növlərində çıxış edəcək idmançılarımızdan medallar gözləyirik. Mənim proqnozum belədir ki, bu növlərdə medallarımızın sayı 20-yə yaxın və ya bir az çox olacaq. Təkcə güləşin özündən də yaxşı nəticələr gözləyirəm. Qadın və yunan-Roma milli komandalarımızın hər birindən 4, sərbəst güləşçilərimizdən də 3-4 medal gözləyirik. Əyarları barədə heç nə deyə bilməyəcəm. Amma çalışacağıq ki, himnimiz səslənsin”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm