MÖHTƏŞƏM!!!!
Bizi izləyin

Bakı 2015

MÖHTƏŞƏM!!!!

Tədbir Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva və Patrik Hikki xeyir-dusı ilə başladı

Nəhayət, intizarla gözlənilən gün yetişdi. Dünən, Azərbaycan paytaxtı Bakı öz tarixində ən böyük, ən geniş miqyaslı idman yarışına ev sahibliyi etdi. Dünən paytaxtımızda yeni istifadəyə verilmiş Bakı Olimpiya Stadionunda tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarının açılış mərasimi keçirildi.

“Bakı-2015" I Avropa Oyunlarının rəsmi açılış mərasiminin rəsmi açılış hissəsi başlamamışdan öncə qeyri-rəsmi bədii hissəsi olub. Açılış mərasiminə aparıcılığı Murad Dadaşov və Hüsniyyə Məhərrəmova həyata keçirib. Aparıcılar tamaşaçıları salamlayıblar. Mərasim ”Natiq" ritm qrupu və müğənni Elnur Hüseynovun mahnılar ifa etməsi ilə başlayıb. Daha sonra M.Dadaşovun təklifi ilə stadionda Meksika dalğası yaşanıb. “Sarı gəlin” mahnısının sədaları altında rəqqaslar rəqs ediblər. Daha sonra Alim Qasımovun çıxışı dinlənilib.

Səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an

Saat 21:00-da 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda gurultu eşidilir və stadiona bir anlıq sükut çökür. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın səsi pozur. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başlayır. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyinə işarədir.

Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxır. Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtür. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənib. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.

Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yaranır. Səhnədən göyə fişənglər atılır. Şeypurda Dmitri Şostakoviçin “Bayram uvertürası”ndan bir parça səsləndirilir. Diqqət VİP-lojalara yönəlir və salamlama başlayıb. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar.

Daha sonra Azərbaycan Dövlət Simfonik Orkestri dövlət himnini səsləndirib. Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirilir.

Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış alovun səyahət marşrutu nümayiş etdirilir. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazılır.

Son məşəlçi - İlham Zəkiyev

Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirir. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayır. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünür. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırır.

Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürür və onun yerində çökəklik yaranır. İlham Zəkiyev tərəfindən çökəkliyə yaxınlaşdırılan məşəl sönür, çökəklik dolur. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladır.

Stadionun ortasından qaya parçası qaldırılır və gələcəkdə görüləcək işlərə işıq salmaq üçün birinci məşəl torpağa basdırılır.

Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf sürünür, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirir, oyadır. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru var. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparır. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəlir. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanır. Qadın fiqur gümüş lövhənin (Ay), kişi fiquru isə qızıl lövhənin (Günəş) üzərində rəqs edir. Onlar Leyli və Məcnunu rəmzləşdirir. Onlar dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirlər.

Üç yüzədək ifaçı səhnə ətrafındakı halqada görünür. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolur. İfaçılar səhnəni göz önündə canlandırırlar. Halqa fırlanmağa başlayır. Miniatür rəsmlərdə təsvir olunan adamlar kuklasayağı hərəkətlər edirlər. Sanki rəsmdəki obrazlar cana gəlir. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparır. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünür.

Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxır. Nizami ağacdan bir nar dərir. Qəfil hər şey donur.

Nizaminin ətrafındakı miniatürlər dünyası yerə bataraq yoxa çıxır, tərəzi uzaqlaşır və ifaçılar səhnəni tərk edirlər.

Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar görünür. Nar paralanır və onun dənələri - yaquta bənzər yüzlərlə şar stadion ətrafında uçmağa başlayır. Uçan nar dənələri sanki idmançıları salamlayırmış kimi, təntənəli bayram əhval-ruhiyyəsi yaradıb.
İdmançıların paradı başlayır. Bu mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunur. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları səhnəyə daxil olurlar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəlirlər. İdmançıların keçidini Albaniya, Andorra, Ermənistan, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina idmançıları davam etdirirlər. Tribunaların önündən Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Makedoniya komandaları da keçirlər. Növbə Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Macarıstan komandalarına çatır. Oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkələrdən biri Almaniyadır. Bu ölkədən Bakıya 266 idmançı gəlib. Onların ardınca İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta komandaları gəlib keçirlər. Əslən irlandiyalı olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkəsinin komandasını sevinclə salamlayır. Mərasim Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya komandalarının keçidi ilə davam edir. Rusiya, San Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna komandaları tribunaların önündən keçirlər. Rusiya komandası bu Oyunlarda ən böyük nümayəndə heyəti ilə - 359 idmançı ilə təmsil olunur. Rusiya Prezidenti Vladimir Putin ayağa qalxaraq ölkəsinin nümayəndə heyətini salamlayır.

Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə qarşılayırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlmiş 190 idmançını salamlayıb.

İdmançıların keçidini ev sahibi - Azərbaycan idmançıları tamamlayır. Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunur. Onların keçidi Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi” muğamı ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamlayıblar.

İdmançılar mərkəzi səhnə ətrafında təntənəli şəkildə addımlayaraq parad zamanı 50 bayraq yerləşdiriləcəyi platformaya aparan pillələrdə toplaşır və tribunalarda yerlərini tuturlar. Sonra bayraqların rəqsi başlayıb. Aaron Koplendin “Adi adam üçün şeypur” əsərindən musiqi parçası ilə başlanan 50 bayrağın rəqsi Natiq Şirinovla 50 nağaraçalanın ifasında zərb alətlərinin sədası altında davam edib.

Ledi Qaqanın ifası - Vəd edilən sürprizlərdən biri

Dünya şöhrətli müğənni Ledi Qaqanın ifası açılış mərasiminin vəd edilən sürprizlərindən biri olur. O, piano arxasında əyləşərək “İmagine” (“Xəyal et”) mahnısını ifa edir. Müğənninin ifası hərarətlə qarşılanır və dəfələrlə alqışlanır.

Stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirilir. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kriztina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətirirlər.

Stadionda Uilyam Uoltonun “İmperiya tacı” marşı səslənir. AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldılır.

Stadiondakı tablolarda Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada işləyən alimlərin videosu və ixtiraları yayımlanır. Avropa Nüvə Tədqiqatları Təşkilatı 60 ildən çoxdur ki, xalqları elm ətrafında birləşdirərək, sülhə çağırır. Avropa Oyunları beynəlxalq birliyin idmandan od alan yeni məşəlidir.

Böyük adron sürətləndiricisi 100-dən çox xalqı təmsil edən 10 mindən çox fizik və mühəndisin cəmləşdiyi qurumun - Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur. O, dünyanın ən böyük maşınıdır və Avropanın mərkəzində, yerin dərinliklərində saxlanılır.

Yanıb-sönən LED lampalar stadion boyu zərrəciklərin sürətlə dövrə vurması (böyük adron sürətləndiricisi kimi) effektini yaradır.

Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı görünür. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Onlar uçub-keçdikcə ulduzlar Bakı səmasında parlayır. Avropa qitəsinin xəritəsinin hazırlanması üçün 16 lazerdən istifadə olunub. İlk dəfədir bir səhnədə irimiqyaslı animasiya yaratmaq üçün bu qədər lazerdən istifadə edilir.

Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun Buğanın belindəki təsviri qitənin rəmzidir.

Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin “Ot basmış cığırlarla” əsəri Hokon Eustbönün ifasında səslənir. Bu bölmə birinci Avropa Oyunlarının rəsmi açılışını ifadə edir.

Mehriban Əliyeva: “Bu möhtəşəm bayram hər bir Azərbaycan vətəndaşının qələbəsidir”

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki sözü Azərbaycanın birinci xanımı, “Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya verdi. Birinci xanım bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edərək deyib: ”Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir".

Mehriban Əliyeva Bakının ev sahibi seçilməsinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə, Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürünü bildirərək əminliklə qeyd edir ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015"-in parlaq ruhunun atəşi orada olacaq.

Patrik Hikki: “Biz Avropa idmanında tarixi məqamın şahidiyik”

Sonra mikrofon önünə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki keçir. O, bu günün tarixi hadisə olduğunu bildirərək deyir: “Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq. Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik. Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq”.

P.Hikki Avropa Olimpiya ailəsini səmimi qəbul etdiklərinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirir. Qeyd edir ki, “Bakı-2015" uzun yolun ən vacib nöqtəsi və çılğın arzudur. O, AOK-un alovlanan iddiasıdır: ”Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz".

Avropa Olimpiya Komitəsinin prezidenti idmançılara müraciət edərək onları tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq şansından istifadə etməyə, öz adlarını Avropanın şanlı idman tarixinə yazmağa çağırıb.
Prezident İlham Əliyev ilk Avropa Oyunlarını açıq elan etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edir. Stadionun ətrafında atəşfəşanlıq başlanır.

Səxavət HƏMİD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm