Qədim Hunan şəhəri Azərbaycanda tapıldı
Bizi izləyin

Bilgi.az

Qədim Hunan şəhəri Azərbaycanda tapıldı

Lap nağıllarımızdakı kimi, yeddi dağ aşdım, yeddi çeşmədən su içdim, yeddi dərə adladım, təbiətin əsrarəngiz möcüzəsi olan Yeddi Şəlaləni aşkar etdim. Bəlkə də inanmayacaqsınız, gözümlə gördüyümdən danışıram, hərəsi bir-birindən gözəl, füsunkar idi.

Biri 30 metrdən tökülürdü, o birisi 25 metrdən, digəri 10 metrdən - beləcə hərəsi bir ucalıqdan öz bərəkət nuruyla ana torpağa can atırdı. Sizə qədim Tovuzun Xınna dərəsi adlanan ərazisində rast gəldiyim bir təbiət möcüzəsindən danışıram. Ancaq… bu yerlər həm də tarixin- ulu və sirli-soraqlı tarixin- böyük bir parçasını özündə yaşadır. Xınna dərəsindəki Abdal çayı boyunca uzanan bu şəlalələr Tovuzun Çoban sığnaq kəndinə yaxın ərazidə yerləşir. Həmin ərazidə yaşayan insanların varlığından xəbərsiz olduqları Yeddi Şəlaləyə olan marağım və heyranlığım məni əlçatmaz uçurumlara apardı. Çox cətinliklə dərələrdən adlayaraq, insan ayağı dəyməyən dolaylardan keçərək, dörd mərtəbəli nəhəng bir tikiliyə bənzəyən bu möhtəşəm təbiət əsəri ilə üz-üzə qaldım.

Yuxarıda bu yerlərin həm də tariximizin bir parçası olduğunu qeyd etmişdim. Bu qədim tarix isə həmişə və hər yerdə mənim düşüncələrimin, arzu və istəklərimin əsas nüvəsini təşkil edib. İllər öncə orta məktəbi bitirəndən sonra da mənim ixtisas seçimində bu heyranlığın böyük rolu oldu. Hələ Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil aldığım illərdə qədim tariximizin şanlı səhifələrinin yadigarı olan, haqqında öyrənəndən sonra beynimdən çıxmayan bir gizli şəhər barədə durmadan düşünürdüm. İçimdəki sonsuz həvəs məni inandırırdı ki, nə vaxtsa onun izinə düşə biləcəm. İllər keçdi, həyatın qayğıları başımı qatsa da, amma heç vaxt xəyallarımda yaşayan həmin gizli şəhəri unutmamışdım. Beləcə, builki gərgin işimdən sonra isti yay günlərində məzuniyyətimi alıb üz tutdum mənim üçün dünyanın ən gözəl yerlərindən biri olan Tovuza. Arzumu da özümlə apardım.

Neçə-neçə illər ərzində qədim tariximizin ən az öyrənilən səhifələrindən biri kimi, şanlı türk tayfalarından olan abdalların yaşadığı Hunan şəhərini Azərbaycanın hər yerində- dağında, daşında, obasında, oymağında gözüm axtarsa da, ürəyim sanki mənə bu tarixi məkanın Tovuz ərazisində yerləşdiyini söyləyirdi. Yanılmamışdım, keçən il xeyli çəkən axtarış və tədqiqatlardan sonra Abdal çayı sahilində Hunan şəhərini aşkar etdim. Builki səfərimdə isə həmin şəhərin dörd bir tərəfini gəzdim, dünyanın cənnət qucağı olan bu ərazidə haqqında bəhs etdiyim həmin Yeddi Şəlalə möcüzəsini də gördüm.

Əvvəlcə bir az abdallar və sözügedən şəhər haqqında məlumat verim. Albaniyanın köklü sakinləri, ölkədə aparıcı rola malik olan abdallar tarixdə böyük iz qoymuş türkdilli tayfalardır. Təəssüf ki, Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər, amma həqiqət budur ki, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Çünki biz bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırıq. Başqa millətlərin nümayəndələri olan tarixçilər bizim tariximizə hansı təəssübkeşliklə yanaşa bilərlər ki?! Nəticə məlumdur. Onların fərziyyəsinə görə, albanlar əslində başqa bir dildə danışırdılar və guya, sonradan türkləşmişdilər.

Bu fərziyyələr həqiqətən də gülüncdür. Həmin ərazilərdə, əsas etibarilə də Qarabağda hələ o zamanlardan alban məktəbləri açılıb. Özü də o məktəblər üçün qrammatika kitabı hazırlanıb. Türk dilində olan həmin kitablar bugünkü günümüzə qədər gəlib çatıb. Bunlar alban türkcəsində yazılmış kitabdırdır .

Haqqında bəhs etdiyimiz və tariximizin silinməz izlərini özündə yaşadan Tovuzun adı ilk dəfə yazılı şəkildə VII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlının "Albaniya tarixi" əsərində Tavuş kimi qeyd olunub. Onu da qeyd edim ki, Xınna dərəsində Abdal çayının olduğunu hələ uşaqlıq illərindən bilirdim.

V əsrdə yaşamış Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri olan abdallardan danışılarkən, onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal "ov Tanrısı" anlamında işlənib. Diqqət edin, "Kitabi-Dədə Qorqud"un Drezden nüsxəsindəki əlyazmada albanlardan - türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından olan Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur. Dastandan da göründüyü kimi, bu iki türk xalqı arasında güclü rəqabət olduğu danılmaz faktdır. .

Sonuncu aşkar etdiyim qədim Hunan şəhərində türkdilli alban qəbiləsi yaşayıb. Diqqətlə nəzər yetirərkən, 200 hektarlıq bir ərazidə qədim şəhər mədəniyyəti, yüzlərcə saray, yaşayış məskəni olmuş evlərin fundamenti torpağın altından açıqca görsənir. Builki axtarışlarımda həmin şəhərdən 5 kilometr uzunluğunda yolun Abdal çayına düşdüyünü aşkar etdim. Yüzilliklər boyu sel-suları yuduğundan həmin yolun az bir hissəsi yararsız vəziyyətə düşsə də, yolun digər hissələri az qala işlək vəziyyətdədir. Bəzi yerlərdə hətta yolun eni 10 metrə çatır. Bu cür sıldırım qayalıqlarda deyilən keyfiyyətdə və ölçüdə yolun çəkilməsi hətta indiki dövrdə belə, adama möcüzə kimi gəlir. Hunan şəhərində qalıqlarını aşkar etdiyim məbədin daha bir oxşarı da sıx meşəliklərin içərisində -qarşı duran dağın ətəyində yerləşir. Buradakı tikililərə nəzər yetirib, bir zamanların möhtəşəm bir məbədinin dağların başında qərar tutduğunu hiss etmək mümkündür.

Böyük Hun imperatoru Atilla Qafqaza səfər edərkən ona oxumaq üçün İncil veriblər. O isə üç gün oxuyub, dördüncü gün deyib ki, "bu, çox gözəl kitabdır, ancaq bircə yanlışlığı var. Burda yazılıb ki, İsa Məsih Allahın oğludur. Ora yazın ki, İsa Məsih Tenqri xanın oğludur". Yəni İsa Məsih türkün Allahının oğludur. Buradan aydın görünür ki, türk xristianlığı nə cür dərk eləyib. Mən "Atilla varisləri yurdunun açılmayan sirləri" adlı yazımda abdallar, hunlar barəsində faktlarla, tarixi sənədlərlə məlumat vermişəm.

Bəzi mənbələrdə qeyd olunub ki, türk hökmdarı Atillanın ölümündən sonra onun övladları öz düşmənlərindən məhz burada gizləniblər. Bu mövzuda araşdırmalarım davam edir. Hazırda xeyli vaxtdır ki, qədim Hun türk tarixi və Hunan şəhərindən bəhs edən tarixi roman üzərində işləyirəm. Hesab edirəm ki, bu araşdırmalardan sonra Azərbaycan tarixinin yeni bir səhifəsini açmağa müvəffəq olacağam. Hər birimiz tutduğumuz vəzifədən, peşəmizdən asılı olmayaraq tarximizi yaşatmalı, qorumalıyıq.

Alban tarixini araşdıranda görürük ki, eramızın 510-cu ilində Albaniya dövləti Sasanilər imperiyası tərəfindən işğal olunub. IV əsrdən VII əsrə qədər Atropatenaya tabe olub. Albaniya dövləti təxminən min il ömür sürüb və ərəb işğalı nəticəsində VIII əsrdə süqut edib. Məhz həmin vaxt kəsimində Xınna dərəsində Hunan şəhəri yerləşib. 830-cu ildə Babəkin başçılıq etdiyi ordunun ərəblərə qarşı ən şiddətli müqaviməti burada olub.

Sah İsmayıl Xətainin, İmadəddin Nəsiminin də abdal oldugu söylənilir. Hətta Şah İsmayılın özü də bir neçə şeirində özünün abdal olduğuna işarə edib:

Xətaiyəm, bir halam
Əlif üstündə dalam,
Sufiyəm təriqətdə,
Həqiqətdə abdalam". (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm