Su bayramı, “Kumbx Mela” festivalı, Həcc ziyarəti – faciə ilə bitən ən böyük izdihamlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Su bayramı, “Kumbx Mela” festivalı, Həcc ziyarəti – faciə ilə bitən ən böyük izdihamlar – FOTOLAR

Səudiyyə Ərəbistanının Məkkə şəhərində zəvvarların Həcc ziyarəti zamanı yüzlərlə insanın ölümü ilə nəticələnmiş güclü izdihamın yaranma səbəbləri hələ də müzakirə mövzusudur. Səbəbləri ilə bağlı müxtəlif versiyaların irəli sürüldüyü oxşar faciə təkcə Səudiyyə Ərəbistanında deyil, digər dövlətlərdə də yaşanıb.

Publika.az kütləvi insan ölümü ilə nəticələnmiş güclü izdihamları təqdim edir.

Hind kilsəsi Mandar Devidə 2005-ci ildə yaranmış güclü izdiham zamanı 265 insan həlak oldu. Vay kəndinin yaxınlığında yerləşən Mandar Devi kilsəsindəki basabas nəticəsində yaralananların sayı 400-ə qədər idi.

Faciəyə səbəb kilsənin qapısı qarşısında izdihamın yaranması, buradakı qaz balonunun partlaması idi. Yanğın, üstəlik insanların qorxuya düşmələri ölənlərin sayını artırdı.

Məkkədə kütləvi insan ölümü ilə nəticələnmiş izdiham birinci dəfə deyil. Şəhərin yaxınlığındakı Mina çayının üzərindəki körpüdə 2006-cı ilin 12 yanvarında yaranmış izdiham nəticəsində 345 insan dünyasını dəyişmişdi. Yaralananların sayı 1000-ə yaxın idi.

SSRİ xalqı 1953-cü ilin martında diktator İosif Stalinin ölüm xəbərini aldı. Martın 5-də yüz minlərlə insan Kremlə - Böyük Vətən müharibəsində onları faşizmin pəncəsindən xilas etmiş rəhbərlə vida mərasiminə axışdı. Bir-birini itələyib qabağa keçmək istəyən insanların bu hərəkəti güclü izdiham yaratdı.

İllərdir gizli saxlanılan, bu yaxınlarda açıqlanan qeyri-rəsmi statistikaya əsasən, həmin izdihamda yüzlərlə insan dünyasını dəyişib. Adları, soyadları sonradan məlum olan mərhumların kimliyi qeyri-müəyyən olduğundan onları nömrələyirdilər.

Rusiya mətbuatının yaydığı məlumata görə, meyitlərdən birinin nömrəsi 1417 imiş. Lakin həmin rəqəm də ölənlərin sayı haqda dəqiq fakt deyildi. İzdiham nəticəsində ölənlərin sayının bundan çox olduğu iddia olunur.

Bundan bir il sonra 1954-cü ilin 3 fevralında Hindistanda baş vermiş faciə də həmin qəbildən idi. Uttar-Pradeş ştatında "Kumbx Mela" festivalında insanlar müqəddəs prosesi görməyə can atırdılar. Kütlənin baryeri aşması güclü izdihama səbəb oldu. Nəticədə 800 insan həlak oldu.

Perunun paytaxtı Lima da kütləvi insan ölümü ilə tarixə düşən şəhərlər siyahısındadır. 1964-cü ildə burada eyni gündə, eyni saatda 300 insan dünyasını dəyişdi.

Argentina və Peru yığma komandası arasındakı futbol matçı idman oyunundan daha çox, faciə ilə yadda qaldı. Hakimin oyunun başa çatmasına iki dəqiqə qalmış Peru komandası oyunçusunun vurduğu qolu qeydə almaması kütləvi narazılığa səbəb olmuş, nəticədə azarkeşlər arasında izdiham yaranmışdı.

Kambocanın paytaxtı da 5 il öncə kütləvi insan faciəsi məkanına çevrildi. 2010-cu ilin 22 noyabrında Pnompendə keçirilən ənənəvi bayram – su festivalı zamanı yaranmış izdihamda 456 nəfər həyatını itirdi.

Festivalın bağlanışı gününə təsadüf edən kxmerlərin bayramında 500-dən çox insan ağır xəsarət almışdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm