Ət yemir, cinsi əlaqədən imtina edir və... - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ət yemir, cinsi əlaqədən imtina edir və... - FOTOLAR

Ət yemir, cinsi əlaqədən imtina edir və...

Üç möhürə, on əmrə tabe olanlar

Orta əsr şərq ədəbiyyatı onun tərifi ilə zəngindir.

Əgər öz dönəmində peyğəmbər, bu gün filosof kimi təqdim edilirsə, şərq ədəbiyyatında o, nəqqaş, rəssam kimi xatırlanır.

Nizami Gəncəvi “Xosrov və Şirin”də yazır:

O Maniyə bənzər nəqqaş gələrəк,

Naxış saldı yerə - öpüşdən bəzəк

Şirinin şəкlini yaratdı qəşəng,

Elə bil кi, çəкdi Mani bir Ərjəng.

Nizami Gəncəvi “Şərəfnamə”də “Rum və Çin nəqqaşlarının yarışı” adlı hissədə də Mani və onun sehrkar rəssamlığından yazır.

Müasir dönəmdə isə Amin Maalouf “İşıq bağçaları” romanında Maninin mücadiləsindən söz açır.

Sərgərdan illər

Mani 216-cı ildə Mardində doğulub, adının mənası arami dilində “işıq” deməkdir. Atası Pətik Ekbatanda doğulub, daha sonra Ktesifona köçüb, təriqət üzvü idi. Maninin ilkin dini görüşləri də bu təriqət əsasında formalaşıb. 21 yaşına çatdığında Mani səyahətə çıxır, Türküstan, Hindistan ərazilərini dolaşır, sonra yenidən Sasani imperiyasının mərkəzinə qayıdır, Şapurun qardaşı Pərvizi öz inancına cəzb etməyi bacarır. O, ən önəmli əsərlərindən biri olan “Şapurikan”ı Pərvizə ithaf edir. Pərvizin köməyilə Mani Şapurla görüşə bilir, öz ideyalarını ona anladır. Həkimlik qabiliyyəti sayəsində Şapur ona imperiya hüdudları daxilində görüşlərini yaymasına imkan verir. Şapurun Bizansa yürüşündə Mani onunla birlikdə olmur və bu səbəbdən aralarında soyuqluq yaranır.

Tezliklə, Mani yenidən gəzərgi həyat sürməyə başlayır, bu dəfə öz təlimini məktublar vasitəsilə yaymağa başlayır. Bu hərəkətinə görə, Mani tutularaq həbsə atılır, 274-cü ildə I Şapurun ölümündən sonra azadlığa qovuşur. I Şapurdan sonra hakimiyyətə gələn oğlu I Hörmüz Maniyə dəstək çıxsa da, onun hakimiyyəti cəmi bir il sürür. Növbəti dəfə hakimiyyətə gələn I Bəhram Zərdüşt etiqadında idi, ona görə də digər inancların qatı düşməni idi. Həbsə atılan Mani 276-cı ildə çarmıxa çəkilir.

Mani belə buyurdu

Mani əsasən zərdüştiliyin, xristianlığın, buddizmin, brahmanizmin, taosizmin bir sıra dəyərlərini sintez edərək sinkretik bir din yaratmışdı. Bu dinin əsasını dualizm ideyası təşkil edir. Maniliyin sadaladığımız dinlərin ünsürlərini özündə əks etdirməsi bu dinin geniş bir coğrafiyaya yayılmasına səbəb olmuşdu. Belə ki, Mesopotomiya, İran ərazisində yaradılmış manilik tezliklə, Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya, Balkan yarımadasına, Çinə, Türküstan ərazilərinə, Şimali Hindistana qədər geniş ərazini əhatə edirdi. Mani öz dini fəlsəfi əsərlərini yaratdığı Soqd əlifbası ilə yazıb, bir neçə kitabın, o cümlədən 76 risalənin müəllifidir. Ən məşhur əsəri isə klassik şərq ədəbiyyatında tez-tez xatırlanan “Ərjəng”dir. 1931-ci ildə Misirdə 2 min vərəq həcmində 7 kitabda soqd əlifbası və qibti dilində yazılmış maniçi ədəbiyyat tapılıb.

Zərdüştilikdə olduğu kimi manilikdə də hər bir şeyin əsasında NurZülmət dayanır. Dünya nurla zülmətin qarışığından yaranıb. İnsanın ruhu nurdan, bədəni isə zülmətdən törənib. Ona görə də insan qatı asketik həyat tərzi sürərək nuru zülmətdən ayırmalıdır. Var-dövlət, şan-şöhrət hərisliklərini pisləyən Maniçilər insanları nikaha girməməyə, zahid həyat sürməyə səsləyirdilər. Onlar ilahi varlığı qəbul edir, axirətə, göylərdəki əbədi səltənətə inanırdılar. Zərdüştilikdən fərqli olaraq Maniçilər Xeyirin Şər üzərindəki qələbəsinə inanmırdılar. Onların fikrincə, dünya şərdən yaradıldığına görə (yəni mənəvi yox, maddi olduğuna görə), xeyir səltənəti yalnız göylərdə qurulacaq. Ona görə də, Maniçilər bu dünyanın ləzzətlərindən əl çəkərək, səadətə qovuşmağa çalışırdılar.

Yetkinlər və dinləyənlər

Maniçilər 2 təbəqəyə ayrılırdılar:

Yetkinlər - Bu insanlar müxtəlif mərhələlərdən və ayinlərdən uğurla keçərək, sonucda qəlblərini ilahi işıqla aydınladırlar. Bu xoşbəxtliyə nail olanlar ilahi işığı dünyəvi şeylərlə kirlətmir, o cümlədən evlənmir, var-dövlət sahibi olmur, ət yemir, şərab içmirlər. Hətta çörəyi doğramaq da onlar üçün qadağan idi. Yetkinlərin həyatı gündəlik yeməkləri və paltarları ilə birgə gəzərgi həyat sürməkdən ibarət idi. Onlar həyatda üç möhürə məhkum edilmişdilər: ağız, əl və qəlb möhürləri. Birinci möhür bütün pis yeməkləri və pis sözləri qadağan edərdi. İkinci möhür canlı varlıqların içində mövcud olan işığa verilə bilən hər cür zərəri dəf etmək üçün və eyni zamanda adam və heyvan öldürməyə, hətta meyvə qopartmağa qarşı idi. Üçüncü möhür Maniçilik inancına və təmizliyinə qarşı olan hər cür düşüncəni qadağan etmişdi. Yetkinlərə qadınlar da daxil edilirdi. Yetkinlərin bu həyatı buddist keşişlərinin həyat tərzinə çox bənzəyirdi, yeganə fərq yetkinlərin daimi qaldıqları müəyyən bir yerin olmaması idi.

Dinləyənlər- bunlar dinə kor-koranə inananlar idi və sayları təbii ki, yetkinlərdən çox idi. Bunlar Maninin 10 əmrinə tabe olanlar idi:

Yaşanılmış zamana inanmaq; Çoxallahlılıq dövrünün olduğuna inanmaq; Özünü yalan danışmaqdan qorumaq; Pis insan olmamaq; Ət yeməmək; Özgəsinin namusuna pis gözlə baxmamaq; Oğurluq etməmək; Oxumaq, sehrlə həqiqəti tanıyaraq bunları bir-birindən ayırmaq; Əhali içərisində inanclı olmaq; İşində yavaş və etinasız olmamaq.

Dinləyənlər yetkinlərə (və ya seçilmişlərə) hörmət etməli, onların qarşısında diz çökməli idilər. Bunun müqabilində yetkinlərdən meyvə və göy-göyərti alardılar. Maniçilikdə ibadət günorta, axşamüstü, gün batdıqda və günün batmasından 3 saat sonra olmaqla gündə 4 dəfə edilirdi. Gündüz duaları Günəşə, gecə duaları isə Aya baxaraq edilirdi. Ay və Günəşin olmadığı zamanlarda isə üzlərini şimala doğru tuturdular. Duadan əvvəl təmizlənmək üçün sudan, olmadıqda isə torpaqdan istifadə olunurdu. Həftənin ilk günü Günəşin şərəfinə hamı oruc tutmalı idi. Yetkinlər isə həftənin ikinci günü Ayın şərəfinə də oruc tutardılar. Eyni zamanda hamı hər yeni ayda iki gün oruc tutmalı idi. Manilikdə 3 möhürlə yanaşı mövcud olan 5 buyruğun əvvəlində 100 günlük orucluq dayanırdı. Yetkinlər öldükdən sonra mütləq cənnətə qovuşacaqlar, dinləyənlər isə müəyyən bir mərhələdən sonra səadətə çatacaqlar. Ölümdən sonra ilahi məhkəmənin olduğu qəbul edilir. Maniyə görə, keçmiş, indi və gələcək zamanın mənbəyində də nur və zülmət dayanır.

Bema mərasimi - Maninin ölüm gününə həsr olunurdu və çoxlu dualar edilməklə, müqəddəs yazılar oxumaqla qeyd olunurdu.

Manilikdə insanlara rəhbərlik etmək üçün Mani tərəfindən təlimatlandırılmış bir öndər dayanır. Bu öndərdən sonra 5 təbəqə özünə yer alır. Bunlar 12 müəllim, 72 keşiş, 360 ağsaqqal, yetkinlər və dinləyənlərdir.

Tanrı və Şeytan- Mani dualizmində İşıq Tanrının, qaranlıq isə Şeytanın simvolu hesab edilir. Zülmət və nurun bir-birilərinə münasibətdə heç birinin üstünlüyü yoxdur. Qaranlıq və İşıq özlərindən üstün bir qüvvə tərəfindən yaradılmayıb və heç biri daha əvvəl olmayıb. Zülmət dünyada arxontlar adlanan varlıqlar mövcuddur ki, bunlar İblisin əsgərləri hesab edilir və hər cür pisliyi törədirlər. Manilikdə “Üç an” adlanan kosmoloji bölgü vardır ki, buraya keçmiş, mövcud və gələcək zaman daxildir. Keçmiş zamanda zülmət və nur bir-birilərinə qarşı olmayıb, ayrı-ayrı dünyalar vəziyyətində idi. Mövcud indiki zaman maddi olanın mənəvi olana hücumu ilə başlanmış və bu hal hazırda da davam edir. Kosmosun yaranması bilavasitə bu hadisə ilə əlaqədardır. Qaranlıq işığa hücum edərkən kosmos yaranmış və kosmos nə xeyir, nə də şərdir, o bir qarmaqarışıqlıq, xaos anlamındadır. Gələcək zamanda zülmət və nur əvvəlki kimi bir-birilərindən ayrılacaqdır ki, bu da kosmosun sonu olacaq. İnsan nə qədər pislik edərsə, dünyadakı qarmaqarışıqlıq, xaos çoxalacaq, əks halda bu proses çözüləcək. Zərdüştiliyin monist ideyasının tam əksinə olaraq manilikdə xeyir və şər anlayışları tamamilə dualist xarakterlidir. Belə ki, Zərdüştilikdə xeyir və şəri Ahura Mazda yaradıb, Manilikdə isə hər iki qüvvə əbədidir, onları heç bir üstün varlıq yaratmayıb və bir-birilərindən asılı deyillər.

Manilik və xristianlıq

Mani təliminin meydana çıxdığı dönəm həmçinin xristianlığın din kimi tədricən yayılmağa başladığı dönəmdir. Ona görə də bu iki inanc bir-biri ilə toqquşmalı idi. Kilsə itirilən nüfuzunu bərpa etmək üçün əmrlər, buyruqlar verərək və dualist inancın əleyhinə çıxışlar edərək Maniliyin qərbdəki yayılışının qarşısını almağa çalışırdı. Kilsənin bu təbliğatından biri də Maniçi ədəbiyyatların məhv edilməsi idi. Miladın 279-cu ilində Roma imperatoru Diokletian İskəndəriyyə şəhərindəki Maniçi ədəbiyyatların yandırılmasını əmr edir.

Maniçilər İsanın Allahın oğlu olması fikrini cəfəngiyyat hesab edirdilər. Çünki Maniçilik inancına əsasən insanın bədəni maddi olduğuna görə şərdən yaranıb və şərdən törənmiş vücuda sahib olan insan əsla Tanrının oğlu ola bilməz.

Maniliyə ən böyük zərbəni isə bir zamanlar özü də bu təlimə inanan filosof Avqustin idi. Bir müddət maniçilərə rəğbət bəsləyən Avqustin daha sonra onların əleyhinə yazır.

Manilik və İslam

Əməvilərin zamanında xilafətdən heç bir zərər görməyən Maniçilər İraqın bir çox kəndlərinə yayılırlar, fəqət Abbasilərin zamanında “zındıq” adı altında təqib olunmağa başlayırlar. Bu təzyiqlər nətiçəsində Maniçilər Xorasana və dinin geniş yayıldığı Uyğur torpaqlarına köç etməyə başlayırlar.

Manilik və uyğurlar

Mənbələrdə uyğurların maniliklə tanış olmaları Bögü xaqanın adı ilə əlaqələndirilir. Belə ki, 762-ci ildə Çinə yürüş təşkil edərkən xaqan burada Mani rahiblərinin təsiri altına düşərək bu dini qəbul etmək istəyir. Bu məqsədlə xaqanlığa qayıdarkən özü ilə bərabər 4 mani rahibini də gətirir. Tapılan kitabələrdə qeyd olunur ki, bu rahiblər “üç zaman”a bələd idilər, yeddi kitabı (Maninin müəllifi olduğu kitablar) başa düşürdülər. Onların biliyi dəryalar qədər dərin olduğundan uyğurlara bu dinin prinsiplərini anlada bilirlər.

Maniliyi Çinə isə 694-cü ildə missionerlərdən Fou-totun gətirir və maniliyi anladan “İki prinsip” adlı kitabı burada yaymağa çalışır. 732-ci ildə bütün dinlərə sərbəstlik veriləndən sonra manilik Çində sürətlə yayılmağa başlayır. 768-771-ci illərdə Çində uyğurlar kimi “İşıq Cənnəti” adı verilən Mani məbədlərinin tikilməsinə icazə verilir. Mərkəz Loyanq şəhəri uyğurların nəzarətində Mani dininin mərkəzinə çevrilir. Türk xaqanlığında qırğızların hakimiyyətə gəlmələrindən sonra çinlilər bütün Mani məbədlərini dağıtmağa başlayırlar. Uyğurların Maniliyi mənimsəmələri bir tərəfdən Çin vasitəsilə olsa da, digər tərəfdən soğdlu tacirlərin fəaliyyətləri nəticəsində də baş verir. Ehtimal olunur ki, bəlkə də, xəzərlərin yəhudiliyi siyasi məqsədlə qəbul etmələri kimi, uyğur türkləri də soğdların köməyindən istifadə etmək üçün əsasən soğdlar arasında yayılan bu dini qəbul edirlər.

Yeni dinin mənimsənilməsindən sonra artıq uyğurların mədəniyyətində əsaslı dəyişikliklər baş verir. Ənənəvi türk əlifbasının əvəzinə Maninin yaratmış olduğu əlifbadan, eyni zamanda Maninin ölümüylə başlanan yeni təqvimdən istifadə olunur. Koço, Yar, Solmı şəhərlərində maniçi monastrlar tikilir. Ümumiyyətlə, maniçi məbədlər quruluşuna görə Zərdüşt atəşgədələrinə bənzəyir. Məbədlər müxtəlif rəsm əsərləri və freskalarla bəzədilirdi. Rəsmdə əsasən mavi və qırmızı rənglərdən istifadə edilirdi. Freskalarda uyğur şahzadələrinin şəkilləri və heyvan təsvirləri (sədaqəti və xoşbəxtliyi təmsil edən fil ) verilirdi.

Turfandakı qazıntılarda Mani dininə aid müxtəlif mədəniyyət abidələri aşkar edilir. Koço, Yarkoto, Martuk və Tuyuk şəhərlərində buddist və maniçi məbədləin qalıqları üzə çıxarılır. Eyni zamanda qazıntılarda Mani dininə aid mətnlər toplusu da əldə edilir. Mətnlərdən biri Bögü xaqanın maniliyi qəbul etməsi ilə əlaqədar olan uyğur hərfləri ilə yazılmış dörd səhifəlik yazıdır. Eyni zamanda xalqa yeni dini öyrətmək üçün sual-cavab xarakterli mətnlər və monastrlarda dindarların vəzifə bölgüsünü müəyyənləşdirəcək bəlgələr əldə edilir.

Manidən sonra

Digər dinlərdən fərqli olaraq Maniçilik heç bir zaman sosial-siyasi xarakter daşımayıb. Belə ki, Maniçilik yayıldığı ərazilərdə xalqın sosial durumuna, siyasi proseslərə müdaxilə etməmiş və dinin fəlsəfəsindən də aydın göründüyü kimi insanları bu dünyada baş verən olaylardan qurtulub tərki-dünya həyat tərzi sürməyə səsləmişlər. Maniçiliyin bir din olaraq öz nüfuzunu itirməsi məhz bu amillərlə əlaqədardır. Maniçiliyin yayıldığı dönəmlərdə həm Sasani, həm də Roma imperiyasında ağır müharibələr baş alıb gedirdi, qarətçi yürüşlər günü-gündən çoxalırdı. Belə bir vəziyyətdə Maniçi missionerlər və öndərlər xalqa heç bir çıxış yolu göstərmirdilər. Maniliyin pessimist xarakter daşıması, insanları tamamilə dünyadan təcrid etməsi onun sürətlə nüfuzunun enişinə səbəb oldu. Sonralar Avropada kilsə əleyhinə başlayan bidətçi hərəkatların ideya qaynağında da manilik özünə yer tapır.

Dilqəm Əhməd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm