• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Sığortalı əmanətlər üzrə faizin endirilməsi kreditləri ucuzlaşdıracaqmı?

  • Banklar
  • 17 May 2014 11:00
  • 6 500 Baxış
Sığortalı əmanətlər üzrə faizin endirilməsi kreditləri ucuzlaşdıracaqmı?

Ölkədə istehlak kreditlərini məhdudlaşdırmaqda bir məqsəd də faiz dərəcələrini aşağı salmaqdan ibarət idi. Artıq Azərbaycan Mərkəzi Bankının (AMB) tövsiyəsi avtomobillər də daxil, bir sıra istehlak mallarının satışını azaldıb. Kommersiya banklarının müştərilərə təklif etdikləri istehlak kreditlərinin faiz dərəcələri də nisbətən enib. Ancaq faiz dərəcələri o qədər yüksəkdir ki, bunu hiss etmək çətindir. Kreditlərin ucuzlaşdığını yalnız o vaxt hiss etmək mümkündür ki, 20-25 % civarında olan dərəcələr 10-15 % səviyyəsinə ensin.

AMB-in kommersiya banklarına istehlak və avtomobil kreditlərinin verilməsini məhdudlaşdırmaq barədə tövsiyəsi birinci, ölkədə pul-kredit siyasətinin sərtləşdirilməsi ilə əlaqədar idisə, ikincisi vətəndaşların borc alan zaman bütün növ pul gəlirlərini üzə çıxartmaq məqsədi daşıyırdı. Ölkə iqtisadiyyatına dair göstəriciləri nəzərdən keçirərkən ümumi daxili məhsulda (ÜDM) kölgə və gizli iqtisadiyyatın payı həmişə sual yaradır ki, sonuncu da nəzərə alınarsa ÜDM istehsalının həcminin əslində nə qədər təşkil etdiyi aydın deyil. Azərbaycanda gizli iqtisadiyyatın varlığı rəsmi olaraq da etiraf edilir. Avtomobil kreditlərinin verilməsinə məhdudiyyət barədə tövsiyyəyə gəldikdə burada məqsəd əhalinin gəlirlərinin uçota alınmasının təşkilinə yardım göstərməkdir ki, kreditlə avtomobil alan vətəndaşların əksəriyyətinin rəsmi gəlirləri ilə öhdəliklərinə götürdükləri borc məbləğləri arasında uyğunsuzluq vardı. Avtokreditlər nə qədər təminatlı olsa da, məsələnin bu tərəfi nəzərdən qaçırılmamalı idi.

Ölkənin bank sistemində real vəziyyəti qiymətləndirmək çətin deyil. Xüsusən də AMB-in istehlak kreditlərini məhdudlaşdırmaq tələbindən sonra vəziyyət bir az da mürəkkəbləşib. Bank sektorunun kapitallaşma səviyyəsinin, həmçinin aktivlərinin artdığı deyilir. Ancaq bütün bunlar real mənzərini əks etdirmir. Fakt bundan ibarətdir ki, yanvar-fevral ayları ərzində zərərlə işləyən bankların sayı 4 bank artıb. Və bu, olduqca ciddi rəqəmdir. Qısa desək, AMB-nin siyasəti “sözünü demiş” sayılır. Düzdür, istehlak kreditlərinin verilməsinə nəzarət vacib sayılırdı. 2012-cü ilin sonundan istehlak kreditlərinin verilməsinin genişlənməsi narahatlıq doğurmağa başlamışdı ki, keçən ilin yanvarında parlament nümayəndələri bu sahədə yaranmış vəziyyətlə əlaqədar AMB rəhbərliyi ilə kredit siyasəti, istehlak kreditlərinin verilməsi üzrə fəaliyyət ilə bağlı müzakirə aparacaqlarını demişdilər. Çünki banklar yalnız istehlak kreditləri verməklə güclü və sağlam quruma çevrilə bilməz. Bu, onlar üçün ciddi problemə yol açmalı idi.

Ölkəmizdə bankların əsas maliyyə mənbələrini mərkəzi resurslar, xarici kredit və əhalidən cəlb edilən depozitlər təşkil edir. Bunlardan birincinin payı cəmi 20 % təşkil edir. Xarici maliyyə mənbələrinə gəldikdə ötən şərhimizdə də qeyd etdik ki, ölkənin bank sektorunda likvidlik problemi aşkar görünməsə də maliyyə resurslarına çıxış imkanları məhduddur və kreditlərin faiz dərəcələrinin yüksək olması həm də bundan irəli gəlir. İqtisadiyyata qoyulan kreditlərin 30 %-ə yaxın hissəsini bankların xaricdən cəlb etdikləri maliyyə təşkil edir ki, cari ilin fevralına banklarımızın 4,2 milyard manat xaricə borcunun yaranması da məhz bununla əlaqədardır.

Deməli, yerdə qalan 50 %-i əhalidən cəlb olunan əmanətlər təşkil edir. Ölkədə banklara əhalidən əmanət cəlbi isə pis vəziyyətdə deyil. Bunu AMB-in statistikası da sübut edir. Belə ki, rəqəmlərə diqqət yetirdikdə hər ay artdığını görərik. Bu isə həm ölkə vətəndaşlarının gəlirlərinin artmaqda, həm də banklara inamın olduğunu göstərir. Bu gün vətəndaşlarımız 30 min manatadək vəsaitlərini çəkinmədən banklara qoya bilirlər. Faiz dərəcələri az olsa da ölkəmizdə əllərdə olan sərbəst vəsaitləri yerləşdirilməyin ən düzgün və etibarlı yolu budur. Düzdür, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2013-cü ilin avqustun 1-dən fiziki şəxslərin ölkənin bank sisteminə qoyduğu 10 %-dən artıq dərəcə üzrə depozitləri sığortalamır. Fond bir əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsini dəyişdirməyərək 30 min manat səviyyəsində saxlasa da, bundan artıq sərbəst vəsaitləri olanlar onu bir neçə hissəyə bölərək müxtəlif banklarda yerləşdirə bilərlər. Başqa sözlə desək, 30 min manatdan artıq əmanətlər dövlət tərəfindən sığortalanmır. Adı çəkilən Fond yalnız göstərilən məbləğdə depozitlərin qaytarılmasına cavabdehdir ki, bu və ya digər bank iflasa uğrayarsa, hər hansı vətəndaşın o bankda yerləşdirdiyi vəsaitin yalnız 30 min manatadək olan hissəsinin qaytarılma ehtimalı var. Sözümüz bunda deyil.

Məsələ bundadır ki, 2014-cü il mayın 19-dan banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsi 10-dan 9 %-ə endiriləcək. ƏSF-in qəbul etdiyi qərara əsasən, qeyd olunan tarixdən 42 üzv bankda illik 9 %-dən yuxarı dərəcə ilə yerləşdiriləcək əmanətlər qorunmayan hesab ediləcək. Və Fond bu dəyişikliklə əlaqədar bankda əmanəti olanlara əlavə xəbərdarlıq da edib ki, əmanət müqavilələrinin müddəti bitdikdə ƏSF tərəfindən həmin günə qorunan əmanətlər üzrə maksimum faiz dərəcəsinə diqqət yetirisinlər.

Sual yaranır ki, bu, kommersiya banklarının təklif etdikləri kreditlərin faiz dərəcələrinin enişinə təsir edəcəkmi? Ümumiyyətlə, sığortalana əmanətlər üzrə faiz dərəcələrinin son 10 ayın içində əvvəl, 2013-cü ilin avqustun 1-dən 12-dən 10 %-ə, qarşıda isə 9 %-ə endirilməsi nəylə əlaqədardır? Sonuncu suala cavab olaraq qeyd edək ki, banklar tərəfindən əhalinin əmanətlərinin cəlbini tənzimləmək və ümumiyyətlə, bu sahəyə nəzarət etmək baxımından dərəcələrin dövrü olaraq fondda təhlil edilməsi və dinamikadan asılı olaraq Himayəçilik Şurası tərəfindən dəyişdirilməsi təqdirəlayiqdir. Ancaq bunun kommersiya banklarının təklif etdikləri kreditlərin faiz dərəcələrinə təsiri məhdudur. O səbəbdən ki, əhalidən cəlb edilən əmanətlər verilən kredit vəsaitlərinin nə qədər əsas hissəsini təşkil etsə də, depozitlər üzrə faiz dərəcələri ilə kreditlərin faizləri arasında 14-15 % və hətta daha çox fərq vardır. Ümumiyyətlə, dəfələrlə yazmışıq ki, əhalidən cəlb olunan vəsaitlər üzrə vəziyyət nə qədər qənaətbəxş olsa da həmin resursslar ilə ucuz və uzunmüddətli kreditlər təklif etmək mümkün deyil. Odur ki, buradan depozitlər üzrə faiz dərəcələrinin aşağı və yaxud yuxarı olmasının kommersiya banklarının müştərilərə təklif etdikləri kreditlərin faiz dərəcələrinə təsiri də mənasız müzakirə obyekti sayılır.

Ölkədə kreditlərin ucuzlaşması üçün bankların ümumi kredit portfelində AMB-dən alınan vəsaitlərin xüsusi çəkisinin artmasına nail olmaq vacib sayılır ki, yeganə çıxış yolu budur...

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR