Vergi güzəştləri, yoxsa dərəcələrin yumşaldılması: hansı daha vacibdir?
Bizi izləyin

Banklar

Vergi güzəştləri, yoxsa dərəcələrin yumşaldılması: hansı daha vacibdir?

Vergi güzəştləri, yoxsa dərəcələrin yumşaldılması: hansı daha vacibdir?

Ölkədə sahibkarlığın və iqtisadiyyatın qeyri-neft sektorunun geniş inkişafı, dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin aşkarlanması və yaradılması mövcud vergi siyasətini yumşaltmağı tələb edir. Düzdür, Azərbaycanda mərhələlərlə bu siyasət aparılır. Ancaq biznes şəraiti hələ tam olaraq əlverişli və cəlbedici xarakter daşımırsa, inhisarçılıq və gizli iqtisadiyyat qalırsa, deməli, bəzi vergi növləri üzrə dərəcələr yüksək səviyyədədir.

Təəssüf ki, vergilərin yumşaldılması dedikdə isə hökumətin iqtisadiyyatın bəzi sektorlarında və bir çox sosial sferalarda stimullaşdırıcı məqsədlə tədbiq etdiyi güzəştlər misal gətirilir. Halbuki, bunlar ayrı-ayrı məsələlərdir. Və iqtisadi qanunlar nöqteyi-nəzərindən güzəştlər əslində, zərərlidir.

Buna misal olaraq götürək, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün müəyyən edilən vergi güzəştlərini... Bu güzəştlər kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə 27 noyabr 2001-ci il tarixdə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanuna əsasən tətbiq edilir. Bu isə 12 ildən çox demək idi. Ancaq buna rəğmən, o daha 5 il uzadıldı. O səbəbdən ki, aqrar sahədə buna ehtiyac var.

Adını çəkdiyimiz qanuna əsasən, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalıyla (o cümlədən sənaye üsulu ilə) məşğul hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət, əlavə dəyər, sadələşdirilmiş sistem üzrə vergilərdən, o cümlədən həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisindən azaddırlar. Kənd təsərrüfatı məhsullarının istehsalıyla (o cümlədən sənaye üsulu ilə) məşğul fiiziki şəxslər isə əlavə dəyər və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəmirlər.

2001-ci ildən tətbiq edilən güzəştlərin sayəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının 1,7 milyard manata qədər vəsaitə qənaət etdikləri və bu müddət ərzində məşğul olduqları sahədə istehsalı 1,2 milyarddan 4,8 milyard manatadək artırdıqları deyilir.Ancaq nəzərə almaq vacibdir ki, həmin 1,7 milyard manat dövlət büdcəsindən kənarda qalmışdır. Ümumiyyətlə, kənd təsərrüfatı məhsulları istehsalçılarını torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad etmək faktiki daha çox iri təsərrüfat sahiblərinin karına gəlməklə, fərdi və xırda torpaq sahiblərinə müəyyən səmərə versə də dövlət büdcəsinin itirməsi ilə nəticələnib.

Yaxud götürək, “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunu... Prezidentin keçən ilin 27 dekabr tarixdə imzaladığı qeyd olunan sənədə əsasən, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğləri 2014-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edildi.

Banklar ilə digər kredit təşkilatlarının əhaliyə ödədiyi əmanətlər üzrə faiz dərəcələrinə tətbiq edilən 10 %-lik vergi ilk dəfə 1999-cu ildə ləğv edilmişdi. O vaxtdan hər ilin əvvəlində Prezident tərəfindən müvafiq sənəd imzalanmaqla, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər üzrə gəlir vergisi ləğv olunur.

Nəticədə də milyonlarla manat vəsait büdcəyə cəlb edilmədən əhaliyə verilmək üçün banklarda qalır. Bu ləğv olunarsa, dövlət büdcəsi hökumətin hesablamasına görə indiki halda il ərzində ən azı 50-60 milyon manat vəsait cəlb edə bilər.Ancaq vergi siyasətinin yumşaldılması isə büdcəni hər hansı vəsaitdən məhrum etmir. Və edə də bilməz. Belə ki, təcrübəyə əsasən, vergi dərəcələrinin aşağı salınması və yaxud tədbiqinin diferensiallaşdırılması ilkin olaraq dövlət büdcəsinə daxilolmanı azaltsa da, qısa müddətdə bazanın genişlənməsinə yardım etdiyindən mədaxilin artması ilə nəticələnir.

Düzdür, vergi sistemində güzəşt və imtiyazların tətbiqi Azərbaycanın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasında əksini tapmışdır. Belə ki, konsepsiyaya görə, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Vergilər Nazirliyinin xətti ilə büdcə gəlirləri ildə 10-15 % artmalıdır. 2013-cü ildə bu rəqəm 13,8 % təşkil edib.Lakin sual yaranır ki, ilk növbədə hansı vergiləri yumşaltmaq yaxşıdır?

Bizcə xüsusən, əlavə dəyər vergisi (ƏDV), gəlir vergisi və sosial ayırmaların dərəcələri dəyişdirilməlidir. Belə ki, ƏDV bəzi sferalarda ləğv edilsə daha yaxşıdır. Ümumiyyətlə isə, adı çəkilən vergi növünün faiz dərəcəsi (hazırda 18 %-dir) aşağı salınmaqla, tədbiqi mexanizmi satışın üzərinə sürüşdürülməlidir. Sosial ayırmaya gəldikdə işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin maaşlarından isə 3 % ayırma hüquqi şəxslər üçün ağır yükdür. Əmək haqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillər hamısı bundan irəli gəlir. Sosial ayırma sahəsində hər hansı səhv siyasət isə büdcənin yükünü artıra bilər. “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair dövlət proqramı” adlı sənədə əsasən, məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsinin işəgötürənlə işçi arasındaki 22+3 nisbətini 20+5 %-lə əvəz etmək nəzәrdә tutulurdu. Və bir ara deyilmişdi ki, 20+5 % nisbətini birincini azaldıb ikincini artırmaq yolu ilə 12,5 %-ə çatdırmaq və hər ikisini bərabərləşdirmək lazımdır.

Bu, hüquqi şəxs yaratmaq yolu ilə sahibkarlıqla məşğul olmaq istəyənlərin işini şübhəsiz, yüngülləşdirə bilər. Ancaq 2015-ci ilə az vaxt qalsa da bu məsələ həllini tapmır. Çünki buna fiziki şəxslərdən gəlir vergisi dərəcələrinin aşağı salınmasıyla bərabər baxmaq lazımdır.

Aylıq gəlirləri 2500 manatadək olan fiziki şəxslərə 14 % vergi tədbiqi də özəl sektorun inkişafı və dövlət büdcəsi üçün yeni gəlir mənbələrinin aşkarlanması üçün böyük maneə sayılır. Yeri gəlmişkən, ölkəmizdə gəlir vеrgisi 1992-1995-ci illər arası 12-55, 1996-1999-cu illərdə 12-40, 2000-2003-cü illərdə 12-35, 2004-2009-cu illər arasında isə 14-35 və nəhayət, 2010-cu idən etibarən, 14-30 % təşkil edirdi. Vergilər Məcəlləsinə edilən sonuncu əlavə və dəyişiklik nəticəsində 2013-cü ildən fiziki şəxslərdən gəlir vergisinin maksimum dərəcəsi 30 %-dən 25-ə endirdi.

Maraqlıdır ki, ölkədə əksəriyyətin əmək haqqları heç 1000 manata çatmadığı halda keçən il tətbiq edilən endirim gəliri 2500-ü aşanlara aid oldu. Ona görə də onun büdcə gəlirlərində pаyı lazım olduğundan azdır və sabit şəkildə artmayaraq aşağı və yuxarıya doğru rəqs edir. Halbuki əksinə olmalıdır.

Hələliksə statistikaya əsasən, bu ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 330,880 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Yeri gəlmişkən, xarici ekspertlər də Azərbaycanda vergi güzəştlərini tədricən aradan götürməklə dərəcələri yumşaltmağı tövsiyə edirlər.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm