Dünya çempionumuz: “Qardaşım da, mən də erməni ilə üz-üzə gəldik və...”
Bizi izləyin

Bakı 2015

Dünya çempionumuz: “Qardaşım da, mən də erməni ilə üz-üzə gəldik və...”

Avropa Oyunlarında sərbəst güləşdə medal qazanan idmançılardan biri də Hacı Əliyevdir. O, 61 kq çəki dərəcəsində çıxış edib və oyunların bürünc medalını qazanıb.

Dünya və Avropa çempionumuz Avropa Oyunlarında erməni idmançı üzərində qələbəsi ilə də könülləri fəth etməyi bacarıb.

Güləşçi Publika.az-a müsahibəsində erməni idmançını məğlub etdiyi üçün çox sevindiyini dilə gətirib:

- Avropa Oyunlarında sizdən qızıl medal gözlənilirdi, amma bürünclə kifayətlənməli olduq...

- Düzdür, çoxları məndən qızıl gözləyirdi. Elə mən özüm də hər bir idmançı kimi qızıl medal qazanmaq məqsədi ilə döşəyə çıxmışdım. Təəssüf ki, bu alınmadı. Amma bürünc medalı da yaxşı nəticə saymaq olar məncə. Sevinirəm ki, medalsız qalmadım.

- Açıqlamanızda məğlubiyyətə səbəb kimi qidadan zəhərlənməyinizi göstərmisiz...

- Düzdür, alınmamasının bir səbəbi də qidadan zəhərlənməyim oldu. Bundan əlavə, sağlamlığımda müəyyən problemlər var idi. Xüsusən də dizimdə zədəm var. Ona görə də taqətim qalmamışdı, güləşməyə gücüm yox idi. Buna görə də yarımfinalda rus idmançıya məğlub oldum.

- Siz və qardaşınız Yaşar Əliyev qızıl medal qazana bilmədiz. Amma hər ikinizin erməni rəqib üzərində qələbəniz bütün xalqı sevindirdi (Hacı Əliyev 1/8 finalda Volodya Franqulyana heç bir şans verməyib - 7:0. Qardaşı Yaşar Əliyev 57 kq çəki dərəcəsində 1/4 final görüşündə ermənistanlı Qarik Barseqyanı üstələyib).

- İkimiz də erməni idmançılarla üz-üzə gəldik. Erməni idmançısına qalib gəlmək böyük məsuliyyət idi bizim üçün... Çünki bizi hamı izləyirdi. Düşünürəm ki, bu, özü də bir qələbədir. Azərbaycan xalqı qarşısında erməni idmançıya qalib gəlməyim elə mənim üçün böyük uğurdur.

- Avropa Oyunlarının təşkilatçılığı barədə nə düşünürsüz?

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox sevindiricidir. Uzun müddət yaddaşlarda qalacaq, xatırlanacaq. Təbii ki, oyunlar çox yüksək səviyyədə təşkil olunub.

- Qarşıda dünya çempionatı var. 2-ci dəfə sizdən dünya çempionatında qələbə gözləmək olarmı?

- Düz vurğuladız, dünya çempionatı bizi gözləyir. Ümumiyyətlə, qarşıdan gələn bütün yarışlara, xüsusən də dünya çempionatına hazırlaşacağıq. Burada buraxdığımız səhvləri orada buraxmamağa çalışacam. Çalışacağam ki, dünya çempionatında bunun əvəzini çıxım və ikinci dəfə dünya çempionu olaraq qızıl medalı ölkəmizə gətirim. Ondan sonra da inşallah Rio-de-Janeyro Olimpiya oyunları bizi gözləyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm