“İnsan özündən əvvəl xalqını təmsil edir”
Bizi izləyin

Bilgi.az

“İnsan özündən əvvəl xalqını təmsil edir”

1937.az hazırda Nyu-Yorkda yaşayan həmyerlimiz, “Meridian İnternational Media” şirkətinin rəhbəri Pərvanə Abbaspur ilə müsahibəni təqdim edir.

– Pərvanə xanım, istərdim ki, Sizi Azərbaycan oxucusuna təqdim edim. Bir qədər özünüz haqqında məlumat verərdiniz.

– Təşəkkür edirəm. Əvvəla onu deyim ki, mən Bakıda doğulmuşam. Uzun müddət Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində (AzTV) işləmişəm. 2000-ci ildə ailəmlə bərabər Amerikaya köçmüşəm. Hazırda Nyu-York şəhərinin Sosial təminat şöbəsində işləyirəm. Eyni zamanda, media sahəsi ilə də məşğul oluram. Amerika Jurnalistlər Assosiasiyasının üzvüyəm. “Meridian İnternational Media” Şirkətinin rəhbəriyəm. Yerli media ilə, Azərbaycanın Amerikadakı rəsmi qurumları ilə və diasporamızla birgə işləyirik. Ölkəmizlə bağlı keçirilən müxtəlif tədbirlərə informasiya dəstəyi veririk.

– Bildiyimiz kimi, bir müddət Nyu-Yorkda çıxan “Azərbaijan Review” qəzetinin Baş redaktoru olmusunuz.

– Bəli. Mən 2007-ci ildən 2010-cu ilədək “Azerbaijan Review”qəzetinin Baş redaktoru olmuşam. Qəzet BMT-dəki daimi nümayəndəliyimizin dəstəyi ilə çıxırdı. Əsas məqsədimiz Azərbaycan həqiqətlərinin yayılması, elminin, tarixinin, incəsənətinin, ədəbiyyatının Amerikada tanıdılması idi. Demək olar ki, istəyimizə müəyyən dərəcədə nail ola bildik. Sonradan orada fəaliyyət göstərən Türk Radiosunda dörd saatlıq Azərbaycan proqramı hazırlamağa başladıq. Mənim türk qardaşlarımızın radiosunda “Şənbə qonağı” adlı daimi rubrikam var idi. Bu verilişə həm yerli, həm əcnəbi qonaqları dəvət edirdik. Müxtəlif peşə sahibləri ilə Azərbaycanla bağlı söhbətlər aparırıdıq. İndi müstəqil olaraq öz onlayn radiomuzun yaradılması prosesi gedir. Televiziya və qəzet layihələrini də yeniləşdirməyi planlaşdırırıq.

– Azərbaycana səfərinizin səbəbi nədir?

– Xüsusi bir səbəb yoxdur. Yaydır, istirahət üçün evimizə gəlmişəm. Burada ailəm, dostlarım, həmkarlarım var. Bakını bir daha görmək, onun necə dəyişildiyini yaxından müşahidə etmək istədim. Bakı həqiqətən son illər çox gözəlləşib. Dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

– Nyu-Yorkda Azərbaycanı təbliğ edirsiniz. Hansı çətinliklərlə üzləşirsiniz?

– Açığı, əvvəllər Nyu-York mətbuatına, tele-radiosuna çıxmaq çətin idi. Azərbaycan haqqında yanlış fikirlər, qərəzli məlumatlar çox yayılmışdı. İndi demək olar ki, bu problem aradan qaldırılıb. Azərbaycan həquiqətləri yayılmağa başlayıb, xüsusən Ermənistanın təcavüzü ilə bağlı. Azərbaycan dövləti gücləndikcə bu məsələlər həll olunur. Bizim diplomatik nümayəndəliklərimiz ilə sıx əlaqələrimiz var. Bir sıra tədbirlərimizi onlarla birgə keçiririk. Eşitdiyimə görə, bu yaxınlarda Azərbaycan Prezidenti xaricdəki diplomatik korpuslarımızın rəhbərləri ilə xüsusi müşavirə keçirib. Prezidentimiz diplomatlara xaricdə yaşayan diaspor və media nümayəndələri ilə sıx əlaqədə işləməyi, onlarla birgə çalışaraq Azərbaycan həqiqətlərini daha vüsətlə yaymağı, məlumatları daha dolğun və dəqiq şəkildə çatdırmağı tapşırıb. Peşəkarlıq və məlumatlanma baxımından Prezidentin belə tövsiyələri bizə çox kömək edir. Hələ 2011-ci ildə Prezident İlham Əliyev Nyu-York səfəri zamanı diaspor nümayəndələri ilə görüşəndə bizə bu istiqamətdə tövsiyələrini vermişdi. O vaxt mən də cənab Prezidentə görülən işlər barədə ətraflı məlumat verdim. Və onun çox dəyərli məsləhətləri, tövsiyələri oldu.

– Azərbaycan mədəniyyəti Amerikada necə təbliğ olunur?

– Demək olar ki, bizim bir çox diaspor təşkilatlarımızın proqramına mədəni tədbirlərin keçirilməsi daxildir. Milli musiqimizi, rəqslərimizi, mətbəximizi yetərincə tanıtmağa çalışırlar. Hesab edirəm ki, bunlar hələlik kifayət deyil. Xarici ölkələrə mədəniyyət nümayəndələri ilə yanaşı, elm adamlarını, müxtəlif sahələr üzrə mütəxəssisləri dəvət etmək lazımdır. Onlar Azərbaycan həqiqətləri barədə daha dolğun məlumatlar verə bilərlər. Məsələn, Kolumbiya Universitetində bir ənənə var, onlar hər il millətləri öyrənən qeyri-hökumət təşkilatı ilə birgə böyük konfrans keçirirlər. Ora dünyanın əllidən artıq ölkəsindən nümayəndələr dəvət olunur. Və hər nümayəndə öz ölkəsi, milləti haqqında toplaşanlara ətraflı məlumatlar verir, mühazirələr oxuyur, filmlər göstərir, kitablar paylayır... Dəvətlilər bu mövzu ətrafında müzakirələr aparır və həmin ölkə və millət haqqında daha geniş informasiyalar alırlar. Bizim də bəzi alimləri orada görmək olur. Ancaq bu, azdır. Azərbaycandan ingilis dilini bilən daha çox alimlərin bu tədbirlərdə iştirakını təmin etmək lazımdır ki, onlar Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar. Çünki ermənilər belə tədbirlərə mütəmadi qatılır, haqqımızda bədxah fikirlər yayırlar.

– Nyu-York dünyanın ən böyük şəhərlərindən biridir. Bəs sadə Nyu-Yorklu Azərbaycanı tanıyırmı?

– Əvvəllər demək olar ki, heç tanımırdılar. Ancaq son bir neçə ildə bu yöndə çox güclü işlər gedir. Artıq haqqımızda məlumatlar yayılır. Düzdür, yenə də tanımayanlar var, amma tanıyanlar daha çoxdur.

– Bəs Azərbaycanı hansı tərəfdən tanıyırlar. Axı erməni diasporası uzun illər ölkəmizin əleyhinə anti-təbliğat aparıb.

– Elə indi də aparırlar. Əvvəllər amerikalıları bizim həqiqətlərə inandırmaq çox çətin olurdu. “Azərbaycan Review” qəzetinin əsas məqsədi də Azərbaycanı tanıtmaq idi. Biz nəinki azərbaycanlı alimlərin, yazıçıların, hətta digər millətlərdən olanların da Qarabağ haqqında obyektiv yazılarını dərc edirdik. Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatları oxuculara təqdim edəndə onlar əvvəllcə inanmırdılar. Çünki Amerikada da ermənilər özlərini “soyqırım”a məruz qalan məzlum xalq kimi təqdim etmişdi. “Xocalıya Ədalət” kampaniyası bütün dünyada, o cümlədən, Nyu-Yorkda da geniş yayılıb. Bütün bunların nəticəsi olaraq artıq insanlar bilir ki, ermənilər torpaqlarımızı işğal edib, bizim bir milyona yaxın qaçqınımız var. Məqamı düşdükcə biz bu həqiqətləri çatdırmağa çalışırıq.

Bu yaxınlarda Respublika Günü münasibətilə bir tədbirimiz oldu. “My way” adlı təşkilat Azərbaycan mövzusunda sərgi təşkil etmişdi. “My way to love Azerbaijan” adlı bu sərgiyə informasiya təminatını “Meridian İnternational Media” Şirkəti verirdi. Nyu-Yorkda yaşayan müxtəlif millətlərdən olan uşaqların Azərbaycan haqqında çox maraqlı rəsmləri sərgiləndi. Amerikalı uşaqlar hətta Şuşa haqqında da şəkillər çəkmişdilər.

– Orada Azərbaycan dilini tədris etmək üçün məktəb yaratmışdınız. Bu məktəblə hansı işləri görə bildiniz.

– Mən həmişə təhsilə xüsusi əhəmiyyət vermişəm. Həmin layihənin də məqsədi o idi ki, Amerikada yaşayan azərbaycanlı uşaqlara doğma dilimizi, adətlərimizi, mədəniyyətimizi öyrədək, onlar başqa millətlər arasında assimilyasiyaya uğramasınlar. Ancaq sonradan gördük ki, digər millətlərdən olanlar da dilimizə maraq göstərir. Onları da sinfimizə qəbul etdik. Bir müddət müəyyən maddi çətinliklərimiz oldu. Hətta mən dərsləri uzun müddət öz evimdə keçirdim. Müxtəlif yaş qruplarında təxminən iyirmiyədək şagirdimiz var idi. Ən kiçiyi üç yaşında idi. Dərslərimiz çox maraqlı keçirdi. Mən iki il bu dərsləri apardım.

– “Azərbaycan Review” qəzetinin Sizin rəhbərlik etdiyiniz saylarına baxanda xüsusi olaraq diqqətimi ədəbiyyat çəkdi. Sanki ədəbiyyata qarşı xüsusi bir marağınız var.

– Həqiqətən uşaqlıqdan ədəbiyyata marağım var. Klassikləri çox sevirəm. Bu sevgi mənə atamdan keçib. Atam Təbrizdə doğulub, sonradan Bakıya gəlib. Biz hamımız burada doğulmuşuq. Atam ədəbiyyatı çox sevərdi və özünün də şairliyi var idi. Ərəb-fars dillərini yaxşı bildiyi üçün Nizami, Füzuli, Sədi, Hafiz və başqa dahilərin yaradıcılığını mənə izah edirdi, maraqlı təhlillər aparırdı. Hətta əruz vəzninin on yeddi bəhrinin hamısını mənə öyrətmişdi. Özüm də məqalə və araşdırmalardan başqa, şeirlər, hekayələr yazıram, tərcümələr edirəm.

“Azerbaijan Review” qəzetində Azərbaycan yazıçılarının əsərlərinin tərcüməsini verirdik. Yazıçı-publisist Akif Əlinin yeni çapdan çıxmış “Azman” kitabının redaktoruyam. Hazırda şirkətimizin xətti ilə Nyu-Yorkda onun ingilis variantını çapa hazırlayırıq. Mən daha çox klassiklərə üstünlük versəm də, bildiyimə görə, müasir gənclərimizin arasında da istedadlı yazarlar var. Xüsusi fərqləndirmək istəmirəm, hamısı bir vətən üçün çalışır. Ona görə də ad çəkmirəm. Əsas odur ki, bu gənclər keçmiş Sovet ideologiyasından fərqli düşünə bilirlər.

– Uşaqlarınız Azərbaycanla maraqlanırmı?

– Mənim uşaqlarım Bakıda təhsillərini rusca başlayıb, Nyu-Yorkda ingiliscə davam etdirsələr də, doğma Azərbaycan dilini təmiz bilirlər. Çünki biz evdə yalnız azərbaycanca danışırıq. Bizim evdə Azərbaycana sevgi çox böyükdür.

– Uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışmışınız.

– Bəli, düz 23 il... Mənim iki təhsilim var. Birinci təhsilim iqtisadiyyat, ikincisi jurnalistikadır. İşə AzTV-də “Qonorar” şöbəsində başlamışam, sonra isə jurnalistika ilə məşğul olmuşam. Radioda, televiziyada çoxlu materiallarla çıxış etmişəm, xəbərlər, süjetlər, oçerklər yazmışam, ədəbi səhnələşdirmələr, tərcümələr etmişəm... Dövri mətbuatda məqalələrim olub...

– Azərbaycan oxucusuna nə demək istərdiniz?

– İnsan nə qədər yaşayırsa, bir o qədər də öyrənir. Öyrəndikcə də nə qədər az bildiyini görür... Ona görə də insan daim öz üzərində işləməlidir, öyrənməlidir, inikşaf etməlidir. Hər kəs düşünməlidir ki, harda olsa da, nə işlə məşğul olsa da, o özündən əvvəl Vətənini, Xalqını təmsil edir.

1937.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm