İlham Zəkiyev: “İllər sonra bunu çox yaxşı başa düşəcək” - FOTO/VİDEO
Bizi izləyin

Bakı 2015

İlham Zəkiyev: “İllər sonra bunu çox yaxşı başa düşəcək” - FOTO/VİDEO

I Avropa Oyunlarını 21 qızıl medalla başa vurduq. Bu, Azərbaycan idman tarixinə qızıl hərflərlə həkk olundu. Təbii ki, bu cür turnirdə medal qazanan hər bir idmançının zəfəri ilə fəxr etməyə dəyər. İlk Avropa Oyunlarında hər 3 əyarda medal sahibi olan paralimpiyaçı cüdoçular da hamıya sevinc bəxş etdi. Onlar olimpiyaçı cüdoçulardan fərqli olaraq, etimadı sonuna qədər doğrultdular.

Paralimpiyaçılardan Avropa Oyunlarında fəxri kürsünün ən yüksək zirvəsini fəth etmiş İlham Zəkiyevin qələbəsi, doğrudan da, azarkeşləri sevinc göz yaşına boğdu. Daha sonra prezident İlham Əliyevin ona medalını təqdim etməsi, onunla birlikdə fəxri kürsüdə yer alması əsl qələbə idi. Ali baş komandan hətta İ.Zəkiyevlə bağlı çox gözəl fikir də səsləndirib: “İlham Zəkiyev cəsarət, ləyaqət simvoludur”.

Azərbaycana 26 iyun – Azərbaycanın Silahlı Qüvvələr Günündə qızıl medal bəxş edən idmançımızın qələbəsinə sevinən insanlardan biri də onun ən yaxın dostu Emil Baxşıyev olub. Emil bəy dostu Zəkiyevin final görüşünə çıxdığı və qələbə qazandığı an sevincdən kövrəlib. Hətta onun bu anı kameraların da obyektivindən yan keçməmişdi.

Qələbəsi ilə növbəti dəfə adını tarixə qızıl hərflərlə həkk edən 2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu, əfsanəvi idmançı İlham Zəkiyevdən müsahibə ala bilmək iyunun 27-də bizə qismət oldu. Qarabağ qazisi Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı həm sevincini anlatdı, həm də ona dəstək olanlara təşəkkürünü bildirdi.

- Sizi bir daha təbrik edirəm, inşallah, bu uğuru 2016-cı ildə Rio-de-Janeyro Paralimpiya Oyunlarında da təkrarlayarsız.

- Təşəkkür edirəm. İnşallah, Allahın köməyi ilə...

- Avropa Oyunlarında qazandığınız qızıl medala ilk toxunduğunuz zaman nə hiss etdiniz?

- Əsas odur ki, mən qızıl medalı qazandım, bunu bacardım. Bu qələbəni bizə bəxş edən Allaha həmd olsun. Cənab prezident İlham Əliyevin qızıl medalı mənim boynuma asmağı mənə xüsusi zövq verdi. Həmçinin 26 iyun Silahlı Qüvvələrimizinin yaranması günü münasibəti ilə ali baş komandanımızı təbrik etdim. Aprelin 26-da Atəşgahda cənab prezident Avropa Oyunlarının məşəlini alovlandıranda onunla söhbətimiz oldu. Prezidentə dedim ki, 26 iyun Silahlı Qüvvələr günü mən güləşəcəm. Orada söz verdim ki, ali baş komandanımıza medal hədiyyə edəcəm. Mən prezidentdən xahiş etdim ki, fəxri kürsüyə mənim yanıma çıxsın. O da sağ olsun, dəvətimi qəbul etdi, xahişimi yerə salmadı. Fəxri kürsüdə olarkən prezidentə dedim ki, “cənab ali baş komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi”.

- Bir əsgərin verdiyi sözün üstündə dura bildiyini sübut etməsi, bu anı yaşaması necə bir hisdir? Mənim üçün çox maraqlıdır.

- Azərbaycan əsgəri həmişə verilən əmrləri layiqincə yerinə yetirir. Bu da böyük qürurdur.

- Səhv etmirəmsə, Azərbaycan idman tarixində ilk dəfədir ki, prezident İlham Əliyev idmançı ilə birlikdə fəxri kürsüyə qalxır...

- Azərbaycan idman tarixində ilk dəfə də olsa, biz çox ilklərə imza atmışıq. Amma qeyd edim ki, cənab prezidentin orada olmasının simvolik mənaları çox dərindir. Bizim prezidentimiz dünyada birincidir.

- Cənab prezident sizin final görüşünüzü xüsusi olaraq gözləyirdi...

- Bəli, hətta yarışın proqramında dəyişiklik də olundu. Elə oldu ki, cənab prezident mənim final görüşümə baxmağa gəldi. Sağ olsun, bu da idmana, bizə olan diqqət, qayğıdır. Cənab prezidenti fəxri kürsüyə dəvət edərkən vurğulamaq istəyirdim ki, biz bu yarışları keçirməkdə bir nömrəyik. Həm yarışların səviyyəsi, həm təşkilatçılıq... Bundan sonra bir idmançı kimi inanmıram ki, Avropa Oyunları bu səviyyədə keçə...

- Ailə üzvlərinizdən yarışınızı izləməyə gələnlər olmuşdu?

- Hamısı orda idi, qardaşım, anam, bacım, həyat yoldaşım, böyük oğlum, qızım orda idi. Sonbeşiyimiz Həmzə orada yox idi. Onun həmin gün doğum günü idi.

- O zaman qəhrəman atanın qızıl medalını onun üçün də hədiyyə hesab etmək olarmı?

- Elədir, onun üçün də qızıl medal böyük hədiyyə oldu. Düzdür, hələ çox balacadır, bəlkə də, bu hədiyyənin əhəmiyyəti onun üçün bir o qədər maraqlı deyil. Amma əminəm ki, illər sonra o, bunu çox yaxşı başa düşəcək.

- Maraqlıdır, böyük oğlunuz medalı əlinə götürəndə nə dedi?

- Siz inanırsız ki, mən hələ onlarla görüşə bilməmişəm. Dünən qələbədən sonra da heç onlarla görüşə bilmədim. Media ilə görüş oldu, sonradan dopinq testə getdim. Ailəm heç medalı görə bilmədi.

- Ananızla telefonla danışa bilmisizmi?

- Təbii ki, danışmışam. Sadəcə dedi ki, fəxr edirəm. Belə bir oğulla fəxr edirəm dedi. Allah bütün analara ancaq sevinc göz yaşları versin.

Aygün İlqarqızı

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm