Bakı-2015: Güləşçimizdən daha bir medal – FOTOLAR (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Güləşçimizdən daha bir medal – FOTOLAR (YENİLƏNİR)

Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində çıxış edən Sabah Şəriəti finalda türkiyəli Rıza Kayaalpla qarşılaşıb. Sabah Şəriəti rəqibinə 3-1 hesabı ilə məğlub olaraq gümüş medalı qazanıb.

21:07

İdmançıların mükafatlandırılma mərasiminə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. ilk Avropa Oyunlarının qalibinə mükafatı Prezident İlham Əliyev təqdim edib.

20:17

Yunan- Roma güləşində qızıl medal uğrunda mübarizədə idmançımız Elvin Mürsəliyevin (75kq) rəqibi Serbiya idmançısı Viktor Nemes olub. İdmançımız 4 xallıq fəndlə önə keçib. Rəqib idmançının məşqçisi etiraz edib. Ancaq rəqib tərəfin etirazı qəbul edilməyərək idmançımızın aktivinə növbəti xal yazılıb. Son dəqiqələrdə rəqib idmançı aktivinə 1 xal yazdıra bilsə də, güləşçimiz üstünlüyünü qoruyub. Görüş 1:5 idmançımızın xeyrinə başa çatıb. Beləliklə idmançımız İlk Avropa Oyunlarının qızıl medalını qazanıb.

19:47

75 kq-da bürünc medal uğrunda görüşdən və həmin çəkinin finalından öncə 66 kq-ın mükafatlandırma mərasimi olub. Bürünc Azərbaycan, gümüş Ermənistan, qızıl medal da Rusiya təmsilçisinə təqdim edilib.

19:17

Fasilədən sonra yunan-Roma güləşi üzrə yarışlar qaldığı yerdən davam davam edib. Bürünc medal uğrunda görüşdə 66 kq çəki dərəcəsində Həsən Əliyev Serbiya idmançısı Aleksandr Maksimoviçlə qarşılaşıb. Görüşün ilk dəqiqələrində təmsilçimiz 4:0 önə keçib. İdmançımız sona qədər üstünlüyünü qoruyub və görüşü qələbə ilə bitirib.

Qeyd etmək yerinə düşər ki, Həsən Əliyev üçün dəstək azarkeşlər tərəfindən heç də azalmamışdı. İdmançımıza olan dəstək böyük idi .

15:04

Yarımfinalda 75 kq çəki dərəcəsində təmsilçimiz Elvin Mürsəliyev Gürcüstan idmançısı Zurabi Datunaşvili ilə qarşılaşıb. İlk set idmançımızın xeyrinə bitib. İkinci raundda da üstünlüyünü qoruyan idmançımız finala vəsiqə qazanıb (3:2).

14:34

Yarımfinalda təmsilçimiz Həsən Əliyev (66 kq) erməni idmançısı Miqran Arutyunyanla üz-üzə gəlib. Təəssüf ki, idmançımız burada gözlənilən nəticəni verə bilməyib. Hesab 5:8 rəqibin xeyrinə olub. Həsən Əliyev bürünc medal şansını saxlayır.

14:14

1/4 finalda idmançımız Elvin Mürsəliyev (75 kq) Rusiya idmançısı Çingiz Labazanovla qarşılaşıb. İlk xalı idmançımız qazanıb. Rəqib idmançının etdiyi fəndə azərbaycanlı məşqçilər etiraz edib. Məşqçilərimizin etirazı qəbul olunaraq idmançımızın hesabına daha bir xal yazılıb.

Elvin Mürsəliyev rəqibindən daha bir xal almağı bacarıb.

4-cü dəqiqənin sonlarında rəqib idmançının məşqçiləri öz etirazlarını bildiriblər. Lakin onların etirazı qəbul olunmayıb, beləliklə, Elvin Mürsəliyevə daha bur xal verilib. Beləliklə hesab 4:0-a yüksəlib.

Bu dəfə idmançımızdan parterdən xal almağa çalışan rəqib idmançı buna nail ola bilib, 2 xalı aktivinə yazdırıb.

Buna baxmayaraq, görüş idmançımızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

14:04

130 kq çəki dərəcəsində yarımfinalda çıxış edən yunan-Roma güləşçimiz Sabah Şəriətinin rəqibi Belarus idmançısı gürcüstan əsilli İoseb Çuqoşvili olub.

Sabah Şəriəti rəqibini 6:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

13:40

1/4 finalda təmsilçimiz Sabah Şəriəti (130 kq) Gürcüstan güləşçisi Yakobi Kajaia ilə qarşılaşıb. İlk dəqiqələrdə 2:0 uduzan pəhləvanımız atdığı fəndlə aktivinə 4 xal yazdırıb. Gürcü idmançının məşqçiləri etiraz bildirirlər. Onların etirazları qəbul olunmur, güləşçimizin aktivinə daha 1 xal yazılır.

Beləliklə, görüş 5:2 hesabıyla idmançımız Sabah Şəriətinin xeyrinə bitir.

13:10

Təmsilçimiz Həsən Əliyev (66 kq) 1/4 finalda Belarus idmançısı Mixail Siamionau ilə qarşılaşıb. İdmançımız ilk dəqiqələrdə 2:0 öndə olub. Daha 1 xalı aktivinə yazdıraraq 3:0 önə keçib. Beləliklə, idmançımız bu mərhələdəki görüşünü də qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb. Yarımfinal mərhələsində Həsən Əliyev erməni idmançısı Miqran Arutyunyan ilə qarşılaşacaq.

12:49

130 kq çəki dərəcəsində çıxış edən Azərbaycan yunan-Roma güləşçisi Sabah Şəriəti 1/8 finalda Ukrayna idmançısı Mikola Kuçmi ilə qarşılaşıb. İdmançımızın ard-arda atdığı 3 fənd onun hesabına 6 xal yazdırıb.

O, növbəti hissədə hesabına daha 2 xal əlavə edib. Bununla da Sabah Şəriəti görüşü 8:0 hasabıyla başa vurub. Növbəti mərhələdə onun rəqibi Gürcüstan idmançısı Yakobi Kajaia olacaq.

12:45

85 kq çəki dərəcəsində mübarizə aparan Saman Təhmasibi 1/8 final mərhələsində erməni idmançısı Maksim Manukyan ilə qarşılaşıb. İdmançımız 9:0 hesabı ilə məğlub olub.

11:59

1/8 finalda yunan-Roma güləşçimiz Elvin Mürsəliyev (75 kq) Rumıniya idmançısı Lonel Puskasu ilə üz-üzə gəlib. Rəqibin atdığı fənd 1 xal qiymətləndirilən zaman rumıniyalı məşqçilərin etirazı ilə 2 xal olduğu qərar verilib. Rumıniyalı idmançı bununla da 2:0 önə keçib. Ancaq Elvin əzimkarlığı ilə hesabı bərabərləşdirib.

Rumın idmançının xəbərdarlığı olduğu üçün qələbə idmançımıza verilib. Beləliklə, Elvin növbəti mərhələyə adlayıb.

11:45

Daha 2 güləşçilərimiz hünər meydanında yenə öz yerlərini alıb.

66 kq çəki dərəcəsində çıxış edən Həsən Əliyev 2-ci görüşündə - 1/8 finalda xorvatiyalı idmançı Daniel Janeciclə qarşılaşıb. Həsən Əliyev ilk hissəni 4:0 başa vurub. İkinci hissədə də üstünlüyü qoruyan idmançımız aktivinə bir xal da əlavə edərək görüşü 5:0 başa vurub və 1/4 finala vəsiqə qazanıb.

1/16 finalda Saman Təhmasibi (85 kq) isə italiyalı Fabio Parisi məğlub edib - 8:0. 1/8 finalda təmsilçimiz erməni idmançı Maksim Manukyanla qarşılaşacaq.

11:10

75 kq çəkidə Elvin Mürsəliyev Slovakiyadan olan idmançı üzərində vaxtından əvvəl qələbə ilə başa vurub və növbəti mərhələyə çıxıb.

10:15

Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşəcək.

10:01

İlk Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə bu gün yekun vurulacaq.

Publika.az xəbər verir ki, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.

Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcələrində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözlənilir.

Yunan-Roma güləşi

66 kq

Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayacaq. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayacaq.

75 kq

Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulacaq. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə gələcək.

85 kq

Millimizin liderlərindən olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayacaq. O, mərhələ adlayarsa, Maksim Manukyan (Ermənistan) – Artur Omarov (Çexiya) cütünün qalibi ilə güləşəcək.

130 kq

Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə güləşəcək.

Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm