Mərkəzi Bankda stimullaşdırıcı kampaniyanın təqdimat mərasimi keçirilib
Bizi izləyin

Banklar

Mərkəzi Bankda stimullaşdırıcı kampaniyanın təqdimat mərasimi keçirilib

Mərkəzi Bankda “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyanın təqdimat mərasimi keçirilib

Mərkəzi Bankda “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyanın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev müasir cəmiyyətdə nağdsız ödəniş sisteminin inkişafını yüksək mədəniyyət göstəricisi, şəffaflığın təmin olunması və iqtisadi fəallığın dəstəklənməsinin mühüm elementlərindən biri kimi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində nağdsız dövriyyənin genişləndirilməsini dövlət strukturları qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirib.

Mərkəzi Bank da öz mandatına uyğun olaraq ölkədə nağdsız ödənişlərin artırılmasını özünün prioritet vəzifələrindən biri hesab edib. Nağdsız ödəniş infrastrukturunun yaradılması, inkişafı və istifadəsinin kütləviləşdirilməsi istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirib.

Nağdsız ödənişlərin artırılmasının əhəmiyyətini qeyd edən Alim Quliyev bildirmişdi ki, artım nəticəsində bank sisteminin resurs bazası genişlənir, faiz dərəcələri azalır, iqtisadiyyatın kapitalizasiya imkanları çoxalır və nəticədə iqtisadi artım sürətlənir. Nağdsızlaşma makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini artırır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı güclənir, şəffaflıq artır.

Son 10 ildə Mərkəzi Bank tərəfindən müasir texnologiya və arxitekturaya malik Milli Ödəniş Sisteminin yaradılması nəticəsində ölkədə nağdsız dövriyyənin həcmi əhəmiyyətli dərəcədə böyümüşdür. 2003-cü ildən bəri nağd pulun manatla geniş pul kütləsində xüsusi çəkisi 20 faiz bəndi azalıb.

Elektron Milli Ödəniş Sistemi İnfrastrukturu vasitəsilə 2013-ci il ərzində aparılmış ödənişlərin həcmi 128 mlrd. manat təşkil etmişdir ki, bu da ÜDM-ə nisbətdə 2,3 dəfə çoxdur.

Son zamanlar dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və “elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi məqsədilə vergi, gömrük, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi üzrə bir sıra tapşırıqlar verilib.

Verilmiş tapşırıqların qısa müddət ərzində səmərəli icra edilməsi aidiyyatı dövlət orqanlarının daxili informasiya sistemlərinin Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunması məsələsini daha da aktuallaşdırılıb.

Qarşıya qoyulmuş məqsədlərə nail olunması və vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin nağdsız ödəniş mexanizmlərindən istifadə edilməklə toplanmasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xüsusi bir layihə həyata keçirilib. Qısa istismar dövründə Hökumət Ödəniş Portalı (HÖP) artıq Milli Ödəniş Sistemi infrastrukturunun sosial əhəmiyyətli əsas komponentlərindən birinə çevrilib.

Qeyd edilmişdir ki, görülmüş işlər nəticəsində 5 kommunal xidməti təşkilatı və 7 hökumət qurumunun daxili informasya sistemi HÖP-ə inteqrasiya olub. HÖP üzrə sənəd sayı isə keçən ilin müvafiq dövrünə nisbətən 4,3% artaraq 24 mln. ədəd, ödənişlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 48,2% artaraq 713 mln. manat təşkil edilib.

Hazırda ölkənin bütün regionlarında 42 bankın və “Azərpoçt” MMC-nin birlikdə 1500-dən artıq ödəniş məntəqəsində həmin təşkilatlar üzrə ödənişlər nağd formada və sistemin internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız formada qəbul edilir.

Milli Ödəniş Sistemi infrastrukturu daha da genişləndirilmış, regionlarda əhalinin və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanları təmin edilib. Bütövlükdə 1 yanvar 2014-cü il tarixinə ölkədə fəaliyyət göstərən 700 bank filialının yarısı regionların payına düşür. 2013-cü il ərzində 50 yeni bank filialının fəaliyyəti lisenziyalaşdırıb ki, onlardan da 19-u regionlarda fəaliyyətə başlayıb. Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq icazə verilmiş poçt filiallarının sayı 63-ə, onların tərkibində poçt şöbələrinin sayı isə 952-ə çatıb.

2014-cü ildə də qarşıda duran əsas vəzifə yaradılmış potensialdan və infrastruktur imkanlarından daha səmərəli istifadə olunması, habelə beynəlxalq təcrübədən yararlanmaqla nağdsız ödənişlərin çeşidinin, effektivliyinin və tətbiqi dairəsinin genişləndirilməsinə nail olmaqdır. Eyni zamanda cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin, elektron ödəniş xidmətləri və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin inkişafı üçün geniş təbliğat və təşviqat kampaniyası bankların daima diqqət mərkəzində olmalıdır.

Tədbirdə həmçinin qeyd edilmişdir ki, Mərkəzi Bank tərəfindən 2014-cü ildə də nağdsız ödənişlərin inkişafı üzrə əlavə iki yeni nominasiya təsis edilmişdir. Bunlar elektron ticarətin stimullaşdırılması üçün “Elektron ticarətin inkişafında lider bank” və müştəriləri tərəfindən POS-terminal şəbəkəsində daha çox nağdsız əməliyyat aparmış banklar üçün “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyalarıdır. Eyni zamanda jurnalistlər arasında “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda məqalə üzrə müsabiqə keçiriləcək. Hər üç yeni nominasiya üzrə şərtlər Mərkəzi Bankın internet səhifəsində yerləşdiriləcək və bu istiqamətdə həyata keçiriləcək tədbirlər nağdsız cəmiyyətin formalaşmasına mühüm töhfə verəcək.

Daha sonra A.Quliyev “Nağdsız ödənişlər üzrə lider bank” və həm də “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə keçirilən tədbirlərdə iştirak edən bütün banklara bu istiqamətdə görülmüş işlərə və birgə əməkdaşlığa görə təşəkkür etmiş, qalib və təltif edilən bankların siyahısı elan olunub:

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə

I yer: “Bank Of Baku” ASC

II yer: “Azərbaycan Sənaye Bankı” ASC

III yer: “Dəmirbank” ASC

“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə

I yer: “Azərbaycan Beynəlxalq Bankı” ASC

II yer: “Bank Respublika” ASC

III yer: “Bank Of Baku” ASC

Bununla yanaşı kampaniya çərçivəsində nağdsız ödənişlər sahəsində fərqlənmiş banklara (“Kapital Bank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “AGBank” ASC, “Accessbank” QSC, “Paşa Bank” ASC, “Bank Silk Vey” ASC, “Amrahbank” ASC, “Naxçıvanbank” ASC) təşəkkür məktubları təqdim olunub.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm