• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Cəbrayıl Həsənov: “İdman şansı mənin tərəfimdə olmadı”

Cəbrayıl Həsənov: “İdman şansı mənin tərəfimdə olmadı”

I Avropa Oyunlarında Azərbaycana bürünc medal qazandıran sərbəst güləşçi Cəbrayıl Həsənov da təəssüratlarını bölüşüb.

Publika.az-a müsahibə verən bürünc mükafatçı azarkeş dəstəyinə də toxunub.

- Avropa Oyunları sizin üçün nə ifadə edir?

- Öncəliklə bir idmançı kimi onu deyim ki, I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub. Bu oyunlar Olimpiya Oyunlarından heç də geri qalmır. Avropa Oyunları Azərbaycanda keçirildiyinə görə, biz ikiqat məsuliyyət daşıyırdıq. Hazırlığımız çox yaxşı idi.

- Bu turnirin bürünc medalını qazandız. Bu o deməkdir ki, Azərbaycana Oyunlarda bir medalı da siz bəxş etdiz. Amma çoxu sizdən də qızıl medal gözləyirdi.

- Düzdür, etiraf edim ki, mənim nəticəm daha yaxşı ola bilərdi. Ancaq bürünc medalla kifayətləndik. Bunun özü də bir uğurdur. Növbəti yarışlarda çalışacağıq ki, səhvlərimizdən nəticə çıxaraq.

- Yarımfinalda məğlubiyyətinizin səbəbini necə izah edərdiz?

- Yarımfinal döyüşünə də yaxşı hazırlaşmışdım. Amma idman şansı deyilən bir anlayış var. Bu da mənin tərəfimdə olmadı. Halbuki bir ay qabaq Dünya Kubokunda o rəqiblə görüşmüşdüm, rahat şəkildə məğlub etmişdim.

- Çox qarşılaşmısız onunla?

- Bir necə dəfə olub. Əvvəllər də 3-4 dəfə qalib gəlmişəm ona. Amma yenə də məndə arxayınlıq yox idi. Rəqibin hansı tərzdə güləşdiyini bilirdim. Sadəcə, alınmadı. Xalqımızın önündə çıxış etmək əlavə məsuliyyət idi. Çalışacam ki, qarşıdakı yarışlarda daha yaxşı nəticə göstərim.

- Deyəsən, bürünc uğrunda görüşdə heç çətinlik çəkmədiniz. Elə buna görə də görüşü 9:0 qələbə ilə bitirdiz...

- Deməzdim ki, rəqibim zəif idi. Çünki bura ən güclü idmançılar seçilib gəlir. Dünya və Avropa çempionatlarının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı idi. Yəqin ki, mən daha hazırlıqlı olduğum üçün asan qalib gəldim.

- Azarkeşlərin dəstəyinin təsiri oldumu?

- Təbii ki, bizim qələbələrimizdə azarkeşlərin də önəmi böyük olub. Verdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edirəm.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR