Əks-kəşfiyyatda çalışan azərbaycanlılar üçün –Qaydalar
Bizi izləyin

Bilgi.az

Əks-kəşfiyyatda çalışan azərbaycanlılar üçün –Qaydalar

Əks-kəşfiyyatda çalışan azərbaycanlıalr üçün –Qaydalar

(Yazının əvvəli ilə burda tanış olun: "Ermənilərin Bakıya kütləvi axın var.." - azərbaycanlı agentlərin tam SİYAHISI http://publika.az/p/11698)

Əks-kəşfiyyat xidmətində çalışan mə’murların hüquq və vəzifələri haqqında Əsasnamə

Repressiyaya mə’ruz qalmış ƏMT əməkdaşlarının bə’zi istintaq sənədlərində "Azərbaycan Respublikasının əks-kəşfiyyat xidmətində çalışan mə’murların hüquq və vəzifələri haqqında əsasnamə"dən çıxarış var idi. Bu sənəd Azərbaycan Baş Siyasi İdarəsinin əməkdaşı, həbs edilmiş keçmiş ƏMT əməkdaşlarının işini aparan Brikmanın sorğusu ilə 1932-ci il fevralın 26-da Azərbrycan SSR Mərkəzi Arxiv İdarəsinə göndərilmişdir. "Əsasnamə"yə Danielyanın imzası ilə Azərbaycan SSR Baş Arxiv İdarəsinin məxfi şö’bəsinin məktubu əlavə edilmişdir (AR MTN-nin arxivi, PR-39509).

"Əsasnamə"yə uyğun olaraq əks-kəşfiyyat xidmətinə casusları və onların təşkilatlarını aşkar etmək, habelə öz fəaliyyətləri ilə düşmənlərə, Azərbaycana və onun müttə­fiq­lə­rinə qarşı ziyankarlıq edənləri axtarıb tapmaq həvalə edilmişdir. Xatırladaq ki, 1919-cu il iyunun 27-də Gürcüstan və Azərbaycan Denikin təhlükəsini hiss edərək öz aralarında hərbi müdafiə sazişi imzalamışdılar.

Müstəqil respublikanın xüsusi xidmət orqanlarının səlahiyyətinə dövlət hakimiyyəti əleyhinə qiyamları, dövlət xəyanəti, parlament, habelə hökumət başçısının, hökumət üzvlərinin və vəzifəli şəxslərin həyatlarına sui-qəsd, hərbi postlara hücum, hökumətə qarşı silahlı müqavimət, kommu­ni­kasiyaların zədələnməsi, dövlət anbarlarının yandırılması və partladılması kimi cinayətkar fəaliyyətə can atan şəxsləri aşkar etmək daxil idi. Əks-kəşfiyyat əməkdaşlarına əhali arasında sözlə və mətbuat yolu ilə hökumət əleyhinə mövcud dövlət quruluşunu devirməyə yönəldilmiş təşviqat işi aparanları aşkar etmək və onlar barədə tədbirlər görmək vəzifəsi tapşırılmışdı. Daha sonra "Əsasnamə"də qeyd edilir ki, əks-kəşfiyyat əməkdaşları siyasi xarakter daşıyan və hökumət orqanlarının heç bir icazəsi olmadan təşkil edilən hər cür yığıncaqları aşkara çıxarmaq, gizli silah, döyüş sursatı və partlayıcı maddə anbarlarını üzə çıxarmaq üçün tədbirlər görməlidirlər.

Sənəddə əməkdaşların tutduqları vəzifəyə və rütbəyə uyğun olaraq axtarış, sorğu və həbslər aparmağa dair hüquqları göstərilmişdir. Eyni zamanda bildirilir ki, bu zaman onlar mütləq lazımi qərarlar və digər hüquqi sənədlər tərtib etməlidirlər. Belə sənədlərdən birini nəzərinizə çatdırırıq:

"Protokol.1920-ci il. 19 yanvar. Gündüz. Mən, Bakı Polis İdarəsi 5-ci sahəsinin nəzarətçisi Qluşenko Əksinqilab ilə Mübarizə Təşkilatı rəisinin verdiyi 1920-ci il yanvarın 16-da 242 saylı orderə uyğun olaraq həmin təşkilatın agenti Mirzəbaba Sadıqovla və həmin təşkilatın 5-6-cı rayonunun müdiri Seyfulla Əzimzadə ilə vəkil Vartanyansın mənzilində axtarış apardıq. Axtarışda şahidlər Nikolayev, Ter-Osipov iştirak ediblər. Axtarış keçirilməsi münasibətilə axtarışın icrasına heç bir iradım yoxdur. A.Vartanyans".

Sonrakı dövrlərdən fərqli olaraq, yə’ni bolşevik hökuməti qurulduqdan sonra yüzlərcə adam Fövqəl’adə Komissiya tərəfindən həbs edilib istintaqsız və məhkəməsiz güllələndiyi dövrdən fərqli olaraq ƏMT-nin əsasnaməsinə uyğun olaraq həbslər qərarın surətlərinin mütləq prokurorluğa, dairə məhkəməsinə və general-qubernatora göndərməklə həyata keçirilirdi. Əks-kəşfiyyat şö’bəsi rəisinin, yaxud onun köməkçisinin həbs etdikləri şəxslər dindirilərkən onlar bir aydan çox həbsdə saxlanıla bilməzdilər. Həbsin müddətini 3 aya qədər yalnız hərbi general-qubernator uzada bilərdi.

Milli hökumətin planları

Hərbi və mülki mütəxəssislər ADR-in xüsusi xidmətlərini təkmilləşdirməkdə davam edirdilər. Kəşfiyyat fəaliyyətinin təşkili işində ayrı-ayrı nazirlikləri əlaqələndirmək məsələləri də diqqət mərkəzində idi. Milli hökumət qonşu dövlətlərdə, Avropada və Yaxın Şərqdə baş verən proseslər barədə geniş mə’lumat əldə etmək ehtiyacı hiss edirdi. Bu məqsədlə kəşfiyyat işi ilə məşğul olan struktur yaradılması məsələsinə dair mütəxəssislərin təklifləri də müzakirə olunurdu.

1919-cu il oktyabrın 12-də hərbi nazir S.Mehmandarov Dövlət Müdafiə Komitəsinə belə yazırdı: "Hərbi idarə xarici kəşfiyyatı öz üzərinə götürməlidir, yə’ni mümkün düşmənlər barədə mə’lumat yığmalıdır. Bu təşkilat hərbi məqsədlər güdür. Buna görə də daimi xarici ölkələrdə yaşayan rəsmi hərbi attaşelər və gizli agentlər nümunəsində müstəqil dayaq nöqtələrinə malikdir. Rəhbərlik Baş Qərargahın Baş İdarəsinin general-kvartirmeysterinə həvalə edilir. Xarici hərbi kəşfiyyatla məşğul olan bu orqanın köməyi ilə mə’lumat mübadiləsi etmək üçün Xarici İşlər Nazirliyi ilə əlaqə yaradılacaq. Sərhəd mühafizəçilərinin yolüstü bir çox qiymətli mə’lumatlar əldə edə biləcəyini nəzərə alaraq o, həmçinin daxil olan bütün materialları XİN-ə çatdırmalıdır. Bunun üçün də Maliyə Nazirliyindən xahiş etmək lazımdır ki, adları çəkilən üç nazirliyin nümayəndəliyindən ibarət idarələrarası komissiya yaratsın, tə’limatın layihəsini Dövlət Müdafiə Komitəsinin təsdiqinə versin".

1920-ci ildə hökumət böhranı gücləndi. Respublikada mövcud olan mürəkkəb vəziyyət müxtəlif parlament cərəyanları və partiyalar arasındakı siyasi mübarizəni kəskinləşdirdi. Həmin ilin mart ayının 6-da ƏMT buraxıldı.

Bolşeviklərin aprel müdaxiləsi ADR hökumətini milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da inkişaf etdirmək sə’ylərini yarımçıq qoydu. Bu sahədə çalışan bir çox kadrlar yalnız bu idarələrdə çalışdıqlarına görə repressiyalara mə’ruz qaldılar. Sovet dövründə ƏMT-nin keçmiş əməkdaşlarından bir qrupu barədə açılmış istintaq işlərindən birinin qərarında bu adamların cinayətləri belə "sübuta yetirildi". "Hamını eyni bir mürtəce təşkilata-Musavat əks-kəşfiyyatına mənsub olmaqda" günahlandırırdılar (MTN-nin arxivi. PR-39509).

ƏMT-nin ilk rəisi Məmmədbağır Şeyxzamanlı aprel müdaxiləsindən sonra dərhal bolşeviklər tərəfindən güllələndi. Nağı Şeyxzamanlı və Mahmud Səfikürdski Türkiyəyə mühacirət etdilər. Onlarca sıravi əməkdaş isə müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər.

ADR xususi xidmətlərinin təşəkkülü

Mart 1919-cu il

Xərbi Nazirlik Kəşfiyyat və əks-kəşfiyyat bölməsi

İyun 1919-cu il

Dövlət Müdafiə Komitəsi

kəşfiyyat əks-kəşfiyyat

Xərbi Nazirliyin kəşfiyyat bölməsi

Əksinqilab ilə mübarizə təşkilatı

Milli hökumətin planları (S.Mexmandarovun təklif etdiyi)

əks-kəşfiyyat

Dövlət Müdafiə Komitəsi

Daxili İşlər Nazirliyində əks-kəşfiyyat bölməsi

kəşfiyyat

Xərbi Nazirliyin kəşfiyyat bölməsi

Xərbi attaşe

Xarici İşlər Nazirliyinin kəşfiyyat bölməsi

Səfirliklər

Sərhəd xidməti

Həmsərhəd ərazilər

Məmməd Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm