“Bank of Azerbaijan” əmanətləri qaytarmır: "Pulumuz yoxdur"
Bizi izləyin

Banklar

“Bank of Azerbaijan” əmanətləri qaytarmır: "Pulumuz yoxdur"

“Bank of Azerbaijan" ASC-nin müflis olması ilə bağlı xəbərlər təstiqini tapmaqdadır.

Belə ki, banka yerləşdirdikləri pulları geri çəkmək istəyən əmanətçilər rədd cavabı alırlar. Samir Feyruzov adlı bankın əmanətçisinin Publika.Az-a açıqlamasına görə, banka yerləşdirdiyi əmanəti geri çəkmək üşün dəfələrlə müraciət etsə də ona rədd cavabı verilib:

“Depozitin 30 min manatı mənim, 30 min manatı dayım qızı Ülkər Bünyatovanın, 30 min manati isə dayım nəvəsi Hüseynov Həsənin adınadır. Neçə həftədir pulumu bankdan götürmək istəsəm də vermirlər. Bildirirlər ki, bankın problemləri var. Kassada pul olmasına baxmayaraq sizin pulunuzu qaytara bilmərik. Səbəbini isə izah etmirlər. Bəhanə edirlər ki, bankın pulu yoxdur. Gah da deyirlər ki, bankın rəhbəri dəyişib Hər dəfə müxtəlif bəhanələr gətirilir. Hətta nağd pulun olmadığı belə bildirilib".

Hazırda “Bank of Azerbaijan" bank sektorundakı bazar payına görə ilk 15-liyə daxildir. Ötən ilin iyun ayına olan məlumata görə, bankda əhalinin əmanətlərinin həcmi 85.2 mln. manat olub.

Onu da qeyd edək ki, maliyyə qurumu “Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanları Kənan və Sənan Məmmədovlara aiddir. Hazırda “Bank of Azerbaijan" ASC-nin səhm kapitalında K.Məmmədovun payı 43.63% (21,817.500 AZN ), S,Məmmədovun payı 43.63% -dir (21,817.500 AZN). Digər səhmdarlara Məmmədov Mübariz Məcid oğluna 12,07 faiz, “NEM Holdinq”ə 0,67 faiz pay düşür.

Bankın Müşahidə Şurasının sədri isə ata Məmmədov, yəni Hafiz Məmmədovdur. Bu arada nəzərə çatdıraq ki, keçmiş “ZQAN Holding” "Bank of Azerbaijan"nın səhmdarları sırasında olmayıb. Bankın əsas səhmdarı holdinqin direktorlar şurasının sədri Anar Məmmədov idi. Yəni bankın səhm kapitalında A.Məmmədov - 81%, M.Məmmədov - 18%, “NEM Holding” - 1% ilə təmsil olunurdu.

Yeri gəlmişkən, bank müflis olması barədə xəbərləri təkzib etsə də Mərkəzi Bankın sədri Elman Rüstəmov bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada “Bank of Azerbaijan"nın müvəqqəti likvidlik problemi yaşadığını təsdiqləyib. Bildirib ki, Mərkəzi Bank "Bank of Azerbaijan"ın həm sahibləri ilə, həm də onun menecmenti ilə danışıqlar aparır. Danışıqların müvəffəqiyyətli olacağına ümid edir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm