Bakı 2015: Serbiyalı idmançılar qızıl arzusundadırlar
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Serbiyalı idmançılar qızıl arzusundadırlar

Serbiyanı “Bakı 2015”-də təmsil edəcək qadınlardan və kişilərdən ibarət voleybol komandası, su polosu idman növü üzrə yığmanın üzvləri Bakıya yola düşməzdən əvvəl keçirilmiş mətbuat konfransında yarışlarla bağlı fikirlərini bölüşüblər.

Publika.az xəbər verir ki, idmançıların mübarizəyə tam hazır olduğunu söyləyən qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Zoran Terziç deyib:

“Yekun məşqlərimiz çox uğurlu keçib. Sevindirici haldır ki, komandamızın üzvləri fiziki cəhətdən də bu yarışlara hazırdırlar və əminik ki, bu cür mötəbər Oyunlarda uğurla çıxış edərək yüksək nəticələr göstərəcəklər”.

Komandanın kapitanı Yelena Nikoliç də yarışlarla bağlı fikirlərini bölüşüb:

“Rəqiblərimizin hazırlıq səviyyəsi bizə hələ məlum deyil. Bununla belə, Bakıya ən yaxşı nəticəni göstərmək üçün yola düşürük”.

Kişilərdən ibarət voleybol yığmasının baş məşqçisi Sinisa Reljiç yarışların Serbiya üçün uğurlu keçəcəyinə əminliyini bildirib:

“Ötən ay ərzində bu yarışlara yaxşı hazırlaşmışıq. Komandamızın əhval-ruhiyyəsi çox yüksəkdir. Əminəm ki, yüksək nəticələr əldə edəcəyik”.

Kişilərdən ibarət su polosu komandasının baş məşqçisi Zoran Milenkoviç də yığmanın yarışlardakı hədəflərindən danışıb:

“İlk dəfə keçirilən bu yarışlar komandamız üçün böyük əhəmiyyət kəsb edir. Hədəfimiz yalnız irəlidə olmaqdır. Hazırlıq xarakterli iki turnirdə uğurla iştirak etmişik. Hər yarışda olduğu kimi, “Bakı 2015”-də də yüksək səviyyəli oyun nümayiş etdirəciyik”.

Bu komandanın kapitanı Petar Velkiç isə yığmasının qızıl medala iddialı olduğunu bildirib:

“Güclü rəqiblərlə qarşılaşacağımıza baxmayaraq, diqqətimizi yalnız qalibiyyətə kökləmişik”.

Serbiyanın karate idman növü üzrə komandasının məşqçisi Predrak Stojadinov da fikirlərini bölüşüb:

“Serbiyanı İlk Avropa Oyunlarında təmsil etmək bizim üçün böyük fəxrdir. Karatenin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, “Bakı 2015”-in proqramına daxil edilməsi bizi sevindirir. Ümid edirik ki, bu idman növü 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının da proqramına salınacaq”.

Serbiyanı “Bakı 2015”-də təmsil edəcək yeganə kişi gimnast Miloş Paunoviç İlk Avropa Oyunları kimi mötəbər bir tədbirdə ölkəsini təmsil etmək imkanı əldə etdiyindən məmnunluğunu bildirib:

“Yarışların gərgin mübarizə şəraitində keçəcəyi artıq bəllidir. Məşqçilərimdən öyrəndiyim hər şeyi bu yarışlarda tətbiq edərək, ölkəmə yaxşı nəticələrlə qayıtmağa çalışacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm