Maliyyə amnistiyası: kimlər üçün vacibdir?
Bizi izləyin

Banklar

Maliyyə amnistiyası: kimlər üçün vacibdir?

İnkişaf etmiş ölkələrdə dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini fiziki şəxslərdən gəlir vergisi təşkil edir. Adı çəkilən vergi növü həmin ölkələrin əsas maliyyə sənədində o dərəcədə mühüm yer tutur ki, böhran yaranan zaman dərhal ona dəyişiklik edilir və sözügedən vergi növünün tədbiqi və dərəcələri üzrə diferensiallaşdırma həyata keçirilir.

Qlobal maliyyə və iqtisadi böhranın nəticələrini aradan qaldırmaq və dövlət büdcəsində yaranan kəsiri azaltmaq məqsədilə ABŞ başda olmaqla, Yunanıstan ilə Fransada atılan addımları xatırlamaq kifayətdir. Həmin ölkələrdə əhalinin varlı təbəqəsinin vergi yükü artırılsa da, cəmiyyətdə heç bir narazılıq doğurmadı.

Bizdə isə belə deyil. Fiziki şəxslərdən gəlir vergisi dərəcələrinin kifayət qədər ağır təşkil etməsinə rəğmən, əvvəla dövlət büdcəmizin mədaxilində o, mühüm yer tutmur, ikincisi də sözügedən vergini ölkədə əhalinin daha çox hansı təbəqəsinin ödədiyi də aydın deyil. Üstəlik, ondan yayınma halları da problem sayılır. Hökumət hər dəfə buna qarşı ciddi mübarizə apardığını desə də, həyata keçirilən addımlar istənilən nəticəni vermir.

Odur ki, ölkədə gəlirlərin bəyannaməsi haqda müvafiq mexanizmin fəaliyyət göstərməsinə böyük ehtiyac var. Özü də təkcə, əhalinin hansısa qrupuna və yaxud təbəqəsinə yönəlik deyil, sosial statusundan və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar üzrə...

Başqa sözlə desək, əmək qabiliyyətli, o cümlədən pensiya və sosial müavinətlərdən yararlananlar da nəğd pul və maddi ifadədə gəlirləri barədə ildə 1 dəfə də varsa, məlumat verməlidirlər.Ancaq bunu həyata keçirtmək mümkün deyil. O səbəbdən ki, ölkəmizdə iqtisadi vəziyyətinə görə əhali arasında elə kəskin təbəqələşmə və ciddi diferensiallaşma gedib ki, bəzilərinə bu, sərf etmir. Xüsusən də, ötən 10 illik ərzində ölkəyə böyük həcmdə neft gəlirlərinin daxil olması nəticəsində bu, daha da dərinləşib.

Biz, hələ, korrupsiya, gizli iqtisadiyyat və digər amillərdən doğan şəraiti demirik. Hansı ki, neft dollarlarının sel kimi axınından əvvəl və bu gün də ölkədə nə qədər güclü antikorrupsiya və şəfaflıq siyasəti yeridilməsinə baxmayaraq, əhalinin müəyyən təbəqəsinin qeyri-qanuni yolla varlanması prosesi davam edir.

Bəs, çıxış yolu nədədir? Ölkədə əhalinin gəlirlərinin fərdi şəkildə aşkarlanması üçün nə etmək lazımdır? Başqa sözlə desək, “Gəlirlərin deklarasiyası haqda” qanun üçün nə tələb olunur?

Yeri gəlmişkən, ötən müddət ərzində bu sahədə heç bir təşəbbüs həyata keçirilməyib desək, səhv edərik. Ölkədə 2005-ci ildə vəzifəli şəxslər barədə belə bir hüquqi addım atılmışdı. Sadəcə, həmin addım yarımçıq qaldı.

Məsələ ondadır ki, bu yaxında vergilər nazirinin də söylədiklərinə əsasən, ölkədə əhalinin iqtisadi vəziyyətə görə real olaraq diferensiallaşma səviyyəsini müəyyən etmədən və varlı təbəqəni de-yure üzə çıxartmadan vətəndaşların gəlirlərinin fərdi uçotuna nail olmaq mümkün deyil. Qısa desək, əvvəl varlı təbəqəni aşkar etmək üçün maliyyə amnistisyası qəbul olunmalıdır.

Düzdür, 2006-cı ildə bir qrup ekspert Azərbaycanda bəzilərinin həddindən çox varlı olmasının onlara vəsaitlərindən sərbəst istifadə etmələri üçün müvafiq şərait yaradılmasını tələb etdiyini bildirmişdilər. Onlar qeyd etmişdilər ki, bu adamların həmin vəsaitləri necə əldə etdikləri haqda deyil, onu ölkə daxilində inkişafa xərclənməsi barədə düşünmək lazımdır. Amma sual doğurdu ki, kimlərin? Söhbət, hansı varlılardan gedir?

İş bundadır ki, bəzi məmurlar da varlıdırlar. Postsovet ölkələrinin əksəriyyətinə xas olan xüsusiyyətə görə, bəzi məmurlar sahibkarlardan varlıdırlar. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2006-cı ildə söylədiyi fikrə görə, buna bəzi adamların yaranmış vəziyyətdən istifadə etməsi səbəb olmuşdur. Ancaq söhbətin nədən getdiyi aydınlaşdırma tələb edirdi. Belə ki, hansı vəziyyət nəzərdə tutulur: dövlətin sahibkarlığın inkişafı üçün yaratdığı əlverişli, yoxsa korrupsiya və kölgə iqtisadiyyatının yaratdığı şəraitdən?

Sahibkar onsuz da fəaliyyətindən vergi ödədiyi üçün onların malını və mülkünü təkrar üzə çıxararaq buna görə, əlavə vergi tutmaq məntiqsiz görünər. Yox əgər, düzgün ödəmirsə deməli, vergi mexanizmində çatışmazlıqlar vardır. Bunda maraq güdənlər olanda isə sahibkarlarla yanaşı, təbii ki, onlar da varlanmalıdırlar.

Odur ki, sual yaranır: amnistisaya məmurlara da tədbiq edilməlidirmi?

Bizcə artıq, başqa çarə yoxdur. Ona görə ki, Azərbaycanda maliyyə amnistisiyası barədə söhbət düşən gündən bunun, ölkədə korrupsiyaya qarşı mübarizə üçün də əhəmiyyətli olduğu vurğulanır ki, Vergilər Nazirliyi o vaxtdan araşdırmalara başladığını və gəlirlərin leqallaşdırılmasının ümumi deklarasiya sisteminə keçid üçün zəruri olduğunu bildirmişdi.

Bu, həmçinin 2005-ci ildə təsdiq olunan vergi idarəçiliyinin təkmilləşdirilməsinə dair 2005-2007-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramında da müəyyən edilmişdi. Lakin eyni zamanda əlavə edilmişdi ki, maliyyə amnistisiyasına dair müvafiq hüquqi-normativ bazanın yaradılması Azərbaycanda bunun tətbiqinə ehtiyac olub-olmadığı aydınlaşdırıldıqdan sonra mümkün olacaq. Çünki maliyyə amnistisiyası adətən, bir sistemdən digərinə keçid və yaxud hakimiyyət dəyişikliyi baş verən zaman həyata keçirilir. Və bunda da məqsəd müəyyən qrup vətəndaşların qeyri-qanuni yolla əldə etdikləri maddi sərvət və var-dövlətı leqallaşdırmaqdan ibarət olur. Bu isə cəmiyyətin parçalanması ilə ölkədən kapital axının qarşısını alır.

Azərbaycanda belə vəziyyət yaranmayıb və yoxdur. Ancaq bu o demək deyil ki, ölkədə qeyri-qanuni yolla kifayət qədər maddi sərvət və yaxud var-dövlət toplamış şəxslər də mövcud deyil.

Ölkənin çox sürətlə inkişaf etməsiylə bərabər, korrupsiya və kölgə iqtisadiyyatı səbəbindən böyük məbləğdə maddi sərvətə yiyələnmiş müəyyən qrup insanlar vardır ki, onlara qarşı mübarizə aparmaq bu gün artıq, mənasız sayılır.

Ancaq eyni zamanda, ölkədə indiyədək artımı əgər neft sektoru müəyyən edirdisə, bundan sonra qeyri-neft sahələri lokomitiv təşkil edəcəyindən, son illər korrupsiyaya qarşı mübarizə və onun aradan qaldırılması iqtisadiyyatın inkişafında əsas tələbə çevrilmişdir. Odur ki, ölkədə korrupsiya əleyhinə effektiv nəticəyə nail olmaq məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də dövlət məmurlarının gəlirləri haqqında bəyannamə vermələrinə nail olmaqdır.

Azərbaycanda gizli və yaxud “kölgə” iqtisadiyyatının olduğunu hökumət də etiraf edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, onun ölkə iqtisadiyyatında payı əvvəl ikirəqəmli səviyyədə təşkil edirdisə, çoxdan birrəqəmliyə düşüb. “Kölgə” iqtisаdiyyаtı isə gəlirlərin gizlədilməsindən ibarətdir. Bunun bir nеçə səbəbi vardır: vеrgi yüкünün аğırlığı, hər hаnsı bir sаhibкаrın rеputаsiyаsının və yа fəаliyyət sfеrаsının qanuna zidd gəlməsi, nəhayət, məmur himаyəçiliyi...

Düzdür, maliyyə amnistisiyası ölkədə korrupsiyaya qarşı mübarizədə ciddi əhəmiyyət kəsb edə bilməz. Amma gəlirlərin bəyan edilməsi üçün ilkin rol oynaya bilər ki, bu da heç kimin qazancını başqasıyla paylaşmalı olmadığı halda, ondan dövlətə vergi ödəməsi ilə nəticələnməlidir.

Bu, sağlam iqtisadi münasibətlərin formalaşması üçün zəruri şərtdir. Yalnız belə şəraitdə bizdə də, fiziki şəxslərdən gəlir vergisi dövlət büdcəsinin gəlirlərinin əsas hissəsində mühüm yer tuta bilər.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm