• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qızıl medalçımız: “Kasıb idik, pulumuz yox idi” – MÜSAHİBƏ

Qızıl medalçımız: “Kasıb idik, pulumuz yox idi” – MÜSAHİBƏ

Axar.az I Avropa Oyunlarının şotokan karate do idman növü üzrə qızıl medal sahibi Ayxan Mamayevlə müsahibəni təqdim edir:

Həmin məğlubiyyəti unuda bilmirəm

– Neçə yaşından idmana başlamısınız və necə oldu ki, məhz bu idman növünü seçdiniz?

– 7 yaşımdan idmanla məşğulam. İdmana gəlməyimdə qardaşımın böyük köməyi olub. Əvvəlcə qardaşım yazılmışdı bu idman növünə. Valideynlərim bizi məşqə aparanda kənardan qardaşıma baxıb həvəslənir, müxtəlif hərəkətlər edirdim. Kasıb idik, məni də idmana qoymağa maddi vəziyyət imkan vermirdi. Müəllimim Şahin Xudaverdiyev sağ olsun, dedi ki, görürəm uşaq həvəslidir, pul lazım deyil, qoyun bu uşaq da gəlsin. Bununla da mən idmanla məşğul olmağa başladım. Müəyyən vaxtdan sonra qardaşımın ürəyində problem oldu və idmanı atmaq məcburiyyətində qaldı. Amma mən davam etdim və çox şükür ki, davam etmişəm.

– Səhv etmirəmsə, sizin ixtisasınız tətbiqi riyaziyyat və kibernetikadır. İdman və təhsil bir arada çətin olmur ki?

– Anam çox ciddi qadın olub. Mən də, qardaşım da onun qorxusundan mütləq dərslərimizi oxumalıydıq. Evimiz məktəbə yaxın idi. Anam hər gün məktəbə gəlib dərsimizlə, özümüzü necə aparmağımızla maraqlanırdı. Düz onuncu sinfə qədər anam hər iclasa gələndə başıuca tərk edirdi məktəbi. Amma artıq on birinci sinif iclaslarından birində anama məndən şikayət etdilər. Ondan sonra anam bir də məktəbə gəlmədi. Amma bütün qazandıqlarıma, ali məktəbə daxil olduğuma, əldə etdiyim qələbələrə görə – hər bir şeyə görə anama minnətdaram. Çünki anam mənə həyatda çox dəstək olub. Düzdür, atam da dəstək olub, amma o, pul qazanmaq üçün müxtəlif ölkələrdə olub daim. Demək olar ki, həyatımı anamla keçirmişəm. Məktəbi qurtaranda anam istəmirdi əsgərliyə gedim. Və mənə dedi ki, universitetə daxil olmalısan. İdman institutuna da daxil ola bilərdim, amma istədim ki, əlimdə bir sənətim, normal diplomum olsun. Sənədlərimi verdim və 385 balla BDU-nun tətbiqi riyaziyyat və kibernetikasının kompüter elmləri ixtisasına daxil oldum. Düzdür, oxumaq və məşq etmək çətin idi, amma başda Abel müəllim olmaqla universitet heyəti mənə çox köməklik göstərdi, məşq etməyimə şərait yaratdılar. Çünki oxuyub və eyni zamanda məşq etmək çox çətin idi. Artıq böyük karyeraya başlamışdım və oxumaqdan daha çox idmana vaxt ayırırdım. Çox şadam ki, o vaxt idmana üstünlük vermişəm.

– Hansı məğlubiyyətinizi heç vaxt unutmayacaqsınız?

– Əlbəttə, elə məğlubiyyətlər olub. Elə anlar olur ki, hesabda irəlisən, amma hansısa səhvin ucbatından, cəriməylə oyunu uduzursan. Məndə elə məğlubiyyət olub, amma bir o qədər də məyus olmamışam. Çünki ən yaxın dostuma məğlub olmuşam. 4-0 hesabı ilə irəlidəydim, amma cərimələrlə uduzdum. Məyus olduğum o olub ki, 2011-ci ildə İspaniyada keçirilən Avropa Çempionatının finalına çıxmışdım və burnumdan çox ağır zədə almışdım, qanım dayanmırdı. Uzun tamponu burnuma saldılar. Nəfəs almaqda çətinlik çəkirdim və finalda məğlub oldum. Normal halda döyüş 3 dəqiqə gedirsə, mənim final döyüşüm 13 dəqiqə çəkdi.

Elnur Məmmədli karyerasına son qoya bilər...

– Bildiyimiz kimi, idman da bir mədəniyyətdir. Erməni idmançılarla döyüşlərə Qarabağ prizmasından yanaşmaq nə dərəcədə düzgündür?

– Sadəcə, bunu demək istəyirəm ki, siyasəti idmana qatmaq çox böyük səhvdir. O idmançımız haqda çox xoşagəlməz şeylər yazdılar, amma hər halda o istəməzdi ki, erməniyə uduzsun. Deməli, həmin gün onun günü deyildi. Amma mən çox sevinirəm ki, Ermənistanın himni səslənmədi. Bizim idmançımızı məğlub etsə də, finalda uduzdu. Bir şeyi də qeyd edim: əgər bir Azərbaycan əsgəri cəbhə xəttində erməni gülləsi ilə həlak olursa, biz ona qəhrəman adı veririk. Amma döyüşdə məğlub olan idmançımıza az qala “vətən xaini” deyirik. Bu, düzgün deyil. Biz döyüşə əlimizdə silahla gediriksə, tatamidə də idmana uyğun silahlanırıq və qələbə qazanmağa çalışırıq. Heç kim istəmir ki, məğlub olsun, hamı qələbə əzmilə döyüşə çıxır. Amma kiminsə bəxti gətirir, kiminkisə gətirmir.

– Elnur Məmmədli çoxsaylı titul və fəxri adlara sahib olduqdan sonra idman karyerasına son qoydu. Sizin belə bir fikriniz varmı?

– Yox, belə bir fikrim yoxdur. Mənə çox sual verdilər ki, çempionluq səni dəyişdimi? Məni çempionluq heç vaxt dəyişə bilməz. Çünki anam mənə uşaq yaşlarımdan deyib ki, Ayxan, ağac bar verəndə başını aşağı əyər. Nəticələrim, medallarım nə qədər çoxalsa da, mən bir o qədər təvazökar olacam. İdmançını adi insandan fərqləndirən bilirsiniz nədir? Bir prezidentdir, bir də idmançılardır ki, bayrağımızı yüksəldə bilirlər. Buna görə çox şadam ki, mən idmançıyam.

Mən hələ cavanam, irəlidə vacib oyunlarım, uğurlarım olacaq. Mən nə qədər ki, cavanam və sağlamam, çalışacam ki, bu gözəl nəticələrimi təkrarlayım, bayrağımızı yüksəldim, himnimizi səsləndirim. Çünki bu gözəl hissi yaşamaq üçün yalnız idmançı olmalısan. Elnur Məmmədli ola bilər ki, idman karyerasına son qoyub, bu, onun öz şəxsi seçimidir. Mənim elə bir fikrim yoxdur. Döyüşmək istəyirəm. Və çox istəyirəm ki, çempionluqda yaşadığım o möhtəşəm hissi dəfələrlə təkrar yaşayım.

Brüs Li həyatımı dəyişib

– Günümüzdə gənclər təhsilə daha çox önəm verməlidir, yoxsa idmana?

– Mən, ümumiyyətlə, hamını idmana çağırıram. İdman sağlamlıq üçün çox önəmlidir. Bu, insanı bütün pis vərdişlərdən uzaq tutur. Amma təhsilə qalanda, təhsil də öz növbəsində önəmlidir. Savadsız, diplomsuz insan çox əziyyət çəkir. Nadir hallarda kimsə həm idmanla məşğul olur, həm də təhsil ala bilir. Çox şükür ki, mən bunu bacarmışam.

– Karatedə daha çox nə önəmlidir? Ağıl, cəldlik yoxsa güc?

– Düşünürəm ki, döyüş təcrübəsi hər şeydən önəmlidir. Çünki bir idmançı nə qədər mükəmməl olsa da, zaldan bayıra çıxmırsa, onun nəticə verməyi çox çətindir. O, gərək yarış və rəqabət görsün. Elə idmançılar var ki, təməli zəifdir, amma o qədər yarış görür ki, nəticə verməyə başlayır. Ümumilikdə, hər şey olmalıdır – ağıl da, sürət də, texnika da. Amma mən üstünlüyü təcrübəyə verərdim.

– Yəqin ki, uşaqlıqdan sizə stimul verən kumiriniz olub...

– Əlbəttə olub. Mənim kumirim Brüs Li olub. Uşaqlıqda nə vaxt televizora baxırdım Brüs Lini göstərirdilər. O, həqiqətən də, mənə uşaqlığımda çox stimul verib, demək olar ki, həyatımı dəyişib. Böyüdükdən sonra isə bizim fəxrimiz Rəfael Ağayev... “Karatemizin brilyantı” adını alan idmançımızla məşq etmək böyük xoşbəxtlikdir. Ümumiyyətlə, Azərbaycan komandası çox güclüdür. Biz həm tək, həm komanda şəklində dəfələrlə sözünü demiş idmançılarıq. Biz bir ailəyik. Hamımız birlikdə olanda çox böyük qüvvəyik.

Həmin rəqibim çox güclü idi

– Avropa Oyunları zamanı qarşılaşmaq istəmədiyiniz rəqib var idi?

– Ümumiyyətlə, heç biri ilə qarşılaşmaq istəməzdim. (gülür) Demək olar ki, ən güclü idmançılar gəlmişdi. İnanın ki, Avropa Çempionatında, dünya çempionatında hansısa rəqiblə çıxacağından doğan həyəcan var idisə, bu dəfə məndə o həyəcan olmadı. Tək həyəcanım məsuliyyətdən doğurdu. “Mən burda qalib gəlməliyəm, mən bunu çoxdan gözləyirdim”in həyəcanı idi. Qorxub çəkinmək həyəcanı isə olmadı. İlk döyüşüm yunan idmançısı ilə oldu. Əzəli rəqibimdir, beşinci dəfə idi ki, qarşılaşırdıq. İki dəfə o məğlub etdi, iki dəfə mən, bir dəfə də heç-heçə olduq. Çox güclü rəqibdir, onunla müəyyən qədər çətinlik çəkdim. İlk döyüşüm onunla oldu, finala da onunla çıxdım. Mənim çəkimdə bir polşalı, bir də müəyyən qədər ukraynalı zəif idi. Digərləri çox güclü rəqib idilər – dünya və Avropa çempionları.

– Karyeranız boyu yaşadığınız hansı unudulmaz xatirələriniz olub?

– Biz hansı ölkəyə getsək, xəritəni əlimizə götürüb çıxırıq şəhəri gəzməyə. Dil biliyimiz və hər hansı bir məlumatımız olmasa belə, özümüzə maraq yaratmağa çalışırıq. Özümüzə əyləncə yaratmağa çalışırıq həmişə. Əlbəttə ki, hər yarışdan sonra partilər olur və yetərincə əylənirik. Özümə qapanan insan deyiləm, gərginliyi özümdən uzaqlaşdırmaq üçün əylənməyi sevirəm.

Tarix yazdığım üçün sevinirəm

– Mütaliə ilə aranız necədir?

– Orta məktəbi əlaçı kimi bitirmişəm, amma bədii ədəbiyyata marağım yoxdur. Rəsul Çunayev – qızıl medal sahibimiz öz müəllimi ilə söhbət edərkən çox gözəl bir cümlə işlətdi: “Mən tarixi oxumağı xoşlamasam da, tarix yazmağı xoşlayıram”. Bu cümlə çox xoşuma gəldi. Həqiqətən də, mən tarix yazmağa nail olduğum üçün çox sevinirəm. Bilirəm ki, Avropa Oyunları nə vaxtsa müxtəlif Avropa ölkələrində keçiriləcək və hər dəfə açılışda ilk Avropa Oyunlarının qaliblərini göstərəcəklər. Çox sevinirəm ki, orada mənim də qələbəm yer alacaq.

– İdmandan başqa hansı maraqlarınız var?

– Həm də rəssamam. Uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Məni çəkməyə gələn televiziya işçiləri portretlərimə baxıb məəttəl qalmışdılar. Əl qabiliyyətim pis deyil. Ondan başqa, futbola böyük həvəsim var. Universitetdə oxuyanda futbol komandamızın kapitanı idim.

– Daha çox nə çəkirsiniz?

– Mən heyvanat aləmini çox sevirəm, buna görə də daha çox heyvanları çəkirəm. Mənim itim də, papuqayım da, pişiyim də, balığım da olub. Düzdür, insan portretləri də çəkirəm, amma bu daha çox vaxt, səbir tələb edir. Buna görə heyvan şəkillərinə daha çox üstünlük verirəm.

– Professional idmançı olmağınızdan mübahisə və davalar zamanı istifadə etmisiniz?

– Belə hallar uşaq yaşlarımda olub. Yəni orta məktəbdə təhsil alarkən davalarda bundan istifadə edirdim. Amma indi qətiyyən.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR