Moskvada “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş FOTOSƏRGİ
Bizi izləyin

Bakı 2015

Moskvada “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş FOTOSƏRGİ

İyunun 8-də Moskvanın mərkəzindəki Kamerger döngəsində və Rusiya Federasiyasının Dövlət Dumasında “Bakı birinci Avropa Oyunlarının paytaxtıdır” adlı sərgi açılıb.

Fotosərginin təşkilatçıları Dövlət Dumasının Maliyyə Bazarı Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin və Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin iştirakı ilə Dövlət Dumasının Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupudur.

Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev sərgini açaraq bildirib ki, fotosərgidə Azərbaycanın “iqtisadi möcüzəsinin nəticələri” qarşıdakı Avropa Oyunlarına hazırlıq prizmasından əyani şəkildə göstərilib.

D.Savelyev deyib: “Fotosərgi bura gələnləri təkcə müasir idman infrastrukturuna hazırlıq ilə deyil, həm də Azərbaycanın digər mühüm nailiyyətləri, o cümlədən arxitektura, xalq təsərrüfatı, milli mədəniyyətin və təbiət abidələrinin qorunub saxlanılması sahələrində nailiyyətləri ilə tanış edir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun kursunun layiqli davamçısı İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub. Ekspozisiya 2015-ci il Avropa Oyunlarının qonaqlarının və iştirakçılarının gözü qarşısında Azərbaycan paytaxtının simasının necə canlanacağını göstərmək məqsədi daşıyır”.

Deputatın fikrincə, fotosərginin əsas ideyası tarixdə birinci Avropa Oyunlarının keçirilməsi ərəfəsində iqtisadi potensialın inkişafını və bazar islahatlarının nəticələrini işıqlandırmaqdır. Son iki ildə başlıca olaraq maddi mədəniyyət obyektlərində gözə çarpan institusional dəyişikliklərin yekunları sərginin əsas leytmotividir. Konsepsiyanın təməlində fotosərginin bütün bölmələrinin birləşdirici başlanğıcı olan arxitektura aspekti dayanır.

Deputat vurğulayıb: “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi birinci Avropa Oyunlarının Təşkilat Komitəsi çox qısa müddətdə böyük işlər görüb. Bakıda ən müasir idman kompleksləri ucaldılıb, nəqliyyat logistikası, möhtəşəm Atletlər kəndi yaradılıb. Biz Rusiya komandasından qələbələr gözləyirik və təşkilatçı ölkəni təmsil edən komanda kimi Azərbaycan idmançılarına uğurlar arzulayırıq. Biz çox şadıq ki, bu irimiqyaslı idman tədbiri qonşumuz, dostumuz və tərəfdaşımız olan Azərbaycanda keçirilir”.

Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin rəhbəri Natalya Krasovskayanın sözlərinə görə, sərgi Bakıda birinci Avropa Oyunları kimi möhtəşəm hadisə barədə informasiyanı rusiyalılara, Moskva sakinlərinə və şəhərin qonaqlarına çatdırmaq məqsədilə təşkil edilib. O deyib: “Birinci Avropa Oyunları dünya idmanı tarixinə yazılan fantastik səhifədir. İlk növbədə Bakının birinci Oyunlar üçün müəyyənləşdirdiyi yüksək səviyyəni qeyd etmək istəyirəm. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin sərəncamında olan çox qısa vaxtda sözün əsl mənasında mümkünsüz bir iş görülüb. Sərgimiz Olimpiya Bakısının gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini göstərir”.

Dövlət Dumasının deputatı, Rusiyanın əməkdar idman ustası, dünyanın sabiq birinci raketkası Marat Safin bildirib ki, Bakıda birinci Avropa Oyunları Azərbaycan üçün böyük piardır. Oyunların təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayan tennisçi deyib: “Arzu edirəm ki, Azərbaycanın böyüklüyünü bütün dünya görsün və azərbaycanlılar ölkələri ilə həmişə fəxr etsinlər”.

Rusiya milli yığmasının üzvü, Olimpiya, dünya və Avropa çempionu gimnast Tatyana Qorbunova deyib: “Bakını, Azərbaycanı çox sevirəm. Bu ölkə ilə bağlı ən xoş xatirələrim var. Azərbaycanda idmanın inkişafına göstərilən səylər insanı heyran qoyur”. O, Rusiya ilə Azərbaycanın gimnastika federasiyaları arasında sıx əməkdaşlıqdan və ötən il Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirakından söz açaraq deyib: “Bu, Azərbaycanın ən müasir texnologiyalar ilə təchiz olunmuş Milli Gimnastika Arenasında mükəmməl təşkil edilmiş çempionat idi”.

Qeyd edək ki, Kamerger döngəsində sərginin açılışına gələnlər arasında mükafatlar oynanılıb. Qaliblərə idman dükanına sertifikatlar, Azərbaycan mətbəxi yeməklərinin reseptləri olan kitablar, fotoaparat təqdim olunub.

Sərgi iyunun 11-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm