“Bir zamanlar bütün kişilər dərdimdən ölürdü”
Bizi izləyin

Bilgi.az

“Bir zamanlar bütün kişilər dərdimdən ölürdü”

“Bir zamanlar bütün kişilər dərdimdən ölürdü”

“Şirin söhbət” layihəmizdə bu dəfə sizə Sibel Can öz şəxsi həyatından danışacaq. Gözəlliyi və valehedici səsi ilə gündəmdə qalan məşhur müğənninin ən səmimi müsahibəsini təqdim edirik:

“Uşaqlarım mənim ən yaxşı dostlarımdır”

- Sibel Canın ən yaxın dostu kimdir?

- Anam, atam yoxdur. Bu səbəbdən özümü heç vaxt tam xoşbəxt hiss edə bilmirəm. Yaxşı ki, gənc yaşda ana olmuşam və 3 övladım var. Mən onlarla böyümüşəm. Üçü də mənim ən yaxın dostumdu.

“Hər ananın mütləq qızı övladı olmalıdır”

- Hansı ilə daha mehribansız?

- Ayıra bilmirəm. Engincan Mayamidə beynəlxalq münasibətlər üzrə təhsil alıb. Onunla dost kimiyik. Dünyadakı bütün yenilikləri izləyir və mənimlə paylaşır. Yeni musiqilərdən, dəbdən ən birinci o xəbər tutur. Mənə musiqi ilə bağlı tövsiyələr verir. Deyir ki, tərzini dəyişdirə bilərsən, bunu eləsən gənclərə daha yaxın olarsan, onlar da səni dinləyər. Engincan mənim dünyaya açılan gözümdür.

Hər ananın bir qız övladı olmalıdır. Anam da həmişə “qız övladının yerini heç nə verməz” deyərdi. Melisa çox həssas qızdır. Hamımıza, qardaşlarına qarşı çox diqqətcildir. Engincan hara getdiyini, sevgilisini, həyatındakı özəl məqamları bilir. Mən deyərdim ki, onu bir az da qısqanır. Qızım evdə piano və ya kaman çalır, mahnı oxuyur. Amma müğənni olmaq istəmir. Paltarlarını paylaşmağı sevir. Buna görə arada dava da edirik.

Emir isə mənim gözümün nurudur. Hamımızın nazlı ipək yumağı. Çox şirin, həm də həssas uşaqdır. Allah hamının övladını qorusun. Bəlkə də yaşı az olduğu üçün mənə çox yaxındır. Hər səhər mənə “ana səni çox sevirəm” deyərək məni yuxudan oyadır.

- Bir də ögey qardaşları var?

- Engincan və Melisanın atası Hakan Uralın da bir uşağı oldu. Ikisi də qardaşlarını çox sevirlər.

- Üçüncü dəfə evlənərsən?

- Əsla, heç vaxt kimi kəlmələri işlətməyi sevmirəm, amma indi deyirəm ki, bir daha əsla evlənməyəcəm. Artıq uşaqlarım böyüyüb.

- Axı hələ gəncsiniz…

- Bir daha evlənmək istəməməyim yaşla əlaqəli deyil. Elə bir insan deyiləm. İndi də həyatımı maraqlı yaşayıram. Evlilik heç ağlıma belə gəlmir. Uşaqlarımla və işimlə nəfəs alıram. Bu mənim üçün ən böyük xoşbəxtlikdir. Yeni bir insan tanımaq, onu həyatıma daxil etmək? Allah qorusun. Elə bir niyyətim yoxdur.

- Həyat dəyişir, dəb dəyişir, ancaq sizə olan maraq heç dəyişmir, azalmır. Bunun səbəbi nədir?

- Sirrim işimi çox sevməyimdir. Hələ də bu işə yeni başlamış adamlar kimi həyəcanlıyam. Mahnı və ya səs gözəlliyi hələ hər şey demək deyil. Əsas ifa gözəl olmalıdır. İfanın gözəl olması üçün isə işini sevməlisən, həyəcan, coşqu hiss etməlisən.

- Çox şeyə sahib olan insan xoşbəxtdir, yoxsa az şeyə ehtiyac duyan necə? Siz həyatda nələrə sahib olmaq istəmisiniz?

- Heç vaxt hər şeyə sahib olmaq kimi arzularım olmayıb. “Az olsun, öz olsun” deyə bir ifadə var. Mən bu fəlsəfə ilə yaşayıram.

- Amma arzularınız, istəkləriniz də olub...

- Əlbəttə. Çox şükür istəklərimin hamısına nail olmuşam. Məndən soruşurdular ki, “nəçi olmaq istəyirsən?”, deyirdim ki, ana olmaq istəyirəm, çoxlu uşağım olsun istəyirəm. 3 övladım var, işimdə zirvədəyəm, daha nə olsun.

- Gənc olanda elə bir səhviniz olubmu ki, indi uşaqlarınızın eyni səhvi təkrarlamasını istəməzsiniz?

- Anamla atam rəfiqələrimin evində qalmağıma icazə vermirdilər. Təkcə Zerrin Özerin evində qalmağıma heç nə demirdilər. Mən də anamdan, atamdan gizli şəkildə Zerrinin evində evləndim. Özümü valideynlərimin yerində təsəvvür edəndə dəli oluram. Hələ uşaq idim və evlənmişdim. Övladlarımın məndən gizli evlənməklərini istəmərəm. Hakanla tanış olduqdan 17 gün sonra evlənmişdik. Çünki o vaxtlar fərqli idi, görüşə bilməzdik. İndi şərait dəyişib. Ona görə də uşaqlarımın mənim etdiyim səhvi təkrarlayacaqlarını düşünmürəm.

- Bəs siz uşaqlara dostlarının evlərində qalmağa icazə verirsiz?

- Yox!

- Uşaqlar hər sözünüzə qulaq asırlar?

- O qədər də sərt deyiləm. O vaxtlar diskotekalar vardı, mən getmək istəyirdim, amma valideynlərim icazə vermirdilər. Gedə bilmədiyim üçün ağlayırdım. Mən uşaqlarımın həyatına çox qarışmıram. Məsələn, Melisa bir bara getmək istəyir əvvəlcədən zəng edib yer ayırdıram. Amma getdiyi yerlərə diqqət edirəm, tanıdığım, inandığım insanların məkanları olmalıdır. Onsuz da qızıma inanıram, əylənmək onun da haqqıdır. Engincan isə daha sərbəstdir.

- Kənardan baxanda Sibel Canı necə görürsünüz? Sibel necə qadındır və onunla nələr etmək istəyərsiniz?

- Ağlı başında, mahnı oxumağı, rəqs etməyi çox sevən, övladları ilə xoşbəxt bir həyat yaşayan qadın görürəm. Sibel Canla istirahətə getmək istəyərəm, onunla tətil keyiflidir. Əyləncəli bir qadındır. Bir də səhnədə onunla duet oxumaq istəyərəm. Səsi həqiqətən də çox gözəldir. Sibel Canın uşağı olmağı isə hər şeydən çox istəyərəm. Yaxşı anadır, yaxından tanıyıram. (gülür)

-Gözəl və seksual olmaq sizə nə hiss etdirir?

- Düzü mən çox gözəl və ya seksual bir qadın olduğumu düşünmürəm. Düşünürəm ki, səsim və ifam gözəl olmasaydı, başqa peşə seçmiş olsaydım, insanlar mənim gözəl və cazibədar olduğumu deməyəcəkdilər. Heç vaxt seksuallıq və gözəlliklə gündəmdə qalmağa çalışmamışam.

“Evlilik mənim yox, övladlarımın gündəmindədir”

- Nənə olmaq istəyirsiz?

- Elə bu gün Engincanla səhər yeməyi vaxtı bu mövzudan danışmışıq. Mən nəvə sahibi olmağa hazıram, bu duyğunu yaşamağı çox istəyirəm. O isə deyir ki, hələ tezdi:”Ana nə danışırsan?”. Bu arada Emir söhbətə müdaxilə elədi. Deyir ki, “ana mən evlənməyəcəyəm, toy çox bahaya başa gəlir”. Engincan da qardaşına cavab verdi ki, “hə düz deyirsən, toy nəyə lazımdı. Sadə bir nikah mərasimi ilə evlənmək lazımdı”. Gördüyün kimi evlilik mənim yox, uşaqlarımın gündəmindədir.

- Özünü yalnız hiss etdiyin vaxtlar olur?

- O qədər həsrət çəkmişəm ki, bəzən deyirəm gərək anam adımı Özləm qoyardı. Allah hər şeydən əvvəl sağlıq versin. Hər şey gəlib keçir. Nələr yaşadım bu günə qədər, unutdum, unutmağa çalışdım. Təbii ki, çətin oldu. Bəzən özümə təəccüblənirəm ki, bu qədər ağır dərdlərin öhdəsindən necə gəlmişəm.

- Evdə vaxtınızı necə keçirirsiniz?

- Uşaqlarla maraqlanıram, bir neçə dostum var, onlarla görüşürəm. Şou-biznes aləmindən heç kimlə görüşmürəm, yaxın dostluğum yoxdur. Bir-iki sənətçi böyüklərim var, onlarla görüşürəm.

-Bəs gecələr?

-Hamı yatdıqdan sonra yalnızlıq oyanır. Yalnızlıq duyğusunu basdırmaq üçün kitab oxuyuram, internetdə vaxt keçirirəm. Musiqi ilə bağlı kiçik araşdırmalar edirəm, öyrənirəm. Gecələr ən çox türk sənət musiqisini dinləyirəm. Vaxt keçib gedir.

- İnternetdə yazışırsan?

-Yox, bacarmıram. Saytlara baxıram, xəbərlər oxuyuram, bir də komputer oyunları oynayıram. Engincan və Melisa ilə saatlarla oynayırıq. Engincana deyirəm ki, mənə öyrətdiyin ən maraqlı şey bu oyunlardır, amma boş yerə çox vaxt itir.

“Psixoloğum uşaqlarımdır”

- Çətin günlərdə psixoloqa getmisən heç?

- Psixoloqa getməmişəm. Mənim psixoloqlarım uşaqlarımdır. Onlarla vaxt çox gözəl, maraqlı keçirirəm.

- Bu qədər güclü olmağında keçmişdə yaşadıqlarının təsiri varmı?

-13-14 yaşımdan bütün ailənin məsuliyyətini daşımışam. Hamıya inandığım, güvəndiyim üçün çox şeylər itirmişəm. Sənət dünyasından da mənə pislik edənlər, mənə quyu qazanlar olub.

- Uşaqlığını yaşaya bilmədiyin üçün peşmansanmı?

- Çox kasıb ailədə böyümüşəm. Atam musiqiçi idi. Heç unutmuram bayram ərəfəsində atam 3 gün bir kənd toyunda işləmişdi. Bayramlarda bütün uşaqlara yeni paltar almaq adətdir. Bizim isə pulumuz yox idi. O biri uşaqlar bizə baxıb gülürdülər. Atam 3 gündə qazandığı pul ilə gedib bizə paltarlar aldı.

“Özümü dinləyəndə ağlayıram”

-Ən son nə vaxt ağlamısız?

- Özümü bəyənmişlik kimi çıxmasın, mahnılarıma qulaq asanda ağlayıram. Bu qədər gözəl səs verilib mənə, çox şanslıyam.

-Ev işləri ilə aran necədir?

-Paltar ütüləməkdən zəhləm gedir. Evdə köməkçim var, işləri o görür.

- Qısqanc bir qadınsan?

- İnanılmaz dərəcədə qısqancam. Sevdiyim insanı çox qısqanıram, bunun inanmaqla əlaqəsi yoxdu.

- Özünü bəyənmədiyin vaxtlar olur?

- Hə, bəzən olur. Amma baxımlı bir qadının həmişə gözəl olduğunu düşünürəm. idmanla məşğul oluram, düzdür, tez-tez kökəlirəm. Amma bu sağlamlığımla bağlı problemlərdən irəli gəlir. Emirə hamilə olanda çox kökəldim, qorxdum ki, bir də arıqlaya bilməyəcəm. Yaxşı ki, səsim gözəldi, yoxsa şişman Sibel Canı heç kim istəməzdi.

- Rəqibiniz var?

-13 yaşından bəri çalışıram. Səsimlə, mahnılarımla səhnə performansımla Türkiyədəki qadın müğənnilər arasında rəqibsizəm.

- Sibel Canla işləmək asandır, yoxsa çətin?

- Mahnı seçərkən çox diqqətli davranıram. Albom üçün yüzlərlə mahnı oxuyuram. Sonra oxuduqlarımı təkrar-təkrar dinləyirəm. Axırda bəyəndiklərimi seçərək 10-15 mahnılıq bir albom çıxarıram. Elə vaxt olur ki, pulunu ödəyib aldığım bir bəstəni sonradan bəyənmədiyim üçün alboma daxil etmirəm. Yəni mənimlə işləmək o qədər də asan deyil.

- Ən çox kimləri dinləyirsiniz?

- Türk sənət musiqisinin ulduzları: Zəki Mürən, Müzəyyən Senar, Gönül Akkor, Muazzez Abacı. Bundan başqa, Sezen Aksu, Nilüfər, Zerrin Özər kimi sənətçiləri də dinləyirəm. Sonra Tarkan, İbrahim Tatlısesi də daim dinləməyə çalışıram. Özümü çox dinləyirəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm