Avropa Oyunlarının qızıl medalçısı: “Yarışlara iynə-dərmanla çıxmışdım”
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının qızıl medalçısı: “Yarışlara iynə-dərmanla çıxmışdım”

İlk Avropa Oyunlarında yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev qazandığı qızıl medalla hər kəsi sevindirdi. Onun uğuru çoxlarını həm də sevincdən kövrəltdi.

Tarix yazan idmançımız Rəsul Çunayev görüşləri ilə bağlı bu dəfə Publika.az-la fikirlərini bölüşdü. O, müsahibəsində qızdırmalı halda yarışlara çıxdığını dedi:

- Avropa Oyunları və çıxışlarınızla bağlı təəsüüratlarınızı bölüşərdiz...

- Bilirsiz ki, dörd görüşüm oldu və hər birində də layiqli qələbə qazandım. Sevinirəm ki, azərbaycanlılara bu qələbə sevincini yaşada bildim.

- Qələbə sevincinizi bir neçə çümlə ilə necə anladardınız?

- Bunu sözlərlə ifadə etmək çətindir. Bu qələbələri əldə etmək üçün çox əziyyətlərə qatlaşmalı oluruq. Bunun da bəhrəsini görmək çox sevindiricidir. Azarkeşlərimizin hislərini də anlayırıq. Bilirik ki, onlar kənarda bizdən də həyəcanlı olurlar.

- Azarkeşlərin sizə təsiri necə oldu?

- Əlbəttə, doğma divarlar arasında yarışmaq çox məsuliyyətli işdir. Bütün xalqımız bizə dəstək oldu. Bunun sayəsində də biz öz vətənimizdə bu qələbələrə imza atmış olduq.

- Birinci görüşünüzlə bağlı danışmağınızı istərdim. 6:0 öndə olduğunuz halda xallar bərabərləşdi. Rəqibin etirazı təmin edilməyərək sizin aktivinizə bir xal da əlavə edildi. Bu görüş, deyəsən sizin üçün riskli oldu.

- Xeyr, bununla bağlı risk yaşamadım. Düzdür, 6 xal öndə idim, ancaq hakim mənim 2 xalımı kəsdi. 8:0 tam qalibiyyətlə görüşüm dayandırılmalıydı. Bununla belə, etiraz edib risk almaq istəmədik, davam etdik. Düzdür, bir az səhhətimlə də bağlı problemim vardı. Ona görə tez yoruldum. Götürdüyüm xallara güvənərək vaxtı keçirməyə çalışırdım ki, qələbəmi təmin edim. Görüş 6:6 olsaydı belə, qələbə mənim idi. Amma onların etirazının qəbul olunmamağı da mənim xeyrimə oldu.

- Səhhətinizdəki problem nə ilə bağlı idi?

- 10 gündür ki, soyuqdəyməm var idi. Məşqləri də müalicə alaraq davam etdirdim. Yarışlara qızdırmam ola-ola çıxırdım.

- Azarkeşləriniz növbəti zəfər rəqsini gözləyirdi sizdən…

- (gülür) Yox, o yəqin ki, bir dəfə olar. Bunu ənənəyə çevirmək fikrim yoxdur. Bu daha yaddaqalıcı olar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm