Tailandda həbs olunan rus avtoritet: superkiller qruplaşmasının lideri - Foto
Bizi izləyin

Bilgi.az

Tailandda həbs olunan rus avtoritet: superkiller qruplaşmasının lideri - Foto

Tailandda “Şelkovski” qruplaşmasının lideri, "Basmaç" ləqəbli Aleksandr Matusov həbs olunub. Həbs olunarkən rusiyalının üstündə saxta erməni pasportu olub. Rusiyanın Tailanddakı səfirliyinin nümayəndəsi Aleksey Faluninin bildirdiyinə görə, Matusov yaxın günlərdə ölkəsinə deportasiya ediləcək və məhkəmə qarşısına çıxarılacaq.

Rusiyda isə Matusov 2009-cu ildən axtarışdadır. Onun qruplaşması 60-dan çox sifarişli qətl törədib, insan oğurluğu ilə məşğul olub.

Qruplaşmanın yaranması

"Basmaç" ləqəbli Aleksandr Matusov ötən əsrin 90-cı illərinin əvvəllərində İzmaylovski qruplaşmasında tanınmış avtoritetlərdən idi. Lakin bir müddət sonra o öz qruplaşmasını yaratmaq qərarına gəlir. Qruplaşmanın özəyi Moskvanın Şelkovski rayonunun Biokombinat qəsəbəsinin sakinlərindən təşkil olunur. Elə Basmaçın evi də bu qəsəbədə yerləşirdi. Pavel Bondarçkov (ləqəbi Boldaris) və İqor Rejnov (ləqəbi Peqas) Matusovun ən yaxış adamlarına çevrilirlər.

Qruplaşma fəaliyyətə Şelkovski rayonundakı kommersiya strukturlarını nəzarətə almaqla başlayır. Əlbəttə ki, bu zaman onların burada əvvəldən olan digər qruplaşmalarla münaqişəsi düşür. Ancaq Basmaç tapşırır ki, heç kimlə danışığa gedilməsin, rəqiblərin hamısı öldürülsün. Qruplaşma üzvləri bu əmri canla-başla yerinə yetirirlər. Az bir zamanda Şelkovskidə rəqib qruplaşma qalmır. Basmaçın qruplaşmasından hətta yerli məmurlar və milis işçiləri də ehtiyat edir.

Məsələn, 1996-cı il noyabrın 17-də Basmaçla rəqib qruplaşmalardan birinin dörd üzvü – Aksenov, Kaşirski, Parxomenko və Zarubin “söhbətə” gedirlər. Görüş Şelkovski rayonunun Sverdlovski qəsəbəsinə təyin edilir. Qonaqlar bilsəydilər ki, görüş yerində onları nə gözləyir...

Başmaçın qruplaşmasının üzvləri bir neçə avtomobildə əllərində avtomat rəqiblərini gözləyirdi. Hadisə yerinə gələn 4 nəfər restoranda yığışır, amma Basmaçın adamlarının gəlmədiyini görüb ordan çıxır və elə küçəyə çıxan kimi güllə yağışına düşürlər. Kaşirski və Parxomenko dərhal deşik-deşik edilir. Zarubinlə Aksenov yaralanır.

Polis hadisə yerinə gəldikdə artıq qatillərin izi-tozu itmişdi. Asayiş keşikçiləri Zarubini nə qədər dindirsələr də, o, güllə atanlar barədə bir kəlmə də danışmır. Onları tanımadığımı deyir. Ağır yaralı Aksenov isə ifadə verməyə razı olsa da, həkimlər bir qədər gözləməyi tövsiyyə edirlər. Çünki yaralının vəziyyəti ağır idi, o, reanimasiya palatasına köçürülmüşdü.

Ələ alınmış milis işçilərindən biri Matusova çatdırır ki, Aksenov ifadə verəcək. Basmaç qərar verir və öz killerlərini xəstəxanaya göndərir. Peqas ləqəbli İqor Rejnov xəstəxanaya gəlir və birinci mərtəbədə yerləşən reanimasiya palatasının nəfəsliyindən Aksenovu səsboğuculu tapança ilə güllələyir. Başından güllə yarası alan Aksenovu yoxlamağa gələn növbətçi həkim onu qan içində tapır. Vəssalam, iz itir...

Kinqisep qruplaşmasıyla iş birliyi

Tezliklə Şelkovski qruplaşması ən qəddar qruplaşma kimi kriminal aləmdə məşhurlaşdı. Qruplaşmaya edilən sifarişli qətllərin sayı hesabı yox idi. Basmaçovun dəstəsi hər sifarişi həvəslə yerinə yetirirdi. Təki pul olsun. Fərq etmirdi, öldürəcəkləri şəxs biznesmen idi, məmur, ya kriminal avtoritet. Hamısını öldürürdülər.

Bu arada Başmaçov Leninqrad vilayətindəki Kinqisep qruplaşmasının lideri Sergey Finaqinlə dostlaşır. Finaqinin də qruplaşması Sankt-Peterburqda eyni işlə məşğul idi. İki qruplaşma arasında sifarişli qətllər, adam oğurluğu və başqa sahələrdə işbirliyi yaranır. Onlar hətta kriminal avtoritetləri də oğurlayıb pul müqabilində buraxmaqdan çəkinmirlər. Oğru dünyasında belələrinə “bezpredelşik”deyilir.

1995-ci ildən 2000-ci ilədək təkcə Şelkovski qruplaşması 60-dan çox sifarişli qətl həyata keçirir.

Bandanın sonu

Yalnız 2006-cı ildə oğurlanmış biznesmenlərdən biri təsadüf nəticəsində cinayətkarların əlindən qurtulub qaça bilir. Milisə qaçırılma hadisəsi və onu girov götürənlər haqda ətraflı məlumat verir. Bundan sonra milis Basmaçın dəstəsinin izinə düşür. 2009-cu ildə qruplaşmanın, demək olar ki, bütün üzvləri həbs edilir. Yalnız Matusov aradan çıxır. Onun barəsində federal axtarış elan edilir.

2011-ci ildə məhkəmədə qruplaşma üzvlərinə hökm oxunur. Pavel Bandarçkov 19 il, İqor Rejnov 15 il həbs cəzası alır. Qalanlarına isə 7 ildən 12 ilədək iş kəsilir.

İndi isə bandanın lideri Basmaç, yəni Aleksandr Matusov tezliklə məhkəmə qarşısında cavab verəcək.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm