Həyat yoldaşınızla barışmağın yolu yataqdan keçir
Bizi izləyin

Bilgi.az

Həyat yoldaşınızla barışmağın yolu yataqdan keçir

Belə bir məsəl var ki, uğur qazanmış kişinin arxasında qadın dayanır. Həyatda uğur qazana bilməyən hər insanın keçmişində isə yola getməyən valideynləri var. Bəli insanın həyat yolunu müəyyən edən faktorlardan biri də uşaqlığında yaşadıqları, gördükləridi

Belə bir məsəl var ki, uğur qazanmış kişinin arxasında qadın dayanır. Həyatda uğur qazana bilməyən hər insanın keçmişində isə yola getməyən valideynləri var. Bəli insanın həyat yolunu müəyyən edən faktorlardan biri də uşaqlığında yaşadıqları, gördükləridir. Uşaqlıq illərinin problemsiz keçməsini valideynlər təmin etməlidirlər. Bəzən isə əksinə olur. Valideynlər uşaqlarını çox sevsələr də, onların psixologiyasının pozulmasına səbəb olurlar. Bəlkə də bunun fərqində belə olmurlar. Amma həqiqət budur ki, ana ilə ata arasındaki problemlər ən çox uşaqlara zərər göstərir.

Biz də bunları nəzərə alaraq uşaq psixoloqu Narınc Rüstəmova ilə ailədaxili konfliktlərin uşaqlara təsirini müzakirə etməyə qərar verdik:

Bir-biri ilə yola getməyən valideynlər boşanmalıdırlar, yoxsa uşaqların xatirinə dözüb evliliklərinə davam etməlidirlər?

Günümüzün problemlərindən biri də odur ki, hələ də şüurumuzda yatan mental dəyərlərimiz çox qabardılır. Ana və atalar aralarındakı problemi həll edə bilməsələr belə boşanmaq istəmirlər. Düşünürlər ki, bu uşağın psixologiyasına mənfi təsir edəcək. El arasında belə deyirlər ki, “valideynlər boşandı, uşaqlar ortada qaldı”.

Ancaq fikirləşmirlər ki, ailədaxili münaqişələr uşaqlara boşanmaqdan daha çox zərər verir.

Yəni Sizcə, ər və arvad yola gedə bilmirsə, boşanmalıdırlar?

Xeyir! Sadəcə olaraq ailə həyatı qurmadan öncə yaxşı-yaxşı fikirləşməlidirlər. Dünya təcrübəsində ailə planlaması deyilən anlayış var. Hər bir insan ailə qurmadan öncə ailə həyatına hazırlaşır. Cütlüklər müayinələrdən keçirlər, bir-birilərinə nə dərəcədə uyğun olub- olmadıqlarını, gələcəklə bağlı planlarını müzakirə edirlər. Bütün bunlar çox önəmlidir. Hər bir qadın və ya kişi həyatını birləşdirəcəyi insanı yaxşı tanımalıdır.

Yaxşı valideyn kimə deyilir?

Valideyn olmaq ancaq uşağı dünyaya gətirmək, yedizdirmək, geyindirmək demək deyil. Uşaqla necə rəftar etmək lazımdır, cəmiyyətə faydalı insanı necə yetişdirmək olar kimi sualların cavabını öyrənmək, bu istiqamətdə kitablar oxumaq, psixoloq məsləhəti almaq lazımdır.

Yaxşı valideyn bilməlidir ki, uşağın yanında mübahisə etmək, qışqırmaq, kobud ifadələr dilə gətirmək olmaz. Çox vaxt valideynlər o qədər əsəbi olurlar ki, bu məqamları unudurlar. Uşaqlar çox həssas olurlar. Ən adi bir səhv belə onların psixologiyasının korlanmasına və qalıcı problemlərə səbəb ola bilər.

Uşaqlar hansı yaşlarda daha həssas olurlar?

6 yaşa kimi uşaqlar daha həssas olurlar. Hətta uşaqlar olan otaqda bu mövzuda adi müzakirə belə aparmaq olmaz. Uşağın 2-3 yaşı olsa belə o söhbətdəki mənfi nüansları tuta bilir. Bəzən valideyn gileylənir ki, uşağımda aqressivlik var. Elə bilirlər ki, uşağın aqressivliyi bağçada və ya məktəblə əlaqəlidir. Çox vaxt isə uşaqdakı problemlərin əsas günahkarı valideynlər olur.

Valideynlərdən biri səsini bir az yüksəltsə, bu konfliktə çevrilməsə belə uşaq fikirləşir ki, anam atamı sevmir, və ya əksinə. Valideynlərinin ayrılacağını düşünür və onda sevdiyi insanları itirmək qorxusu yaranır.

Bəzən evdə dava-dalaş olanda diqqət yetirsələr uşağın qulaqlarını tutduğunu görərlər. Bu artıq gələcəkdə həmin uşağın psixologiyasında problemlərin olacağına işarədir.

Adətən cinayətkarların keşmişində ailələri ilə problemlər yaşadıqları söylənilir. Bu fikir doğrudurmu?
Bəli. Cinayət törətmiş insanların keçmişini araşdırsaq, onlardan çoxunun ailəsində problemlərin olduğu üzə çıxar. Əlbəttə ki, atanın anaya və ya ananın ataya şiddət tətbiq etdiyi ailədə böyüyən uşağın psixikası sağlam ola bilməz. Hətta elə valideynlər var ki, uşaqlara da şiddət tətbiq edirlər. Sonra da həmin uşağın böyüyüb onları sevən, xeyirli övlad olmasına ümid edirlər. Bu, mümkün deyil axı. Çünki uşaqların yaddaşı videolent kimidir, ona nə yazsanız, onu da izləyəcəksiniz. Ailədə şiddət görən uşaqlarda belə bir fikir yaranır ki, əgər problemi vurmaqla, döyməklə, qışqırmaqla həll etmək mümkündürsə, onda bunu mən də edə bilərəm.

Belə uşaqlar məktəbdə kimləsə anlaşa bilməyəndə dava salır, vurur-döyür, hətta müəllimlə dilləşirlər.

“Qadınlar heyifını övladlarından çıxmasınlar”

Belə problemlərin yaşanmaması üçün valideynlərə nə tövsiyə edərdiniz?

Təbii ki, mübahisəsi olmayan ailə yoxdur. Deyək ki, hamının ailəsində vəziyyət yaxşıdır, yalan edir. Amma problemi həll etməyin də üsulları var. Bunun üçün psixoloqdan və ya ağsaqqallardan məsləhət almaq olar.

Çox vaxt ərinə əsəbləşən qadın heyifını uşaqlardan çıxır. Onlarla kobud rəftar edir, qışqırır, hətta bəzən döyür. Belə şəraitdə böyüyən uşaqlarda ailə həyatı ilə bağlı qorxular yaranır. 35-40 yaşına çatıb hələ də ailə qurmayan adamları danışdırsanız görərsiniz ki, onlar ailə sahibi olmaqdan qorxurlar. Onların şüur altında ailə modeli elə formalaşıb ki, evliliyin dava-dalaş, səs-küy, problemlərdən ibarət olduğunu fikirləşirlər. Bu tip insanlar öz anası və ya atası kimi olmaqdan, öz çəkdiklərini övladlarına yaşatmaqdan qorxurlar. Ona görə də evlilikdən boyun qaçırırlar.

Bəs əsəbləşəndə nə etmək olar?

Valideynlər sağlam bir uşağı belə xəstə edə bilərlər. Uşaq aqressiyasını kontrol etməyi bacarmırsa, bu valideynlərin günahıdır. Qadınlar emosional olduqları üçün əsəbi danışaraq, qışqıraraq, ağlayaraq, deyinərək büruzə verirlər. Amma heç bir ana əsəbini övladlarına tökməməlidir. Əsəbi olanda kimisi qab sındırır. Halbuki qab yuya bilər, ev təmizliyi ilə məşğul olub fikrini yayındıra bilər, bunlar daha faydalı olacaq.

Hər problemin həlli varmı?

Aralarında münaqişə olan ər və arvad çalışsınlar bir müddət görüşməsinlər. Heç olmasa münaqişədən 12 saat keçsin. Çünki əsəbi olanda insan istəmədiyi sözlər dilə gətirirlər bilər ki, bu da aradan pərdənin götürülməsinə, geri dönüşü olmayan səhvlərə səbəb ola bilər. 12 saat sonra məsələni yenidən müzakirə etmək olar. Çalışsınlar bunu yataq otağında etsinlər.

Tərəflərdən birində ciddi psixoloji problemlər varsa, xəyanət kimi geri dönüşü olmayan addımlar atılıbsa boşanmaq normaldır. Amma digər problemlərin əlbəttə, həlli var.

Bu gün 40-50 illik evli olan cütlüklər görəndə təəccüblənirik. Çünki evliliklər qısalıb. Çox vaxt boşanmaq da çarə olmur. Çünki insan öz problemini görməli və onu həll etməlidir. Özünü tanımayan, yetişdirməyən insan, boşanıb başqa biriylə evlənsə də, yenə eyni problemləri yaşayacaq.

Cütlüklərə onu tövsiyə edərdim ki, aralarında olan ən xırda anlaşılmazlıqları belə müzakirə edib həll yolu axtarsınlar. Çünki xırda problemlər sonralardan daha da böyüyür və boşanmağa qədər gətirib çıxarır. /Tabloid.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm