• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Struktur islahatı büdcəyə cavabdehləri əhatə edə bilərmi?

  • Banklar
  • 17 İyun 2014 17:49
  • 5 805 Baxış
Struktur islahatı büdcəyə cavabdehləri əhatə edə bilərmi?

Cari ilin ötən beş ayı ərzində Vergilər Nazirliyinin xəttilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 121 milyon 703,4 min manat təşkil etmişdir ki, bu məbləğin də 35,6 faizi mənfəət, 26,9 faizi əlavə dəyər, 12,2 faizi fiziki şəxslərin gəlir, 10,1 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 717 milyon 678,7 min manat vəsait daxil olub.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumata əsasən, yanvar-aprel ayları ərzində 122 xarici ölkə ilə 9,9 mılyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilib ki, dörd ay ərzində 7156,2 milyon dollarlıq məhsul ixrac olunub, onun 222.8 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilib, 96,9 faizi və ya 6933,4 milyon dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşüb. Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 2734,7 milyon dollar təşkil edib. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 2041,3 milyon dollar, MDB üzvü ölkələrindən isə 693,4 milyon dollar olub. Beləliklə, ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2,6 dəfə çox olub və 4421,5 milyon dollar müsbət saldo yaranıb.

Məlumdur ki, Neft Fondundan transfert olmasa, dövlət büdcəsindən cari xərcləri ödəmək əsla mümkün deyil. Sosial xərclər bunun hesabına maliyyələşdirilməkdədir. Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin xəttilə büdcəyə ödənişlər cari xərcləri örtməsə, transferti azaltmaq qeyri-mümkün sayılır. 2014-cü il büdcəsində də gəlirlərin sahibkarlığın, biznes mühitinin yaxşılaşdırılması və digər qeyri-neft sahələrinin inkişafı hesabına vergi və rüsumlar sayəsində tamamlanması mühüm vəzifə olaraq qarşıya qoyulub. Sözümüz bunda deyil.

Məsələ bundadır ki, bəziləri iqtisadiyyatın idarəolunmasını təkmilləşdirmək məqsədilə struktur islahatları çərçivəsində Vergilər Nazirliyi ilə Gömrük Komitəsini birləşdirməyi təklif edirlər. Çünki bunlar eyni funksiyanı yerinə yetirməklə dövlət büdcəsini doldurmaqla məşğuldurlar. Dünyanın bütün ölkələrində belədir. Ona görə də, məsələn, Fransada vergilər ilə gömrük rüsumlarının yığılmasıyla yalnız bir orqan - Maliyyə Nazirliyi məşğul olur. Digər ölkələrdə də vəziyyət eynidir... Belə ki, gömrük rüsumları ya vergilər orqanı, ya da ki, büdcə vəsaitlərinə cavabdeh olan Maliyyə Nazirliyi tərəfindən yığılır.

Odur ki, sual yaranır: bizdə bu strukturları birləşdirmək olarmı? Və yaxud da bunlardan hər hansı birini Maliyyə Nazirliyinə tərkibində ayrıca bir qurum kimi yaratmaq mümkündürmü?

Azərbaycanda iqtisadiyyatın idarəolunması mexanizminə, daha dəqiq desək, struktur islahatlarına həqiqətən də böyük ehtiyac vardır. Bu həm büdcə xərclərinin səmərəliliyini artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq üçün vacibdir. Ötən şərhlərimizdən birində də yazmışdıq ki, dövlət sektorunda çalışanların sayı kəskin azaldılmalıdır. O səbəbdən ki, büdcədən sosial təyinatlı xərclərin, xüsusən də əməyin ödənişi fondunun əhəmiyyətli olmağını, idarəetmə aparatında, həmçinin xüsusən təhsil ilə səhiyyə sferasında çalışanların maaşlarının ümumən iqtisadiyyatda çalışanların orta aylıq nominal əmək haqqı səviyyəsindən yüksəkdə dayanmasını istəyiriksə, dövlət və qeyri-dövlət bölməsində muzdla çalışanların sayını birincini azaltmaq, ikincini isə tədricən artırmaq yolu ilə mütləq dəyişdirmək tələb olunur.

Əslində, bizdə struktur islahatları yarımçıq qalıb desək, yanılmarıq. Belə ki, ötən onilliyin əvvəllərində bu proses başlamışdı. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 458 nömrəli Fərmanı ilə Yanacaq və Energetika Nazirliyinin, bundan xeyli əvvvəl isə Nəqliyyat Nazirliyinin (fəaliyyətə Əsasnaməsi 2003-cü il 10 iyun tarixli 880 saylı Fərmanla təsdiq edildikdən sonra başlayıb), habelə digər qurumların yaradılmasını xatırlamaq kifayətdir.

Düzdür, son illər də bu iş davam etdirilməkdədir. Ancaq iqtisadiyyatın dövlət tərəfindən idarə olunmasını asanlaşdırmaq və təkmilləşdirmək məqsədi ilə son vaxtlar struktur islahatı adıyla həyata keçirilən bir sıra tədbirlər və atılan addımlar dövlət sektorunda çalışan işçilərin sayını azaltmaq əvəzinə daha da artması və genişlənməsi ilə nəticələnib. Bir sıra hökumət qurumlarında yeni və əlavə ştatların yaradılması – idarə aparatının böyüməsi deyilənə sübutdur. Ona görə də ölkədə büdcə xərcləri üfüqi olaraq genişlənməkdədir.

Halbuki, əksinə müşahidə edilməlidir.

Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin birləşdirilməsi də işçilərin sayının azalmasıyla nəticələnməli, həmçinin büdcəyə yığımın həcmini artırmalıdır. Yəni, söhbət təkcə gömrük rüsumlarının da bir vergi növü olduğundan getməli deyil. Yuxarıda cari ilin ötən beş ayı ərzində həm Vergilər Nazirliyi xəttilə, həm də Gömrük Komitəsi vasitəsiylə aparılan əməliyyatlardan söhbət açdıq. Rəqəmlərdən də görünür ki, bizdə büdcənin mədaxilində bunların hər ikisinin müstəsna rolu var. Və sözügedən orqanlardan heç birinə, əslində, “yuxarıdan aşağı” baxmaq mümkün deyil.

Yanvar-may ayları ərzində ölkə üzrə 37 min 191 vergi ödəyicisi qeydiyyata alınmışdır ki, 1 iyun 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 570141-ə çatıb. Vergilər Nazirliyi hətta uzaq gələcəkdə də olsa belə, heç bir orqana birləşdirilə bilməz. Gömrük Komitəsinə gəldikdə isə, bu da yaxın gələcəkdə qeyri-məqbul məsələdir.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR