Morqda işləyən azərbaycanlı: ”Pişiklər sahiblərini öləndən sonra yeyir”
Bizi izləyin

Bilgi.az

Morqda işləyən azərbaycanlı: ”Pişiklər sahiblərini öləndən sonra yeyir”

“Ölülərdən yox, dirilərdən qorxmaq lazımdı”. Bunu uzun müdət Moskva morqlarından birində çalışmış Azad adlı həmsöhbətim deyir. İşi ilə bağlı danışmağını istəyirəm. Həvəssiz razılaşır. Amma şərt kəsir ki, soyadını qeyd etməyim...

Azad Moskvaya 90-cı illərin ortalarında gedib. Biznesdə əli o qədər gətirməyib. Bu zaman rus dostlarından biri Moskva kənarındakı şəhərlərin birində morqda çalışmağı təklif edib. Babat pul verirmişlər. Evlərin kirayəsi də Moskvaya nisbətən ucuz olduğundan razılaşıb.

“Dəhşətli iy gəlir”

Azad deyir ki, o vaxtadək sanitarların morqda nə ilə məşğul oduğu barədə təsəvvürü olmayıb: “İlk vaxtlar meyitlərə baxa bilmirdim. Tüklərim biz-biz olurdu. Sonra öyrəşdim. Morqdan həmişə iy gəlir. Qan, sidik, nəcis iyi. Təzə meyitlər soyuducuda saxlanılır deyə, o seksiyada iy olmur. Çürümüş meyitləri isə soyuducuya qoymaq mənasızdır. Onları ayrıca otaqda saxlayırlar. Oğul deyərəm, o otağa girsin.

O meyitlərin üstündə həmişə ət milçəyi olur. Milçəklər meyitin qulağına, ağzına yumurta qoyurlar. Sonra yumurtadan qurdlar çıxır. Ona görə həmişə həmin otağa girdikdə ayağının altında əzilən qurdların xırçıltısını eşidirsən. Adam istər-istəməz diksinir.

Meyitlər cürbəcür olur. Xərçəng xəstəsi olan qocalar qupquru olur. Sanki mumiyadırlar. Pivə həvəskarı olan kök kişilərin qarnı çəllək kimi şişir. Çox dəhşətli iylənirlər.

Bizdən də ağır işi olanlar meyit maşınında çalışanlardır. Axı evlərdəki meyitləri morqa onlar daşıyır. O evdə isə nə ilə qarşılaşacağını bilmirsən. Girirsən evə, meyit çürüyüb. Otaq qurdla, tarakanla doludur. Hə, bir şeyi də deyim. Ev heyvanları, xüsusən də pişiklər sahibləri öldükdən sonra ac qalırlarsa, meyiti yeyirlər. Əsasən də, ölünün dili və gözləri pişiklərin ləziz yeməyidir”.

“Ver dostumuzun meyitini”

Azad danışır ki, ən ağrılısı, uşaq meyitlərinə baxmaqdı. Nə qədər öyrəncəli olsan da, pis təsir edir. Bayram günlərində meyitlərin sayı artır. Kimi intihar edir, kimi sərxoş halda binadan düşüb ölür: “Mən işləyən vaxtlarda Moskvada mafiya müharibələri qızışmışdı. Hər gün bandit meyiti “paçka” ilə gəlirdi. Bu üzdən problemimiz olurdu. Bir də görürdün ki, gecə bir neçə silahlı “bandit” gəlib ki, dostumuzun meyitini ver. Mən də icazəsiz verə bilmərəm axı. Başlayardılar hədə-qorxuya. Elə vəziyyət yaranırdı ki, düşünürdüm, indi özüm meyit olacam. Birtəhər yola verirdik.

Hər meyitin öz hekayəsi vardı. Bəzən gülməli hekayələr də olurdu. Bir kişi gətirmişdilər. Gedib qoşalülə tüfəng alıb ki, intihar etsin. Ölümqabağı intiharla bağlı ailəsinə məktub yazıb, masanın üstünə qoyub. Silahın lüləsini ağzına dirəyib atəş açmaq istəyəndə infarkt olub ölmüşdü. Kimin alnına nə yazılıbsa, odur.

Çox işləmədim. Sanitar işi mənlik deyildi. Düzdü, orda illərlə çalışanlar var. Hər şey insanın xarakterindən asılıdı. Sonra basqa iş tapdım. Morqda işləməyim barədə də yaxınlarıma danışmamışam. Bir dəfə doslarıma demişdim. Adama birtəhər baxırdılar”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm