Bakı 2015: 7 velosipedçiylə mübarizə aparacağıq
Bizi izləyin

Bakı 2015

Bakı 2015: 7 velosipedçiylə mübarizə aparacağıq

İlk Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək velosipedçilərin adları məlum olub.

Publika.az xəbər verir ki, yığmamızın 7 idmançısı “Bakı 2015”-də mübarizə aparacaq.

Belə ki, Oyunlarda şose velosipedinin 2 növü - fərdi və qrup ötüşməsi üzrə yarışlar keçiriləcək. Fərdi ötüşmə üzrə kişi və qadınlar arasında yürüşlər iyunun 18-də Bilgəhdə, qrup ötüşməsi üzrə yarışlar isə qadınlar arasında iyunun 20-də, kişilər arasında iyunun 21-də paytaxt küçələrində təşkil ediləcək.

Avropa Oyunları zamanı iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Azərbaycan Oyunların qrup ötüşməsində kişilər arasında 3 idmançı Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılovla təmsil olunacaq.

Qadınların qrup ötüşməsində isə Ülfət Nəzərli və Yelena Pavluxina çıxış edəcək. Bundan başqa, Elçin Əsədov, Maksim Averin və Yelena Pavluxina fərdi ötüşmədə də mübarizə aparacaq.

Avropa Oyunlarında iştirak edəcək qadın və kişi velosipedçilər iyunun 13-də Dağ Velosipedi Parkında (Atıcılıq Kompleksinin yanı) medallar uğrunda mübarizə aparacaqlar. Dağ velosipedində (mountenbayk - MTB) Azərbaycanı kişilər arasında 2 idmançı təmsil edəcək və onlardan biri artıq məlumdur. Bu, Aqşin İsmayılovdur. İkinci idmançıya gəlincə, məşqçilər korpusu Oyunlaradək Aqşin Bağırlı və Orxan Məmmədov arasında seçim edəcək. Qadınlar arasında Ülfət Nəzərlinin yarışda iştirakı planlaşdırılır. Bu növdə də iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları toplayacaqlar.

Bakı 2015 İlk Avropa Oyunları zamanı qadın və kişi idmançılar iyunun 26-28-də Velopark ərazisindəki BMX parkında mübarizə aparacaqlar. Ölkəmiz üçün yeni idman növü olan BMX yarışlarında Azərbaycan təmsilçisi olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm