Rüfət Aslanlı: “Banklar kredit verməkdən əsassız imtina edərsə...”
Bizi izləyin

Banklar

Rüfət Aslanlı: “Banklar kredit verməkdən əsassız imtina edərsə...”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kredit büroları haqqında” qanun layihəsi müzakirə olunub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kredit büroları haqqında” qanun layihəsi müzakirə olunub.

Publika.az xəbər verir ki, sözügedən qanun layihəsi haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Qanun layihəsi ilə bağlı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, banklar maliyyə hesabatlarını vaxtında açıqlamalıdır: “Vətəndaş da bu məlumatlarla tanış olmalıdır. Çünki, vətəndaşlar pullarını banklara qoyur, sonradan banklar bağlananda vətəndaşlar əziyyət çəkir. Bankların məlumatları açıqlaması təmin olunmalıdır ki, vətəndaş bankın vəziyyətini qiymətləndirə bilsin”.

Millət vəkili Fəzail Ağamalı isə qeyd edib ki, son vaxtlar banklar əhaliyə ciddi problemlər yaradıb: “Biz bu barədə Milli Məclisdə çıxışlar etmişik. Baxmayaraq ki, Rüfət Aslanlı bu sahəyə nəzarət etmək üçün vəzifəyə təyin olunub. Buna baxmayaraq, istehlak kreditləri ilə bağlı problemlər hələ də qalmaqdadır”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deputalara cavabında deyib ki, qanunun təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq: “Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Hər bir bank borcgötürənin vəziyyətini qiymətləndirir. Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə xeyli vəsait xərcləyir. Kredit büroları bankların xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər banklar əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən, kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni, kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir”.

Daha sonra “Kredit büroları haqqında” qanunun layihəsi birinci oxunuşda qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm