Şah İsmayıl və Sultan Səlim birgə imperiya yaradırlarmış - TARİX
Bizi izləyin

Bilgi.az

Şah İsmayıl və Sultan Səlim birgə imperiya yaradırlarmış - TARİX

Səfəvilər dövlətimüasir Azərbaycan dövlətçiliyinin geneoloji yaddaşıdır

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim edilmiş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" yazısı uzun müddət idi ki, məni çox düşündürürdü. Bu gün Azərbaycanımızın dünyada xüsusi yeri var və o, bir çox ölkələrin xarici siyasi kursuna və daxili siyasi tədbirlərinə təsir edə bilir, bir sıra dövlətlərə və onların iqtisadiyyatının inkişafında yardım göstərir. Bütün bunları Azərbaycanımızı sevməyən ölkələr də anlayır və bilir. Ona görə də hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ideoloji ekspansiyalar formasında həyata keçirilir. Bu, daha çox ictimai fikri formalaşdıran bəzi siyasət adamlarının çıxışları və onların tariximizi təhrif edən təbliğatları formasında özünü büruzə verir. Acınacaqlı hal odur ki, bu vəziyyətlə ədəbi məfkurəlikdə və incəsənət aləmində də tez-tez rastlaşırıq.

Azərbaycan türkləri ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənmiş, məhz bu qabiliyyətləri ilə də yeni ərazilərdə nəhəng dövlətlər ərsəyə gətirmişlər. Azərbaycan türkləri özləri üçün ictimai tərbiyə formasına çevrilən, çoxsaylı məziyyətlərə malik davranış normaları işləyib hazırlayırdılar. Türk hələ uşaqlıqdan dünya ilə ünsiyyət prinsiplərinin məcmusunu əxz edir, vaxt ötdükcə bunları həyati davranış normalarına çevirir və yaşa dolduqca bu dəyərlər refleks şəklində onun şüurunda möhkəmlənirdi. Nəticədə geneoloji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülürdü. Azərbaycan türklərinin dövlət təşkilatının hərbi-demokratik xarakteri bir sıra hallarda “mülki” və “hərbi” hakimiyyət bölgüsünə gətirib çıxarmışdı. Xalq bu cəmiyyətdə bütün işlərdə başlıca təsirə malik idi və çoxluğun razılığı olmadan heç bir iş görülmürdü. Bütün bunlarla bərabər, Azərbaycan türklərinin dövlətçilik ənənələrində dövlət başcısı mühüm qərarları cəmiyyətinin demokratik təşkilinin vacib elementi olan məclislə məsləhətləşmələrdən sonra qəbul edirdi. Məsələn, Səfəvilərdən sonra hakimiyyəti ələ almış Nadir Şah 1736-cı ilin martında Muğana gəldi və Xalq Məclisi çağıraraq özünü yeni Əfşarlar imperiyasının banisi elan edib tacqoyma mərasimi keçirdi. (Yaqub M. Mahmudov,Kərim K.Şükürov. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi, Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639-1828. Dörd cilddə. Birinci cild, Bakı 2009. səh 95).

Xalq Məclisi həmçinin, Ağsaqqallar Şurası və ictimai məhkəmə funksiyalarını yerinə yetirirdi. Əksər hallarda şah titulu on illərlə, bəzənsə yüz illərlə eyni bir zadəgan ailəsinin əlində qalırdı.

Çox vaxt hakimiyyət atadan oğula keçirdi, lakin şahlığa iddialı şəxs zəruri keyfiyyətlərə malik olmadıqda bu vəzifə digər bir zadəgana çatırdı. Ona görə ki, xalq bütün işlərdə başlıca təsirə malik idi və əksəriyyətin razılığı olmadan heç bir iş görülmürdü.

Burada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirlərindən tam təqdirlə iqtibas etmək istərdim:“Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir”.

Yaxud Ramiz müəllimin Faiq Ələkbərliyə qarşı olan iradına diqqət yetirək: “Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır. Bu müddəaların müəllifi olan F.Ələkbərli, eyni zamanda, zənnimcə, Şah İsmayılın fəaliyyəti barədə bəzi mülahizələrində subyektivizmə meyillidir. Ümumiyyətlə, XVI əsrin əvvəlində regionda baş verən proseslərin bütün dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət başçısının fəaliyyətini tənqid etmək nə dərəcədə düzgündür?”.

Doğrudan da haqlı bir iraddır, ona görə ki, hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks təqdirdə, tədqiqatçı mütləq subyektivizmə uğrayacaq. Doğrudur, nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq, hər bir müəllifdə hadisələrə özünəməxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya digər yekun nəticə ona daxili məntiqin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah oluna bilər. Amma mən tariximizi tədqiq eləyən bir şəxs kimi kitablarımın süjet xəttlərində həmişə bir prinsipial şərtə əməl etmişəm - tarixi hadisələrə bu günün nəzərləri ilə baxmaq olmaz. Osmanlı-Səfəvi qarşıdurması zamanı Şah İsmayılın şəxsi keyfiyyətlərindən qaynaqlanan xüsusiyyətləri ilə bərabər, dövrün geosiyasi vəziyyətinin baş verən bu siyasi hadisələrə təsiri də nəzərə alınmalıdır. Atası II Bəyazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürərək hakimiyyətə gələn üçüncü şahzadə - I Sultan Səlim isə ölkənin coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam etdirmək istəyirdi. Ancaq Şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünürdü. Belə olan halda, I Səlim və I İsmayıl arasında münasibətlər çox kəskinləşdı. Əslində hər iki lider xilafətdən sonra möhtəşəm bir imperiya yaratmaq arzusundaydılar. Hər ikisi də müqəddəs şəhərlərə və ümumilikdə Ərəbistana sahib olmaq istəyirdi. Təsadüfi deyil ki, məhz Çaldıran savaşından sonra Osmanlı ordusu Misiri fəth etdi və çox keçməmiş Hicaz, sonra da Yəmən, Əl-İhsən və Ərəbistanın digər hissələrinə ələ keçirdi. Məkkənin dəniz qapısı olan Ciddəyə, Misir, Hicaz və Əlcəzairin bir hissəsinə Sultan öz paşasını başçı təyin etdi (Cevdet. Ahmed. Tarih-i vekaiya devlet-i aliye. vol. 1-12. Istanbul. Hicri 1271-1292. 12 vols). XVI əsrdə qüdrətli Osmanlı donanması, demək olar, bütün Aralıq dənizi hövzəsinə nəzarət edirdi. 1521-ci ildə türk qoşunları Belqradı tutdu.1526-cı il Moxaç döyüşündə onlar macar-çex qoşunlarını ağır məğlubiyyətə uğratdılar, sonra isə Macar krallığının əhəmiyyətli hissəsini ələ keçirdilər. Yalnız 1555-ci ildə Osmanlı dövləti ilə Səfəvilər arasında sərhədlərin tanınması barədə müqavilə imzalandı (İsmail Hakkı Uzunçaşırlı. Osmanlı tarihi. III с. Аnкаrа, 1988) .

Fikrimcə, tarixə bu baxımdan nəzər yetirmək daha ədalətli olardı. Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənib. Dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq, görərik ki, keçmiş tarixi vəziyyət davam edir və təkrar olunur.

Ramiz Mehdiyevin xüsusilə üstündə dayandığı digər bir qeydi “Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Bununla bağlı İ.P.Petruşevskinin bir fikrini xatırlatmaq istərdim. O, yazırdı: “Aldığı tərbiyəyə və maraqlarına görə, İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar (Петрушевский И.П. В книге “Сборник статей по истории Азербайджана”. Стр. 242-243).”

Azərbaycan tarixən tayfa və xalqların hərəkatının mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdirməyə çalışıblar. Lakin onlar öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib. Səfəvilər dönəmi isə dilimizin inkişafının və yayğınlaşmasının zirvə nöqtəsi olub. Amerikalı etnoqraf Eduard Holl yazır: “Milli yaddaş kostyum kimi geyinilib, soyunulacaq bir adət deyil. İn­san nə qədər çalışsa da, o öz milli yaddaşından və mədə­niyyətindən imtina edə bil­məz, çünki bu onun sinir sisteminin köklərinə hoparaq, onun dün­yanı necə dərk etməsinə təsir göstərir. Milli mədəniyyətin bö­­yük hissəsi şüura nəzarətin hüdudlarından kənarda giz­li qalaraq, insan həyatının əsasını təşkil edir. Hət­ta milli mədəniyyətin gizli bir hissəsinin idraki möv­cudiyyətin bir hissəsinə çevrilməsi halında belə, onları dəyişdirmək çətindir. Ona görə yox ki, onlar insanlar tərəfindən duyul­ub və yaranıb, ona görə ki, insanlar mədəniyyətdən başqa heç bir dərk edilmiş yolla fəaliyyət göstərə bilmirlər”.

Bu baxımdan akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri olduqca maraqlıdır:“Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş – insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. “İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır” deyənlər haqlıdırlar”.

Lakin bu gün keçmiş Səfəvi coğrafiyasında Azərbaycan dilinə qarşı hücumların şahidi oluruq. Amma bu qafillər bilmirlər ki, Səfəvilər dövləti müasir Azərbaycan dövlətçiliyinin geneoloji yaddaşıdır.

Məhz bu geneoloji yaddaş vasitəsi ilə Azərbaycan dili özünü həmişə qoruyub və bundan sonrada qoruyacaq, o yaşayır və yaşayacaq!

Adıgözəl Məmmədov

Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı İnstitutunun ekspertlər şurasının üzvü

Oxumağa davam et
Reklam
Reklam

Gündəm