Nəqliyyat sektoru bahalaşmaya istiqamətlənib
Bizi izləyin

Bilgi.az

Nəqliyyat sektoru bahalaşmaya istiqamətlənib

Ötən ay hava nəqliyyatında iyul ayına nisbətən sərnişindaşıma tarifləri MDB ölkələri üzrə 4,2 faiz bahalaşıb. Digər xarici ölkələr üzrə isə 11,8 faiz ucuzlaşma müşahidə olunub. Bu haqda Dövlət Statistika Komitəsi məlumat verir. Qeyd edək ki, iyul ayında hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 8,2 faiz, digər xarici ölkələr üzrə isə 13,8 faiz bahalaşma qeydə alınıb.

Avtomobil, metro və dəmir yollarında sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik baş verməyib. Artıq bu istiqamətdə də qiymətlərin artımına zəmin yaranıb. Belə ki, ötən ilin sonunda benzinin və dizelin qiymətinin bahalaşması dolayı yolla bütün nəqliyyat sektorunun rentabelliyinə təsir göstərib.

Hava nəqliyyatı Tarif Şurası tərəfindən tənzimlənmədiyindən bu sahədə həm sərnişin, həm də yükdaşımalarında ciddi bahalaşmanın şahidi oluruq. Digər sahələrdə isə qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Bu səlahiyyətdən istifadə edən hökumət inzibati yollarla gediş haqlarını sabit saxlamağa çalışır. Lakin yükdaşımalarına inzibati üsullar öz təsirini göstərə bilmir və qiymətlər aydan-aya yüksəlir.

Bu arada avtobuslarda şəhərdaxili və şəhərdənkənar gediş haqları artırılıb. İstiqamətləri dəyişən bəzi marşrut xətlərində qiymətlər 30 və 35 qəpiyə qədər bahalaşıb. Nəqliyyat Nazirliyi bunu bahalaşma adlandırmağı doğru hesab etmir. Nazirlikdən bildirirlər ki, qiymət artımına səbəb marşrut xətlərinin yolunun uzadılmasıdır. O zaman eyni məntiqlə həmin yolu qısaldılan marşrutlarda qiymətlərin aşağı düşməsi müşahidə edilməli idi. Lakin hələ ki, bunun şahidi olmuruq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də "anspress"ə bildirib ki, hazırkı gedişhaqqı rentabelli deyil. "Sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin qiymətin artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqlarının artımı üçün metropoliten tərəfindən Tarif Şurasına müraciət daxil olmayıb", - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yaxın günlərdə metroda gediş haqlarının artacağı barədə xəbərlər yayılıb. Hətta bəzi rəylərə görə, "28 may" stansiyası yeni təmirdən çıxdıqdan sonra gedişhaqqı 30 qəpik olacaq.

Ümumiyyətlə, nəqliyyat sektorunda hesabatlılıq olmadığına görə bu sahəni idarə edən qurumların xərclər və gəlirləri barədə məlumat əldə etmək çətindir. Bu səbəbdən rentabelliliyin aşağı olmasının, xərclərin gəlirləri ödəməməsinin kökünü araşdırmaq və təhlil etmək mümkün deyil. Özü də bu qurumların hər biri xərclərini ödəmək üçün dövlət büdcəsindən böyük həcmdə dotasiya alır. Hər dəfə qiymətlər bahalaşanda dotasiyaların azaldılacağını əsas gətirirlər. Amma fərqli bir situasiya ilə qarşılaşırıq: hər il büdcədən bu sektora yönəldilən yardımların həcmi artır.

İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a şərhində nəqliyyat sektorunun ölkə iqtisadiyyatının əsas qolu olduğunu vurğulayıb: "Amma təəssüf ki, bu sahədə lazımi iqtisadi inkişafa nail ola bilməmişik, idarəçilik bərbad vəziyyətdədir. Məsələn, dəmir yolları tamamilə batır. Son beş ildə dəmir yolları təxminən 4 milyona yaxın sərnişin itirib. Eyni vəziyyət hava və dəniz yollarında da hökm sürür. Avtomobil yollarında isə nəqliyyatın intellektual idarə edilməsi layihəsi fiaskoya uğradı, şəhərdə tıxac problemini həll etməkdə aciz qalıblar. Metropolitendə də gediş haqlarının qalxacağı ilə bağlı məsələ ortaya çıxıb. Bütün bunlar ümumi nəqliyyat sisteminin idarəçiliyinin bərbad olduğunu göstərir".

N.Əliyevin sözlərinə görə, metro sistemi bütün dünyada rentabelli işləmir. Ancaq ekspert deyir ki, Azərbaycanda bu sahədə rəhbərlik dəyişsə də, hələ ki, xaos hökm sürür: "İndiki problemlərin hamısı zaman-zaman yığılıb. Vaxtilə bu sahəyə yönəldilən vəsaitlər, investisiya xərcləri təyinatından yayındırılıb. İndi metropolitendən bildirilir ki, gəlirlər xərcləri ödəmir. Bir neçə il əvvəl burada gediş haqları bahalaşanda da eyni iddianı ortaya qoydular. Hər dəfə qiymətlər artırılandan sonra xərclərin gəlirlərin üstələməsi tendensiyası niyə aşağı düşmür? Doğrudur, metropoliten sahəsində vəziyyəti dəqiq analiz etmək üçün hesabatlara baxmaq lazımdır. Təəssüf ki, bu sahədə heç bir hesabatlılıq yoxdur".

Ekspertə görə, xərclər strukturunda kifayət qədər lüzumsuz xərclər mövcuddur: "Əlavə xərclərə o qədər yol verilir ki, ona görə metropolitenin büdcəsi şişirdilib. Maliyyə təsərrüfat sistemində islahatlar aparsalar, bu xərclər kifayət qədər azala bilər. Eyni şişirtmələr dəmir, dəniz və hava yollarında da var. Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş aparmalıdır. Çünki bu cür fəaliyyət "rentabelliyə" təsir göstərir və büdcədən əlavə dotasiyaların ayrılmasına gətirib çıxarır".

İqtisadçı deyir ki, rentabelliyi təmin etmək üçün nəqliyyat sahəsində məşğul olan dövlət qurumları xərclərini aşağı salmalıdır, nəinki, gediş haqlarının artımına getmək: "Heç vaxt xərclərin aşağı salınması istiqamətində işlər həyata keçirilməyib, həmişə gediş haqlarını qaldırmaqla sadə vətəndaşların cibi hesabına xərcləri ödəməyə çalışıblar". /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm