“Bitlz”ın qürubu - Con Lennon və Həzrəti İsa
Bizi izləyin

Bilgi.az

“Bitlz”ın qürubu - Con Lennon və Həzrəti İsa

60-ci illərin əvvəllərində “Bitlz” qrupunun meydana çıxması ilə rok musiqisinin tarixində yeni mərhələ başlanır. O dövr üçün rok-n-rol sadə əyləncə vasitəsi sayılsa da, qrupun “Sgt. Pepper” albomu rokun ciddi, müstəqil musiqi növünə çevrilməsinə səbəb olur.

Mahnılarında ictimai duruma qarşı etiraz, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən “Bitlz“ 60-cı illərin 1 milyondan çox diski satılan qrupu kimi məşhurlaşır. Bu illər onların ən uğurlu dönəmləri sayılır.

Qrup bir çox satış rekordu qırır. Yəqin ki bu gün də dünyanın ən tanınmış şou-biznes nümayəndələri “Bitlz“ın 60-cı illərdə 1 milyarddan çox val satışına çatmağı yalnız xəyal edə bilir. Bu rekordu qırmaq Maykl Ceksondan başqa heç kimə qismət olmayıb.

“Amerikanın fəthi”

İngiltərədə özünü təsdiq edən qrup ölkə sərhədlərinə üz tutur. Səfər Amerikayadır. Ancaq səbəb təkcə sənət və yaradıcılıq deyil. Şöhrətdən başı gicəllənən qrupu Amerika narkotiklə özünə çəkir. Axı Amerikada onlara lazım olan “şöhrət” sərbəst idi.

“Bitlz“ ştatlardan umduğu qədər narkotik tapsa da iddia etdiyi şöhrəti qazana bilmir. Məsələyə İngiltərədə menecerləri olan Brayan Epstayn qarışır və onun təşəbbüsü ilə "I Want to Hold Your Hand" mahnısı ərsəyə gəlir. Bir milyon val satmaq üçün cəmi 10 gün bəs edir. Beləcə, 10 günə Amerika fəth olunur. Artıq “Bitlz“ okeanın o tayında da ulduz idi.

Qrupun ilk canlı proqramını Amerikada, təxminən, 74 milyon adam izləyir. Amerika turnesində satdıqları biletlərdən 1 milyon dollar qazanırlar. Uğur ardınca uğur gəlsə də, qrup çəkildikləri “Help” filmində aləmə sosial mesajlarla car çəkməsinə baxmayaraq, narkotikə “yox” deyə bilmirlər.

Birinci lediyə rədd cavabı

Başgicəlləndirən şöhrət qalmaqalsız ötüşə bilməzdi. Uğurların ardınca dünya turneləri və qalmaqallar başlayır. 1966-cı ildə "Revolver" adlı albomla qrup tarixin ən böyük musiqi hadisələrindən birinə - roku önə çıxarmağa nail olur. Həmin il baş tutan Asiya turnesi isə ciddi problemlərin başlanğıcına çevrilir.

Yaponiyaya yollanan qrup konsertin “Nippon Budokan”da olmasını planlaşdırır. Sözügedən arenanın döyüş sənətləri mərkəzi olması sağçı yaponlar tərəfindən etirazla qarşılanır. Buna görə konsertlər ciddi polis mühafizəsi altında reallaşır.

Həmin ilin iyununda Filippinə gedən qrup, dövlət başçısının xanımı tərəfindən nahara çağırılır. Ancaq qrupun meneceri belə rəsmi dəvətləri qəbul etmədiyini açıqlayır. Ölkənin birinci xanımına qarşı “tərbiyəsizlik” edən qrupa Filippində nifrət yaranır. Filippindən ayrılarkən hücuma məruz qalan qrupa mühafizə üçün polis belə verilmir.

Başı qalmaqaldan açılmayan qrup bu dəfə “Bitlz“ ən məşhur üzvü Con Lennonun ağzından çıxan sözün bəlasına düşür. Lennon “Bitlz“ tərəfdarlarının indi əzbər bildiyi o məşhur ifadəni dilə gətirməkdən çəkinmir – “Bitlz“ həzrəti İsadan daha məşhurdur” və Amerikada böyük etirazlar baş qaldırır; “Bitlz“ valları yandırılmağa başlanır, Lennon daha sonra üzr istəsə də, hirs soyumur, nəhayət, Vatikan onu 2008-ci ildə bağışladığını elan edir.

Polun “ölümünü” təsdiqləyən ayaqqabısız foto

Söylənənlərə inansaq, 1966-cı ildə qrup üzvü Pol Makkartini maşın vurur. Hadisə onların konsertlərinin ən qızğın vaxtlarına təsadüf edir. Öldüyü deyilən Polun yerinə qrupa oxşarı dəvət edilir. Əslində, bu qrup üzvlərinin həzm edəcəyi hadisə deyildi.

Gəl ki, ard-arda uğursuzluqlar, pulsuzluq, depressiya “Bitlz“ı real addım atmağa vadar edir. Amma yenə də Makkartinin mübhəm ölümündən sonra yerinə dublikatının gətirilməsini təhqir kimi qəbul edən qrup, fanatlarına bu sirri açmaq istəyir. Qərara gəlirlər ki, albomun qapaqlarında və mahnılarda gizli şifrələr yerləşdirilsin.

Bu minvalla “Abbey road” albomunun qapağında qrupun 4 üzvündən, yalnız Polun ayaqqabısız fotosu yer alıb. Çılpaq ayaq isə Hind mədəniyyətində ölülərə işarədir. “Sgt. peppers lonely hearts club bant” albomunun qapağında verilən məzar şəklinin üstündə isə “Pol” yazıldığı iddia olunur.

“I am so tired” adlı mahnının sonundakı sözlər tərsinə oxunduğunda isə “Paul his a dead man miss him miss him” (“Pol ölüb, onsuz darıxırıq”) mesajını verirlər.

Con Lennon: “Hər şey olduğu kimi qaldı...”

...Aylar, günlər keçdikcə işlər daha da pisləşir. Məşhurluğun zirvəsində olsalar da, qrup üzvləri arasında problemlər yaşanır. Qrup ən son konsertini 1969-da icazəsiz olaraq bir damda təşkil edir. Elə həmin ildə qrupun “ürəyi”- Lennon yoldaşlarına “Bitlz“dan ayrıldığını söyləyir. 1970-ci ildə Corc Harrisonun bəstəsi olan “I Me Mine” qrupun son mahnısı olur. Bu nəğmədə, artıq Lennonun adına rast gəlinmir...

Beləliklə, 1970-ci ildə “Bitlz“ dünyanı heyrətə salan qərar qəbul edir, mətbuat “Beatles“ üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Lennon bu haqda danışacaqdı: “Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq. Amma hər şey olduğu kimi qaldı. Afrikada silah satılır, “qaraları” küçədə öldürürlər, insanlar kasıbçılıq çəkir, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəbli cındırlarda gəzirlər. Mən daha “Bitlz“ barəsindəki əfsanəyə inanmıram”. Bundan sonra qrup bir daha birləşmir.

“İsa pis deyildi, davamçıları küt idilər”

Qrupdan ayrılanda Lennon şöhrət baxımdan heç də “Bitlz“dan geri qalmırdı. Ona pərəstiş edənlərin sayı hədsiz idi. “Ucuz yerlərdə oturan hər kəsin alqışlamağını xahiş edirəm. Qalanları öz bər-bəzəklərini göstərməklə kifayətlənə bilərlər”- bu da onun sözləridir. O “ucuz yerlərdə oturanların” müğənnisi idi. Onu sevənlər arasında “varlı londonlular” az idi.

O, təkcə dəlisov musiqisi ilə deyil, qəribə çıxışları və müsahibələri ilə də çoxlarının sevimlisinə çevrilmişdi. Ancaq çıxışlar bəzilərini özündən çıxarırdı. Günün birində Lennonun qəzetlərdən birinə verdiyi müsahibəsi dərc olunur. Müsahibədəki açıqlamalar onun ölümlə hədələnməsi və qatı xristianlar tərəfindən təhdid edilməsinə səbəb olur.

Sitat: “Xristianlıq gedəcək. O itəcək və quruyacaq. Mübahisə etməyə ehtiyac yoxdur, gələcək bunu sübut edəcək. Hazırda biz İsadan daha məşhuruq. Bilirəm ki, hansı daha tez yoxa çıxacaq - rok-n-rol və ya İsa. İsa pis deyildi, lakin onun davamçıları küt və adi idilər. Məhz onların bu təhrifi məndəki xristianlığı boğur”. Bir müddət sonra Lennon Timoti Lirinin “Psixodelik təcrübə“ kitabından təsirlənərək narkotikə qurşanır. Bu onun həm səhhətinə, həm də qrupdakı roluna təsir edir.

Lennonun qatili: “Onu pərəstişkarlarına da qısqanırdım”

Qrupun dağılmasına baxmayaraq, onlar bəzən kiçik barlarda konsertlər verirlər. Bəzən konsertləri Con özü təşkil edir. O, həm də jurnalistlərlə yaxın dostluq edirdi. 1980-ci ilin dekabrında amerikalı jurnalistlə müsahibəsindən sonra Lennon pərəstişkarları ilə şəkil çəkdirib, imza verir. Müsahibə zamanı ondan imza alıb, şəkil çəkdirmiş fanatı Mark Çepmen evinin qarşısında Cona beş atəş açır.

Güllələrin dördü Conun bel nahiyəsinə tuş gəlir. Çoxlu qan itirən Conu xəstəxanaya çatdıranda artıq gec idi. Lennonun qatili isə onu dəlilər kimi sevən pərəstişkarı idi. Mark Çapmen onu o qədər sevirmiş ki, hətta sonralar açıqlamasında “Mən onun dəli kimi vurğunu idim. Onu pərəstişkarlarına da qısqanırdım. Onu sevənlər o qədər çox idi ki, mən onların hamısını öldürə bilməzdim. Amma Con Lennonu öldürməklə onu hamıdan ayıra bildim və bilirəm ki, ömür boyu Con Lenonun adının yanında Mark Çepmenin də adı hallanacaq“, - deyir. Çapmen ömürlük həbs cəzası alır. Ömrünün 20 ilini həbsdə keçirən Çapmen bir neçə dəfə əfv olunması ilə bağlı müraciət etsə də, rokçunun həyat yoldaşı Yoko Ono onun həbsdə saxlanılması tələbi ilə 2 dəfə məhkəməyə müraciət edib.

Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm