Dünya çempionunu yenən boksçumuz: "Ona yalnız iki yolla qalib gəlmək olardı"
Bizi izləyin

Bakı 2015

Dünya çempionunu yenən boksçumuz: "Ona yalnız iki yolla qalib gəlmək olardı"

"Döyüş sürət üzərində qurulmuşdu. Ona görə də yalnız 2 yolla qalib gəlmək olardı: sürət və hiyləgərliklə".

Publika.az-ın məlumatına görə, bu sözləri 54 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrova üzərində qazandığı qələbədən sonra deyib. Rəqibinin çox güclü olduğunu deyən həmyerlimiz ona zərbə vurmaqda çətinlik çəkdiyini bildirib:

"Rəqibim elə idi ki, ona dəqiq zərbə vurmaq çox çətin olurdu. Əlləri uzun idi, başı isə sanki daha geridə idi. Bu cür rəqibə qalib gəldiyim üçün çox sevincliyəm".

Qalib elan olunduqdan sonra sevincindən rinqdə atılıb-düşən boksçumuz bunun səbəbini ən azı bürünc medal qazanması ilə əlaqələndirib:

"Bunu ona görə etdim ki, artıq minimum vəzifəni yerinə yetirib bürünc medal qazanmışam. Amma bununla kifayətlənmək istəmirəm. Hər döyüşə xüsusi yanaşıram".

Daha sonra yarımfinaldakı rəqibindən danışan təmsilçimiz finala çıxmaq üçün əlindən gələni edəcəyini bildirib:

"Yarımfinalda rusiyalı Yelena Savelyeva ilə qarşılaşacam. Ona bir dəfə məğlub olmuşam. Amma bu dəfə qələbə qazanacağıma inanıram. Məni bütün döyüşlərə bacım və atam hazırlayır. Onlar mənim kumirimdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm