Azərbaycanlı ixtiraçı: “Hərbi kəşflərim terroristlərin əlinə keçsə...” - VİDEO
Bizi izləyin

Bilgi.az

Azərbaycanlı ixtiraçı: “Hərbi kəşflərim terroristlərin əlinə keçsə...” - VİDEO

Azərbaycanlı ixtiraçı: “Hərbi kəşflərim terroristlərin əlinə keçsə...” - VİDEO

Yanacaq olmadan işləyən təyyarə, düşmən tərəfin obyektlərini aşkarlayan, dalğalarla bir kəndi və hətta ölkəni darmadağın edən, kosmik peykləri uzun müddət orbitdə saxlayan cihazlar. Bunlar xeyli maraqlı görünür. Bəlkə də, bunların bir çoxu artıq müxtəlif formada tətbiq edilib. Amma bizim qəhrəmanımız, sadə yolla milyonlar xərcləmədən bunları etməyin yolunu tapıb. Üstəlik, bu kəşflərlə trilyonlar da qazanmaq mümkündür. Necə? Bu sual sizin kimi bizi də maraqlandırdı. Şəmkirin Qaracəmilli kəndində yaşayan qəhrəmanımız İlham Muradov haqqında sosial şəbəkədə xəbər tutduq. Bu kəşflər və onları necə tətbiq edilməsi barədə isə özündən daha ətraflı və detalları ilə öyrəndik. İxtisasça radiotexnik olan İ.Muradovun sözlərinə görə, kosmik peyk mühərriki vasitəsilə peykimiz yüz illərlə orbitdə qala bilər:

“Hazırda Azərbaycanın orbitdə olan kosmik peyklərinin istifadə müddəti 15-20 il arasındadır. Çünki lazımı orbitdə qalmaq üçün daim işləməlidir. Mənim kəşfim isə elektromaqnit mühərrikləridir ki, bununla peykləri 500 ilə qədər işlətmək mümkündür. Hər hansı meteorit toxunmazsa, uzun müddət istifadə edilə bilər. Birinci peyklə bağlı bunu etmək gecdir, amma ikincidə tətbiq edilə bilər”.

Müsahibimizin sözlərinə görə, hələ orta məktəbdə oxuyarkən bu barədə düşünüb, əlbəttə, o zaman peyklər barədə təsəvvürü olmadığına görə, bunu təyyarələr üzərində tətbiq etmək qərarını verib.

“2010-cu ildən sonra bu kəşfi peyklərə tətbiq etməyi düşündüm. Bunun üçün sadəcə elektromaqnit mühərrikləri peyklərə yerləşdirmək lazımdır. Bundan sonrakı prosesi isə elektrik enerjisi idarə ediləcək. Bu enerji isə günəşdən alınır.

Bu işi orta məktəb səviyyəsində fizika bilikləri olan insanlar ixtira edə bilər. Bu elə də mürəkkəb deyil”.

İkinci bir kəşf isə reaktiv təyyarələrin plazma ilə işləməsi ilə bağlıdır. Bunun ixtiraçılıq hüququnu isə yaxını Turan Məmmədliyə verib.

“Çünki o daha gənc və ali təhsillidir. Bu işi daha irəli apara bilər. Lakin konstruktor kimi mənim adım gedir. Bunun detalları barədə danışa bilmərəm. Sadəcə onu qeyd edim ki, burada da iş çox sadədir. Təyyarələrin iş prinsipinə əsasən, hava yanma kamerasına sıxılır, burada yüksək təzyiqli qaz təyyarəni irəli atır. Burada əsas məsələ havanın qızdırılmasıdır. Bunun üçün hansı yanacaq növündən istifadə edilməsinin fərqi yoxdur”.

Müsahibimin sözlərinə görə, kəşviyyat xarakterli müşahidə aparatı isə düşmənin gözlə görmədiyimiz obyektlərini aşkar etmək üçündür:

“Bunun üçün isə sadə bir kamera tank və ya topun mərmisinə yerləşdirililir. Bu mərmi açılandan sonra kameranın qoyulduğu kapsul açılır və paraşüt kimi düşmənin başı üzərində fırlanıb, obyekti qeydə alır. Həmin anda qarşı tərəfin koordinat, xəritəsini bizə ötürür.

Kəşviyyat aparatını 2010-cu ildə Müdafiə Sənayesi Nazirliyinə təqdim etmişdim. Nazirin istehsalat üzrə müavini Tofiq Fərzəliyev məni qəbul etdi. Bəzilərinin artıq vaxtı keçdiyini, bəzisinin isə başqa formada istifadə edildiyini dedilər. Həmçinin bildirdilər ki, kənar məsafəni kəşviyyatçı təyyarə və kosmosdan izləmək mümkündür. Həmçinin mənim ideyamın primitiv və birdəfəlik olduğunu dedilər. Lakin dumanlı, qarlı havada təyyarə və kosmik aparat vasitəsilə dəqiq görüntü əldə etmək çətindir. Üstəlik, təyyarənin düşmən tərəfindən vurulması təhlükəsi də var”.

Nazirlikdən İ.Muradova bunların mürəkkəb kəşflər olduğunu, daha sadələrini gətirməsini istəyiblər. Müsahibimiz də tənbəllik etməyib əsgərlər üçün hərbi ləvazimat hazırlayıb. Burada əsas şərt yığcam və çoxfunksiyalı olmasıdır. Hücuma keçən əsgərlər üçün 35 sm uzunluğunda üç lövhədən ibarət ləvazimat hazırlayıb. Döyüş zamanı düşmən tərəfdə vuruşan zaman özünü müdafiə üçün bu ləvazimatla kiçik sığınacaq qaza, onların arxasında gizlənə bilər və ayağı yaralandığı halda, “qanqrena” olmaması üçün ona bağlaya bilər. Bundan başqa, zirehli texnika üçün havasız təkər hazırlayıb. Bu təkər rezindəndir və içərisinə xüsusi yay yerləşdirilir. Hətta təkər deşilsə belə hava buraxmır. Amma bu ixtiraları nazirliyə təqdim etsə də, ona heç bir cavab verilməyib.

“Mənə təqdiqat İnstitutunda şöbə müdiri vəzifəsi veriləcəyini, Gəncədə hərbi zavodda iş veriləcəyini söz verdilər. Lakin heç nə etmədilər”, -deyə müsahibim bildirir.

İ.Muradov ən mühüm kəşfinin tektonik silahlar olduğunu deyir.

“Bu düşmən tərəfi məhv etmək üçün nəzərdə tutulub. Müharibə başlayacağı təqdirdə, xarici ölkələrdən Ermənistana olan yardım və köməksiz qaldığımız halda bu silah köməyimizə çata bilər. Bizim fövqəladə, strateji əhəmiyyətli silahımız olmalıdır ki, Ermənistanı qorxuya sala bilək. Bu silah adi elektromexaniki vibratordur, amma ondan xeyli güclüdür. Gücü 25-50 meqavat arasında bu cihazı hazırlasaq, tektonik çatlara yeraltı mexaniki rəqslər göndərərək, zəlzələ ocağını aktivləşdirmək olar. Amma bunu heç bir quruma müraciət etməmişəm.

Bu kəşflər tətbiq edilsə ölkə sənayesi xeyli qazanc əldə edə bilər. Təkcə təyyarələrin plazma yanacağından istifadə etməsi ilə trilyonlarla qazanc götürə bilərik. Bir təyyarənin fəaliyyəti üçün 20 ton işlənirsə, mənim kəşfimi tətbiq etməklə bunu 14 tona endirmək mümkündür”.

Bu qədər maraqlı kəşfləri etsə də, müsahibimiz bu işlərə görə patent almayıb. Səbəbi isə müraciət etdiyi yerlərdə qapıların üzünə bağlanmasıdır.

“Peyklə bağlı məsələdə Milli Aerokosmik Agentliyə müraciət etdim. Tofiq Süleymanov adlı bir nəfərlə danışdım. O da budan istifadə edə bilmələri üçün patent almalı olduğumu dedi. Amma düzünü deyim ki, patent almaq üçün həvəsim qalmayıb. Çünki bu vaxta qədər hara müraciət etmişəmsə, maneə yaradıblar. Ona görə də, Şəmkirdə oturub tam fərqli bir işlə məşğulam. Bir dəfə Şəmkrdə İntellektual Zəka mərkəzinə dəvət etdilər ki, təlimatçı kimi işləyim, gənc təşviqatçıların kəşflərini üzə çıxaraq. Amma ondan da cavab çıxmadı.

Neçə yerə müraciət etmişəm, sosial şəbəkədə, televiziyalarda çıxış etmişəm. Amma heç bir reaksiya olmayıb. Heç bir qurumdan məni dəvət edib deməyiblər ki, “dəlisənsə dəlixanaya göndərək, ağıllı kəşfdirsə, bundan istifadə edək”. Heç kim maraqlanmır ki, bəlkə bunu terroristlərə satmışam. Bu kəşflər terroristlərin əlinə keçib. Mənim isə artıq harasa müraciət etmək həvəsim yoxdur. Dövlət maraqlanarsa, istifadəsi üçün kömək edərəm”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm