Dünyanın ən nüfuzlu elmi mükafatları
Bizi izləyin

Bilgi.az

Dünyanın ən nüfuzlu elmi mükafatları

Elm yarandığı gündən insanların həyat şəraitinin yaxşılaşdırılması və onların rifahının yüksəldilməsinə xidmət etmişdir. Elmlə məşğul olan şəxslər - alimlər insanlar arasından öz bacarığı, savadı və düşüncə tərzi ilə fərqlənirlər. Alimlərin çoxşaxəli fəaliyyəti nəticəsində elmin müxtəlif sahələrində yeni ixtiralar meydana çıxır.

Bu ixtiralar sayəsində dünyada insanların həyat şəraiti daha da yaxşılaşır və insan gələcəyə daha çox ümid bəsləyir. Dünyada elm adamlarının əməyinin qiymətləndirilməsi üçün çoxsaylı beynəlxalq mükafatlar təsis olunmuşdur ki, buraya Nobel, Kopli, Albert Eynşteyn, Wolf (Canavar) Fondu, Kyoto, Dan Devid, Kavli, Yapon, Heyniken, Kral Faysal, Abel, Türinq, Franklin İnstitutunun mükafatları, Dmitri Mendeleyev adına böyük qızıl medal, Mixail Lomonosov adına böyük qızıl medal və digər mükafatları aid etmək olar.

Elm sahəsində ən nüfuzlu mükafatlardan olan Nobel Mükafatı dəyərli elmi tədqiqatlara, inqilabi ixtiralara, o cümlədən mədəniyyət və ya cəmiyyətin inkişafı ilə bağlı xidmətlərə görə verilir. Bu nüfuzlu beynəlxalq mükafat 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. Mükafat 6 sahə üzrə verilir - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və Nobel Sülh mükafatı. Bu beynəlxalq mükafat İsveç və Norveç komitələri tərəfindən hər il təqdim olunur.

Dünyanın məşhur beynəlxalq mükafatlarından olan Kopli Medalı London Kral Cəmiyyəti tərəfindən elmin müxtəlif sahələrində mühüm nailiyyətləri olan alimlərə təqdim olunur. Bu nüfuzlu medal hələdə ən qədim elmi mükafatlardan biri sayılır. İndiyə kimi 52 Nobel mükafatçısına və müxtəlif görkəmli alimlərə nəsib olub.

Albert Eynşteyn adına Dünya Elm Mükafatı Dünya Mədəniyyət Şurası tərəfindən elmi-texnoloji tədqiqat və inkişafa stimul olaraq verilir. Mükafatın əsas devizi bəşəriyyətə töhfə vermiş alimləri qiymətləndirməkdir. Bu nüfuzlu mükafata namizədlər Nobel laureatı olan tanınmış alimlərdən ibarət fənlərarası komitə tərəfindən seçilir.

Elm sahəsində ən mötəbər mükafatlardan biri sayılan Wolf (Canavar) Fondu Mükafatı alim və rəssamların töhfələrini tanımaq məqsədilə verilir. Beynəlxalq mükafat 6 sahə - kimya, riyaziyyat, tibb, fizika, kənd təsərrüfatı və incəsənət üzrə təqdim olunur.

Yaponiyaya məxsus Kyoto Mükafatı elm və texnologiya ilə yanaşı, fəlsəfə və incəsənət sahələri üzrə təqdim olunur. 1985-ci ildən təsis edilən məşhur mükafata namizədlər Kyoto Mükafatı Komitəsi tərəfindən seçilir.

Dan Devid Mükafatı – Bu mükafat qərargahı Tel Əviv Universitetində yerləşən beynəlxalq elmi müəssisə tərəfindən elm və texnologiya sahələri daxil olmaqla, digər sahələr üzrə innovativ proqramları dəstəkləmək üçün təqdim olunur.

Dünyanın məşhur beynəlxalq mükafatlarından olan Kavli Mükafatı astrofizika, nano elm və neyro elm üzrə böyük tədqiqatları olan alimlərə verilir. Mükafat hər iki ildən bir Norveç Elmlər Akademiyası, Norveç Təhsil Nazirliyi və Kavli Fondu nəzdində olan elmi müəssisə tərəfindən təqdim olunur.

Alimlərin elm və texnologiya üzrə tədqiqatlarını dünyada tanıtmaq üçün təşkil edilən Yapon Mükafatı qabaqcıl elmi biliklərə töhfə verən şəxslərə təqdim olunur. Bu nüfuzlu mükafat, eləcə də sülh və inkişafa xidmət edir.

Heyniken Holdinqin sahibi Alfred Heynikenin adı ilə bağlı olan Heyniken Mükafatı biofizika, biokimya, ekoloji elmlər, təbabət, tarix və idrak elmləri daxil olmaqla, müxtəlif elm sahələrini əhatə edir. Bu mötəbər mükafat hər il dünya üzrə 5 tanınmış alimə təqdim olunur.

Franklin İnstitutunun mükafatları – bu ən qədim, nüfuzlu və sanballı mükafatlar elm və texnologiya sahəsi üzrə təqdim olunur. 1824-cü ildən yaranan mükafat çoxsaylı alim, ixtiraçı və sahibkarlara müxtəlif kateqoriyalar üzrə verilirdi. Mükafatın məqsədi istedadlı alimləri üzə çıxarmaq və onların tədqiqatlarını dünyaya tanıtmaqdır.

Elm sahəsinə məlum olan məşhur mükafatlardan biri də Türinq-dir. Türinq informasiya-kommunikasiya texnologiyaları sahəsində ən mötəbər və qiymətli mükafat hesab olunur, məbləği isə 250000 dollar təşkil edir. Qeyd edək ki, mükafat dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyəti olan Hesablama Texnikası Assosiasiyası tərəfindən verilir. Türinq-in sponsorları arasında "Intel" və "Google" kimi dünyanın nəhəng şirkətləri yer alır.

Kral Faysal Ərəb dünyasının nüfuzlu elmi mükafatıdır. Kral Faysal Fondu bu mükafatları 1976-cı ildən İslam dünyasına və islama xidmət edən şəxslərə, həmçinin riyaziyyat, kimya, fizika, biologiya kimi elm sahələrində mühüm nailiyyətlər əldə edən elm xadimlərinə verir. Dünyanın ən məşhur mükafatlarından biri olan Kral Faysal "Ərəb dünyasının Nobeli" hesab edilir. Mükafata əlyazması ilə sertfikat, 24 əyarlıq xatirə medalı, 200 qram qızıl medalyon və 200 min dollar pul daxildir.

Abel Mükafatı isə bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır. 2001-ci ildə məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə təsis edilmiş Abel mükafatı riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Bu dəyərli mükafatın sahiblərinə 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul da təqdim olunur.

Dünyanın nüfuzlu mükafatlarından olan Filds - riyaziyyat sahəsində böyük nailiyyətlər əldə edən elm xadimlərinə İspaniya kralı tərəfindən təqdim edilir. Həmçinin məşhur beynəlxalq mükafatlardan olan - Rolf Nevanlinna informatikanın riyazi aspektlərində böyük uğurlara, Karl Fridrix Qauss Mükafatı digər elmlərdə kəşflər vasitəsi ilə riyaziyyat sahəsində böyük töhfələrə görə, Kraford Mükafatı isə astronomiya, riyaziyyat, bioloji və Yer haqqında elmlər üzrə verilir.

Bundan əlavə, Rusiya Elmlər Akademiyası kimya sahəsində böyuk nailiyyətlərə imza atmış elm xadimləri üçün Dmitri Mendeleyev adına böyük qızıl medal təsis etmişdir. Mixail Lomonosov adına böyük qızıl medal isə Rusiya Elmlər Akademiyasının ali mükafatıdır.

Nərgiz Qəhramanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm