Hizbullah liderindən xəbər alan məşhur türk kəşfiyyatçısı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hizbullah liderindən xəbər alan məşhur türk kəşfiyyatçısı - FOTOLAR

Türkiyədə varlığı rəsmi təşkilatlar tərəfindən hələ də təsdiq edilməyən Jandarma Kəşfiyyatı və Terrorla Mübarizə adlanan qurumun mayoru olmuş Əhməd Cem Ersəvər haqqında indiyədək çox sözlər danışılıb, çox kitablar yazılıb və bu cür söz-söhbətlər hələ də davam edir.

Türkiyədə 90-cı illər dönəmində qəhrəman obrazı yaratmış bu şəxs müasir Cənub-Şərqi Anadoluda PKK terrorçularına qarşı həyata keçirilən bütün məxfi əməliyyatlarda yaxından iştirak edib, silahlı qarşıdurmalara şəxsən qatılıb, PKK ilə əlaqədə olan, yardım və himayə edən bütün şəxslər və qurumlara qarşı əməliyyatlar keçirib və onların bir qismini ifşa edib.

Sonralar MHP-nin sabiq lideri olmuş Alparslan Türkeşin vəkili Emin Əmr tərəfindən sübut olunub ki, Ə.C.Ersəvərin Hizbullahın Türkiyə qanadının lideri Hüseyn Velioğlu ilə yaxşı münasibətləri olub və ondan çox yaxşı kəşfiyyat məlumatları alıb.

Vəkil Əmr deyirdi ki, bu iki şəxs xüsusilə 1989-1990 illərdə tez-tez görüşürmüş.

Vəkilin dediyinə görə, Ersəvər “düşmənimin düşməni dostumdur” prinsipi ilə hərəkət edirmiş. Hətta Ersəvər Hizbullahın dövlət tərəfindən qurulması iddialarını araşdırdıqdan sonra bu barədə fikirlərə inanmadığını bildirib.

Ersəvər 1993-cü ilin martında tanınmış general Əşrəf Bitlisin şübhəli ölümündən sonra bu hadisəyə etiraz olaraq istefaya gedir.

Həmin ilin mayında Milliyyət qəzetinə faksla özü barədə göndərdiyi “1984-cü ildən bu günə qədər edilən səhvlər, xəyanətlər və tərəddüdlər” başlıqlı məlumatlardan türk ictimaiyyətinin xəbər tutacağına inanır. Həmin ərəfədə o, Türkiyə mediası qarşısında Cəlal Tələbaninin xəyanətləri, PKK ilə əlaqələri, Cənub-Şərqdəki real vəziyyət və digər bu kimi məqamlarla bağlı açıqlamalar verir.

Ersəvərin “Cənub-Şərqi Anadolu baş verən hadisələrin həqiqətləri Türk millətindən gizlədilir” bəyanatından bir neçə ay sonra onun cəsədi 1993-cü il noyabrın 4-də Ankarada əlləri öndən bağlanmış və başından iki güllə atəşi açılmış şəkildə tapılır.

İndiyədək onun qatilinin kim olması bəlli deyil.

Məşhur “Kurtlar Vadisi” serialında Əhməd Cem Ersəvərin “Pala” adlı prototipi də canlandırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm