Bakı 2015
Bakı - Avropanın yeni idman paytaxtına çevrildi
Avropa siyasi və iqtisadi cəhətdən dünyanın mərkəzi
olmaqla yanaşı, idman sahəsində də bu statusa sahib çıxmaq
niyyətini dəfələrlə nümayiş etdirib. Olimpiya hərəkatının “köhnə
qitə”də başlanmasını nəzərə alsaq, beynəlxalq idman dəyərlərini
bütün dünyada yaymaq və inkişaf etdirmək məsuliyyəti də Avropanın
üzərində olub.
Azərbaycan müasir dövrdə Avropa Olimpiya hərəkatının
başlanğıc nöqtəsi oldu
Fransız zadəgan Pier De Kubertinin təşəbbüsü ilə keçirilən ilk
müasir olimpiya oyunlarının əsas məqsədi və hədəfi idman dəyərləri
vasitəsilə dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq, onlar
arasında sülh və dostluq münasibətlərini inkişaf etdirmək idi.
Şübhəsiz, olimpiada dünyanın ən güclü atletlərinin mübarizə
meydanına çevrilən və xalqları bir araya gətirən ən mötəbər idman
festivalıdır. Lakin 4 ildən bir il keçirilən bu forumla yanaşı,
digər qitə miqyaslı multi-idman yarışları da hər zaman atletlər
arasında rəqabət və idman dəyərlərinin təbliği baxımından böyük
əhəmiyyət kəsb edib. Müasir olimpiya oyunlarının keçirilməsindən
sonra bütün qitələrdə multi-idman Oyunları təşkil edildi. Pan
Amerika Oyunları 1951, Sakit Okean Hövzəsi Oyunları 1963, Afrika
Oyunları 1965, Asiya Oyunları 1978-ci ildən keçirilir. Avropa isə
gözləyirdi.“Köhnə qitə” digər kontinentlərdən bu sahədə geri
qalırdı. Uzun illər idi ki, Avropanın idman ictimaiyyətində
Oyunların keçirilməsi barədə ideya var idi, lakin bunu
reallaşdırmaq mümkün olmurdu. Nəhayət, Avropa Oyunlarının
keçirilməsi barədə qəti qərar verildi. 2012-ci ilin dekabr ayında
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya
Komitələrinin İcraiyyə Komitəsinin 41-ci Baş Assambleyasında Avropa
Oyunlarının keçirilmə tarixi və ev sahibi şəhəri seçildi. Dünya
olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycan bu tarixi
missiyanı öz üzərinə götürdü. Avropa Olimpiya Komitələrinin
üzvlərinin böyük əksəriyyəti Bakı şəhərinin ev sahibliyini
dəstəklədi.
Avropa Bakıya “amazing” və “fantastic”
dedi
İlk Avropa Oyunlarına hazırlıq prosesi 2 il 6 ay müddətinə
yekunlaşmalı idi. Çoxları buna inanmırdı, şübhələr var idi. Amma
günlər keçdikcə, bu şübhələr aradan qalxdı.
Əsas diqqət ilk növbədə idman infrastrukturunun inkişafı, yeni
təsisatlar və mövcud olan qurğuların yenidən qurulmasına yönəldi.
Üstəlik, Oyunların keçirilməsi barədə verilən qərardan əvvəl də
artıq Bakıda bir neçə möhtəşəm idman arenasının tikintisinə
başlanmışdı. Yekunda, 20 idman növü üzrə keçirilən yarışlar 5 yeni
arena da daxil olmaqla, ümumilikdə 21 obyektdə təşkil edildi.
Avropanın 50 olimpiya komitəsinin 6000-dən artıq atleti 253 dəst
medal uğrunda mübarizə apardı. İlk dəfə keçirilməsinə baxmayaraq,
Oyunlara maraq böyük idi. Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya,
İtaliya, Polşa, İspaniya, Ukrayna və digər ölkələr ən geniş
nümayəndə heyətləri ilə təmsil olunmaqla yanaşı, ən güclü
atletlərini Bakıya göndərdilər. Rio-2016 Yay Olimpiya Oyunlarına
lisenziya imkanları da Avropa Oyunlarının əhəmiyyətini bir qədər
artırırdı. İyunun 12-də Bakı Olimpiya Stadionunda keçirilən
möhtəşəm açılış mərasimi bütün dünyanı heyrətləndirməklə yanaşı,
Oyunların yüksək səviyyədə keçiriləcəyindən xəbər verirdi. 17
günlük idman festivalı nəinki Azərbaycan və Avropada, eləcə də
bütün dünyada böyük əks-səda doğurdu. Bu həyəcanın ünvanı isə Odlar
Yurdu Azərbaycan idi. 150-dən artıq televiziya kanalının canlı
yayımladığı Oyunları planetin 1 milyarddan artıq tamaşaçısı
izlədi.
Avropanın Bakının hazırlığına verdiyi qiyməti “amazing”
(heyrətamiz) və “fantastic” oldu.
Oyunların mirası
Oyunların mirası unudulmaz olacaq. Həm ölkəmiz, həm də Avropa
üçün. Olimpiya standartlarına uyğun şəkildə təşkil edilən Avropa
Oyunları innovativ yarış oldu. Burada bir çox yeniliklər tətbiq
edildi və sınaqdan uğurla çıxdı. “Bakı -2015” brendi gələcək
olimpiya oyunları üçün bir nümunəyə çevrildi. Bunu əsaslandırmaq
üçün bir faktı demək kifayətdir. Dünya idman tarixində ilk dəfə
olaraq gimnastikanın 6 növü üzrə yarışlar eyni məkanda və eyni
vaxtda keçirildi. Milli Gimnastika Arenasının ev sahiblik etdiyi
mübarizə artıq növbəti olimpiya oyunları çərçivəsində keçiriləcək
gimnastika yarışları üçün uğurlu bir nümunə oldu və beynəlxalq
federasiya bu təcrübəni yaxın gələcəkdə tətbiq etmək qərarına
gəlib. Müxtəlif idman növləri üzrə təsis edilən və olimpiya
standartlarına cavab verən qurğular növbəti mötəbər beynəlxalq
yarışlar üçün hazır bazadır. Avropa Oyunlarının ən böyük töhfəsi
yeni tamaşaçı mədəniyyəti və ənənəsinin əsasının qoyulması oldu.
Oyunlarda arenalarda tamaşaçı iştirakı rekord göstəricilərə çatdı.
Bu multi-idman festivalı Azərbaycanda idmanın kütləviliyinə böyük
təkan verəcək. Gərgin rəqabət və baxımlı yarışlar, atletlərimizin
uğurlu çıxışı, avropanın ulduz idmançılarının paytaxtımızda
mübarizə aparması və s. - bütün bu amillər uşaq və yeniyetmələr
arasında idmana olan marağı daha artıracaq.
Avropa Oyunları kimi mötəbər yarışa ev sahiblik insan kapitalı
mirasını da qoydu. Oyunların Əməliyyat Komitəsində çalışan işçi
heyətinin əksəriyyəti azərbaycanlılar idi, onların əcnəbilərlə
əməkdaşlıqdan əldə etdiyi əvəzolunmaz təcrübə, bilik və
bacarıqlarının təkmilləşdirilməsi gələcəkdə ölkəmizdə keçiriləcək
bu qəbildən olan idman tədbirlərinin təşkilinə böyük töhfə olacaq.
20 minə yaxın könüllünün Oyunlara cəlb olunması da Azərbaycanda
yeni ənənənin əsasını qoydu. Odlar Yurdunun könüllülərinin “alov
qoruyanlar” adlanması isə təsadüfi deyildi.
Avropa isə dünyaya öz multi-idman Oyunlarını Azərbaycanın
timsalında möhtəşəmliyi ilə təqdim etdi.
Oyunlar Azərbaycanın idman ölkəsi olduğunu sübut
etdi
290 atletlə təmsil olunan Azərbaycan yarışların yekununda 21
qızıl, 15 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazandı.
Bu möhtəşəm göstərici qeyri-rəsmi komanda sıralamasında Azərbaycanı
Rusiyadan sonra ikinci pillədə qərarlaşdırdı. Oyunlar Azərbaycanı
idman ölkəsi kimi Avropaya və dünyaya bir daha tanıtdı. Qürurverici
məqamlar çoxdur. Ölkəmiz dünyaya əfsanəvi idmançı da bəxş etdi.
Dünya Karate Federasiyasının prezidenti Antonio Espinozun
komandamızın üzvü, 4 qat dünya və 9 qat Avropa çempionu, döyüş
növləri üzrə dünya oyunlarının çempionu və digər beynəlxalq
turnirlərin qalibi Rafael Ağayevi Avropa Oyunlarında qazandığı
zəfərdən sonra “karate dünyasının əfsanəsi” adlandırması fəxr
ediləsi və unudulmaz anlardan oldu. Paytaxtımıza təşrif buyuran
müxtəlif idman növləri üzrə dünya və olimpiya çempionları,
mükafatçıları ilk Avropa Oyunlarında ab-havanın möhtəşəm olduğunu
bildirdilər. Bakıda ulduz atletlərin qazanılan qələbədən sonra
yaşadıqları sevinc anları isə olimpiya həyəcanını xatırladırdı.
Onların da dediyi kimi, bu Avropa idmanının yeni tarixi
idi.
Avropa Oyunları ərzində Azərbaycan cəmiyyəti öz daxili birliyini
nümayiş etdirdi. Müəyyən xarici dairələrin təpkisi sərtləşdikcə,
insanlar öz liderinin – İlham Əliyevin ətrafında daha sıx
birləşdilər. Əslində, Avropa Oyunlarının keçirildiyi günlər həm də
xalq-hakimiyyət vəhdətinin təcəssümünə çevrildi. Bu səbəbdən Avropa
Oyunlarına kölgə salmağa cəhd edən dairələrin istəyi puç oldu və
idman dəyərlərinin möhtəşəm zəfəri yaşandı.
Bakı-2015 Avropa idmanında yeni səhifə açdı. (Trend)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK