General Mehmandarov haqqında üç tarixi məqam
Bizi izləyin

Bilgi.az

General Mehmandarov haqqında üç tarixi məqam

Denikin məni rus millətindən yaxşı tanıyır

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından bir il ötsə də Ağqvardiyaçı general Denikin 1919-cu ildə tez-tez müxtəlif hadisələr törədərək cümhuriyyətimizi hədələyirdi. Dövlətimiz və xalqımız isə onun bu hədələrinə əhəmiyyət vermir. Çünki dövlətimizin, xalqımızın və ordumuzun fikri eyni idi: Gələcəkləri varsa, görəcəkləri də var...

Belə bir tarixi məqamda ziyafətlərin birində general Denikindən söhbət düşür. Söhbət əsnasında ziyafətdə olanların hamısı sıra ilə fikir bildirəndən sonra nəzərlər cümhuriyyətimizin hərbi naziri general Mehmandarova yönəlir. Polad iradli, 75 yaşlı qoca aslan ayağa qalxaraq ətrafına göz gəzdirir və sözə başlayır: "Əziz övladlarım, general Denikinin hədələrinin nə mənası var, nə də qiyməti. Denikin məni rus millətindən, çarından və ordusundan yaxşı tanıyır. Və yenə də çox yaxşı bilir ki, komandanlıq etdiyim rus orduları daima rusların komandanlıq etdiyi ordulardan üstün olub. Övladlarım, mən bütün gəncliyimi və enerjimi rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, bu ixtiyar yaşımda millətimin milli ordusunu qurmaq mənə nəsib oldu. Qurduğumuz orduya komandanlıq etməkdəyəm. Mənim komandanlıq etdiyim ordunun üzərinə Denikin cəsarət edib gələ bilməz. Dincəlin və nəşənizi pozmayın".

Mehmandarov qardaşı oğlunu təltif etmir

Demokratik Cümhuriyyətin Əks-inqilab ilə Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlı xatirələrində Mehmandarovla bağlı maraqlı bir məqam qeyd edir. Nağı bəy yazır ki, hərbi nazirimiz Mehmandarlı cümhuriyyətimizin ildönümündə (28 may 1919-cu il) Gəncə şəhərindəki korpus komandanlığına teleqraf göndərərək, - "Təltif olunmağa layiq zabitlərin siyahısını hazırlayın, gəlirəm" - yazır. Teleqrafdan bir neçə gün sonra o gəlir və siyahını yoxlamağa başlayır. Siyahıda yüzbaşı Süleyman Mehmandarlı da var idi. O, bunu görüb soruşur: "Bu mənim qardaşım oğlu Süleymandırmı?" Onun olduğunu söyləyirlər. Mehmandarlı: "Demək ki, digərləri də Süleyman kimi. Mən bunları necə təltif edə bilərəm" – deyir. Bundan sonra siyahı yenidən yoxlanılır. Süleyman və bir neçə zabitin adları siyahıdan çıxarılır. Yenisi tərtib olunur və təltif gerçəkləşir.

Nə zaman içkini tərgitsən...

N.Şeyxzamanlı daha sonra yazır: "Bir gün Milli ordumuza polkovnik rütbəsi ilə daxil edilmiş çar ordusunun keçmiş zabiti Şahverdi xan general Mehmandarlı ilə xüsusi söhbətlərin birində - "Dayı, polkovnik də oldum. Ancaq mənə alay verilmədi. Nə zaman alay komandanı olacağam?" – deyə soruşur. Mehmandarlı isə "Səbəbini bilmirsən? Nə zaman içkini tərgitsən, o zaman da alayı alarsan"– cavabını verir. Şahverdi xan kədərli vəziyyətdə - "Demək qismət olmayacaq" – deyir...

Təqdim etdiyimiz hər üç məqam Mehmandarovun həm hərbçi, həm də bir insan kimi xarakterini ortaya qoyur. Birinci məqamda Cümhuriyyətin 75 yaşlı hərbi naziri özünün sərkərdəlik bacarığına və qurduğu ordunun gücünə arxalanaraq Denikin ordusunun hədə-qorxusunu qulaqardı edərək ona meydan oxuyur.

İkinci məqamda isə Mehmandarov əsl nazir və xarakter sahibi olan bir insan kimi çıxış edir. Hərbçilərin təqdimatı zamanı siyahıda qardaşı oğlu yüzbaşı Süleyman Mehmandarlının adını görür və siyahıdan çıxarır. Ola bilsin ki, doğrudan da yüzbaşı təltif olunmağa layiq zabit olub. Ancaq Mehmandarovun qardaşı oğlu o mükafata layiq olsa da onun adını siyahıdan çıxartdırır. Çünki Səməd bəy Mehmandarovun xarakterinə görə qardaşı oğlu nazir əmisinin kölgəsində olmamalı idi.

Üçüncü məqamda isə hər şey ortadadır. Nazirlə qohumu polkovnik Şahverdi xanın qısa sürən dialoqu Mehmandarovun bir komandan kimi necə prinsipial mövqe nümayiş etdirdiyini görürük. (admiral.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm