Tarixdə bir ilk: Avropa Oyunları Dünya mətbuatı “Bakı-2015” haqqında
Bizi izləyin

Bakı 2015

Tarixdə bir ilk: Avropa Oyunları Dünya mətbuatı “Bakı-2015” haqqında

Bəşəriyyəti birləşdirən əsas dəyərlərdən biri kimi idman sağlam düşüncəli gələcək nəslin formalaşmasında mühüm rol oynayan amildir. Hər il müxtəlif formatlarda və fərqli növlərdə çoxlu sayda beynəlxalq idman tədbiri keçirilir. Ən irimiqyaslı idman tədbirləri Olimpiya Oyunları və müəyyən qitələrdə keçirilən oyunlar hesab olunur. 1951-ci ildən bəri Amerika qitəsi ölkələrini əhatə edən Panamerika Oyunları və Asiya ölkələrini birləşdirən Asiya Oyunları keçirilsə də, köhnə qitənin ölkələrini birləşdirən oyunlar yox idi.

Tarixdə ilk Avropa Oyunlarının təşkil edilməsi barədə qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitələrinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 ölkədən 38-i ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyinə şübhə ilə yanaşan bəzi Qərb dairələrinin təəccübünə rəğmən çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı.

On yeddi gün ərzində davam edən multi-idman yarışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu görənlərdən bəziləri bunu sevinclə, bəziləri etinasızlıqla, bəziləri isə məyusluqla qarşıladılar. Bütün çətinliklərə və Qərb mətbuatının bəzi nümayəndələrinin qərəzli mövqeyinə baxmayaraq, bu olduqca əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəldik.

Oyunların yüksək səviyyədə təşkil olunduğunu tək biz yox, beynəlxalq ekspertlər, müxtəlif ölkələrin Olimpiya komitələrinin rəhbər şəxsləri, yarışlarda iştirak edən idmançıların özləri və bu beynəlxalq tədbiri işıqlandıran jurnalistlər də təsdiq edirlər.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov “Bakı-2015” ilk Avropa Oyunlarının yekunları və təşkilatçılıq barədə təəssüratlarını bölüşərkən Bakıdakı arenaları London Olimpiadasının idman qurğuları ilə müqayisə edib və Oyunların təşkilinə cəlb olunmuş könüllülərin fəaliyyətini yüksək qiymətləndirib.

A.Jukov Avropa Oyunlarının proqramında qeyri-olimpiya idman növlərinin yer almasını da düzgün qərar adlandırıb.

“Əlbəttə ki, birinci Avropa Oyunlarının proqramına qeyri-olimpiya idman növlərinin də daxil edilməsi düzgün qərardır. Azarkeşlər bu idman növləri ilə daha yaxından tanış olmaq, müsbət məqamları qiymətləndirmək və yeni yarışları izləmək imkanı qazanırlar. Misal üçün, Rusiya sambo idman növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsinə çalışır. Bu səbəbdən, sambonun Asiya və Avropa Oyunları kimi vacib yarışların tərkib hissəsi olmasını yüksək qiymətləndirirəm. Fikrimcə, yarışlar çox maraqlı keçdi və xoş təəssüratlar yaratdı”, - deyə o bildirib.

Birinci Avropa Oyunları zamanı Qərb mətbuatının bəzi nümayəndələrinin Azərbaycana qarşı nümayiş etdirdiyi sərt mövqedən bəhs edərkən Rusiyanın “Sputnik“ radiosunun siyasi analitiki Dmitri Babiç rəsmi Bakıya qarşı yönələn təzyiqləri “əsassız” adlandırıb.

“Gənc müstəqil Azərbaycanın bu yarışlara hazırlaşması üçün cəmi iki il yarım vaxt lazım gəldi. Amma Oyunlara az vaxt qalmış Almaniya Bundestaqında Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən qərəzli qərar, eləcə də Qərb mətbuatı vasitəsilə həyata keçirilən təzyiq kampaniyası da diqqətdən yayınmadı. Azərbaycana qarşı yönələn təzyiqlər əslində 2008-ci il Pekin və 2014-cü il Soçi olimpiadalarında da müşahidə olunub. Bundestaqın 2008-ci və 2014-cü illərdə qəbul etdiyi qərarlarda da hər iki olimpiadanın insan haqlarının pozulduğu bir mühitdə keçirildiyi bildirilirdi. Bu baxımdan 2015-ci il Avropa Oyunlarına qarşı təzyiqlərin sifarişinin əsas məqsədini də çözmək çətin deyil”, - deyə o bildirib.

“Belarus seqodnya” internet portalında dərc olunan “Təşəkkürlər Bakı!” sərlövhəli məqalədə birinci Avropa Oyunlarının tarixin ən gözəl səhifələrindən birinə çevriləcəyi qeyd olunur.

İsrailin “Times of Israel” qəzetində dərc olunmuş “Avropa Oyunları dostluğu və tolerantlığı əks etdirir” sərlövhəli məqalədə Azərbaycanda yəhudilərə qarşı tolerantlığın ən yüksək nümunəsinin sərgiləndiyi vurğulanır.

Müəllif yazır: “Qafqazda böyük önəm daşıyan Azərbaycanın cəsarətli addımları çoxları tərəfindən həsəd və qərəzlə qarşılanır. Azərbaycanın neft-qaz resursları, eləcə də buradan çəkiləcək qaz kəməri Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq. Beynəlxalq terrorizmə qarşı mübarizədə də Azərbaycan mühüm rol oynayır. ABŞ Dövlət Departamentinin ekstremizm, terrorçuluq, çirkli pulların yuyulmasına dair hesabatında da Azərbaycan uğurlu tərəfdaş kimi göstərilib. Ölkə bu məsələlərdə ABŞ-ın və NATO-nun həqiqətən də uğurlu tərəfdaşıdır”.

Birinci Avropa Oyunları çərçivəsində keçirilən qadınların boks yarışlarında qızıl medal qazanan britaniyalı idmançı Nikola Adams Oyunlarla bağlı təəssüratlarını bölüşərkən tarixin bir hissəsi olan bu möhtəşəm yarışlarda qalib gəlməkdən çox məmnun olduğunu qeyd edib.

Macarıstanın nüfuzlu “The Budapest Times” jurnalında dərc olunan məqalədə birinci Avropa Oyunları təşkil edilməyənə qədər Avropanın bu səviyyədə beynəlxalq idman yarışları keçirilməyən yeganə qitə olduğu bildirilir.

Qırğızıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, əməkdar məşqçi Aleksandr Voinov Oyunlarla bağlı fikrini bildirərkən qeyd edib ki, bu möhtəşəm idman tədbirinin keçirilməsi üçün yaradılan infrastruktur gələcəkdə də ölkənin idman uğurlarının artmasına xidmət edəcək. Vitse-prezident bildirib ki, Azərbaycan idmançılarının uğurları onların 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında da yüksək nəticələr göstərəcəklərinə sübutdur. İdmanın inkişafına yönəldilən dövlət siyasəti Azərbaycanda yeni-yeni yarışların keçirilməsinə imkan yaradacaq və yeni idman qəhrəmanları yetişəcək. Bu da gələcək üçün daha güclü və sağlam nəsil yetişdirmək deməkdir.

Ukraynanın gənclər və idman naziri İqor Jdanov birinci Avropa Oyunlarını böyük idman bayramı adlandıraraq atletlərin rahatlığı üçün çox yaxşı şəraitin yaradıldığını qeyd edib.

İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin internet versiyasında Valentin Otterlinin “Avropa Oyunlarından Olimpiya Oyunlarına doğru” sərlövhəli məqaləsi dərc olunub. Müəllif Oyunlar üçün inşa edilmiş idman arenalarının möhtəşəm olduğunu bildirir. Qeyd edir ki, Bakı Atıcılıq Mərkəzinin bəlkə də dünyada tayı-bərabəri yoxdur.

Oyunların ən az açılış mərasimi qədər möhtəşəm təşkil olunan bağlanış mərasimindən sonra beynəlxalq mətbuatın diqqəti yenidən ölkəmizə yönəldi. Əksər xarici mətbu orqanlarda verilən məqalələrdə bağlanış mərasiminin möhtəşəmliyi qeyd olunur.

İspaniyanın “produccion.notitarde.com” saytında yayılmış məqalədə bağlanış mərasimindəki çıxışlar yüksək qiymətləndirilib, səhnə tamaşaları “çox təsirli” adlandırılıb. Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu Oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib.

Fransanın “ladepeche.fr” saytı birinci Avropa Oyunlarını xarakterizə edərək “Olimpiya Oyunlarının ideal surəti” ifadəsini işlədib. Sayt yazır ki, Bakı Oyunların təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi.

“Sportsmax.tv” idman portalı bağlanış mərasiminin möhtəşəmliyini qeyd edərək Bakı Olimpiya Stadionunda keçirilən tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayır. Məqalədə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin fikirləri də yer alıb: “Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir”.

Bu və digər çoxsaylı misallar xarici mətbuatın birinci Avropa Oyunlarına verdiyi önəmi bir daha təsdiq edir. Azərbaycan tarixdə ilk belə tədbirə ev sahibliyi etməklə dünya ictimaiyyəti qarşısındakı mövqeyini daha da möhkəmləndirdi, müstəqil və güclü bir ölkə olduğunu sübut etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm